dini radikalizm və ekstremizmlə mübarizə

Generalın oğlu ilə birlikdə tutulan şəxslər apellyasiya şikayəti verib

Generalın oğlu ilə birlikdə tutulan şəxslər apellyasiya şikayəti verib
Xuliqanlıqda təqsirləndirilərək Rüstəm Orucovla birlikdə həbs edilən Kənan Vəliyev və Pərviz Abbasovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Bu barədə APA-ya K. Vəliyevin vəkili İlyas Kərimov məlumat verib. O bildirib ki, şikayətə yaxın vaxtlarda Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, R. Orucovun müdafiəçiləri də apellyasiya şikayəti verib.

Binəqədi Rayon Məhkəməsinin hökmünə əsasən, R. Orucov 1 il 6 ay avtomobil idarəetmə hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Kənan Vəliyev və Pərviz Abbasovun hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Onlar məhkəmə zalında həbs edilib.

Hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilir ki, ötən il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı, 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçdığına üçün 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.

R. Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin keçmiş rəisi, general Novruzəli Orucovun oğludur. N. Orucov hadisədən sonra tutduğu vəzifədən azad edilib.

Oxunub: 740
Oxşar xəbərlər
SON XƏBƏRLƏR