Главная > Gundem > Qürbət eldən gələn səs.

Qürbət eldən gələn səs.


30-07-2020, 19:52. Разместил: djbaz

Haqqında söhbət açacağım Şəhrizad xanım Abu Dabi Dövlət Universitetinin əməkdaşıdır. Onun imzası yalnız şərqşünas şairə kimi deyil, həm də elmi-araşdırmaçı, tədqiqatçı kimi də tanınır. Bir neçə kitabın müəllifidir. Həmçinin tərcüməçilik fəaliyyəti ilə də məşğul olur. Qürbətdə yaşasa da ürəyi Azərbaycan həsrəti, Azərbaycan məhəbbəti ilə döyünür.
Şəhrizadın görkəmli şərqşünas alim Aida İmanquliyevanın elmi fəaliyyəti haqqında yazdığı kitab ərəb oxucularının böyük marağına səbəb olmuşdur. Müəllif Aida İmanquliyevanın ərəbşünas kimi şərqşünaslıq elminə verdiyi qiymətli töhfələrdən söhbət açmaqla Azərbaycan alimini ərəb dünyasında tanıtmağı hədəf götürmüş və buna da uğurla nail olmuşdur.
Şəhrizadın yaradıcılığı çoxşaxəlidir. Özünəxas poetik dili və üslubu onu oxuculara daha da yaxınlaşdırır və sevdirir. Şəhrizadın poetik sözündə, şeirlərində bir dünya yaşayır. Poeziyaya sığan bir dünya! Onun şeirlərində dünya kiçilir, ölkələr, qitələr arasındakı uzun-uzun məsafələr qısalır, dünya bir ovuc olur sanki...
Qürbətdə yaşasa da ondan ötrü dünya vətəndən, vətən isə doğulduğu eldən, obadan başlayır. İnsan öz yurduna nə qədər bağlı olarmış?! Şəhrizadın hər sözündə, hər misrasında bunu aydın görmək olar.
Şəhrizadın şeiriyyəti ilə yanaşı bədii publisistikası da cəlbedicidir. Onun publisistik dili də şeirləri kimi o qədər rəvan və poetikdir ki, oxuduqca oxumaq istəyirsən.
Onun sözlə yaratdığı, çəkdiyi poetik mənzərələr mənə də yaxşı tanışdır. Şəhrizadın hər sözündə, hər misrasında mən fikrən doğma yurdumu qarış-qarış gəzdim, kövrək xəyalların qanadlarında Araz çayından ta Ziyarət dağınacan dolaşdım, bu diyarın saf havasını uddum, bu torpağın qoxusunu, güllərin, çiçəklərin ətrini aldım, çinar kəhrizin diş sızladan buz kimi suyundan içdim.
Düşmən tapdağı altındakı Qarabağımızın dərdini, münaqişənin gerçək mahiyyətini ərəb oxucuları Şəhrizadın yazılarında yaxından öyrənə bilir, bu haqda ətraflı məlumat alır. Bu barədə qələmə aldığı yazılar BƏƏ-nin dövri mətbuatında dərc edilir, televiziya proqlamlarında işıqlandırırlar.
Şəhrizadın yaradıcılığında vətənin çağdaş mənzərəsi sadəcə bir təsvir kimi deyil, eyni zamanda tarixilik bir mahiyyət daşıması kimi də diqqəti cəlb edir. Bu sayaq yanaşmadan oxucu maraqlı məlumatlar əldə edir. Onun poeziyasında da, bədii publisistikasında da dövrin, zamanın qovşağından isə sabah, gələcək görünür, ümid, arzu və istək dolu gələcək...
Onun gördüyü işlər çoxdur. Hətta heyrət edirsən ki, insan təkbaşına bu işləri necə yerinə yetirir?! Şəhrizad çətinliklərdən qorxmur, yorulmur. Əksinə çətinliklərdən həzz almağı bacarır. Bu isə stimul deməkdir. O Azərbaycanın haqq səsini hər yerə çatdırmağa çalışır. İştirak etdiyi simpoziumlarda, beynəlxalq konfranslarda ölkəmiz haqqında yazdığı maraqlı məqalələrlə çıxış edir. Bir vətən övladı kimi onun yazılarında yurd yanğısı, torpaq ağrısı ilə yanaşı sabaha inam, ümid işığı da yanmaqdadır. Bu qürbətdə yaşayan, amma qəlbi həmişə vətən həsrəti ilə döyünən övladın ürəyində yanan işıqdır, şəfəqi, şöləsi gəlib bizə də çatır. Vətən sevdalısı Şəhrizad xanıma yeni-yeni uğurlar arzulayırıq.


Tanınmış yazıçı-publisist Kamil Əfsəroğlu
Azərbaycan radiosu - Çağdaş qələmlər verlişi 2015-ci il.
Вернуться назад