dini radikalizm və ekstremizmlə mübarizə

Boks Olimpiada proqramından çıxarıla bilər

Boks Olimpiada proqramından çıxarıla bilər
Beynəlxalq Olimpiya Komitəsi (İOC) Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) maliyyələşdirilməsini dayandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə İOC prezidenti Tomas Bax qurumun İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında açıqlama verib.

Almaniyalı funksioner bildirib ki, İOC boksun bu il Argentinada keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunları və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının proqramına salınma məsələsinə yenidən baxa bilər.

Bax AİBA-nın idarəetmə sisteminin araşdırılmasına başlanıldığını və ali boks təşkilatı ilə bütün təmasların dondurulduğunu vurğulayıb. İOC İcraiyyə Komitəsi AİBA-dan aprelin 30-dək yeni hesabat gözlədiyini də bəyan edib.

Xatırladaq ki, ötən ilin noyabrında AİBA İcraiyyə Komitəsi Çinq-Kuo Vunun qurumun prezidenti vəzifəsindən müvəqqəti kənarlaşdırılmasına dair qərar qəbul edib. Səbəb kimi maliyyə sərfiyyatı da daxil olmaqla, bir sıra nizam-intizam ittihamları göstərilib.

Həmin ayın sonlarında tayvanlı Vu 11 ilədək rəhbərlik etdiyi təşkilatdan istefa verib. Onun səlahiyyətlərini AİBA-nın vitse-prezidenti, italiyalı Franko Falçinelli yerinə yetirib. Yanvarın sonlarında isə bu vəzifə müvəqqəti olaraq, özbək Qafur Rəhimova həvalə olunub.

Qeyd edək ki, AİBA 2011-ci ildə Azərbaycanın “Gilan Holdinq” şirkətinə məxsus olan Benkons MMC-dən 10 milyon dollar kredit alsa da, hələ qaytarmayıb. Bugünlərdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş Növbədənkənar Konqresdə həmin vəsaitin ödənişinə 2021-ci ildən başlanılmasına dair qərar qəbul olunub.

AİBA Honq Konqun FCIT şirkətindən 19 milyon İsveçrə frankı borc götürsə də, qatarmayıb. AİBA-nın öz işçilərinə 1 milyon dollar borcu yığılıb.

Oxunub: 891
Oxşar xəbərlər
SON XƏBƏRLƏR