dini radikalizm və ekstremizmlə mübarizə

Məhkəmə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş nəzarətçisi barəsində axtarış qərarı çıxarıb

Məhkəmə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş nəzarətçisi barəsində axtarış qərarı çıxarıb
Bu gün Bakı Apellyasiya Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş nəzarətçisi Rövşən Əhmədovun barəsində olan bəraət hökmündən dövlət ittihamçısının protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Bu barədə "Report"a Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevin vəkili Ceyhun Yusifov məlumat verib.

Onun sözlərinə görə, prosesdə R.Əhmədovun növbəti dəfə məhkəməyə gəlmədiyi elan olunub.

Vəkil bildirib ki, məhkəmə R.Əhmədivun barəsində axtarış qərarı çıxarıb.

Qeyd edək ki, R.Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri, Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevin, onun qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevanın qızıllarını mənimsəməkdə ittiham edilib.

İttihama aktına əsasən o, qohumu Ç.Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.
Törətdiyi əmələ görə 2016-cı ilin aprelin 18-də R.Əhmədova qarşı Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Sonradan cinayət işinin istintaqının davam etdirilməsi Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona CM-in 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə yeni məzmunda ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əhmədovun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib. Hazırda şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Xatırladaq ki, R.Əhmədov azadlığa buraxılandan sonra sabiq müşavirlə bağlı ciddi ittihamlar səsləndirib. Daha sonra Ç.Baxşıyev Nərimanov Rayon Məhkəməsinə müraciət edib. O, ərizəsində qeyd edib ki, R.Əhmədov onu 10-dan artıq ağır cinayətdə ittiham edib. Ç.Baxşıyev şərəf və ləyaqətinin alçaldıldığını bildirərək R.Əhmədov barəsində CM-nin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi üzrə cəzanın yuxarı həddində hökm verilməsini tələb edib.

Məhkəmənin hökmü ilə R.Əhmədov 1 il 6 ay müddətinə islah işlərinə cəlb edilib və onun barəsində polisin nəzarətinə verilməklə iltizam tədbiri seçilib. Hökmdən narazı qalan R.Əhmədov apellyasiya şikayəti verib.

Onu da bildirək ki, R.Əhmədov bir neçə gün əvvəl yaşadığı evdə dərman içib. Ailə üzvləri onu 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırıb. Onun həyatını xilas etmək mümkün olub.

Məlumata görə, R.Əhmədovun cibindən məktub çıxıb. O, məktubda intihar etməsinin səbəblərini qeyd edib. Bildirib ki, intihara səbəb keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri, Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevdir. Həmçinin ailəsinin təhlükədə oluğunu qeyd edib.

İki gün öncə gecə saatlarında isə R.Əhmədov müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) palata yoldaşının "sistem şüşəsi"ni sındıraraq, öz əl-qolunu və boynunu kəsib. Hadisə yerinə dərhal gələn həkimlər onun intihar etməsinin qarışısını alıb, xəstəxanaya polis əməkdaşları çağırılıb. Daha sonra R.Əhmədov Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına köçürülüb. O, hazırda həmin xəstəxanada müalicə alır.

Oxunub: 725
Oxşar xəbərlər
SON XƏBƏRLƏR