Главная > Gundem > Fariz ÇOBANOĞLU - 50

Fariz ÇOBANOĞLU - 50


10-04-2020, 09:09. Разместил: djbaz

Aprel ayının 10-da qələmdaşım, həmkarım Farzi Çobanoğlunun doğum günüdür. Özümə söz vermişdim ki, dünyamızın salamat çağında mətybuatımızda bu yazını çap etdirim. Amma kooronavirus imkan vermədi ki, dostuma bir hədiyyə edə bilim. Ona görə dostumu buradan – sosial şəbəkədən təbrik etmək qərarına gəldim.
Yubileyin mübarək, əziz dost!

Fariz ÇOBANOĞLU - 50

50+1 arzusuyla Cəbrayılda görüşənədək
“Mən Cəbrayıl rayonunda doğulmuşam. İndi erməni işğalında qalan Cəbrayılın uca Ziyarət dağından başlanğıc götürüb, şəhərin lap mərkəzində üzə çıxan bir kəhriz vardı. Suyu dumduru göz yaşı kimi içəndə insana həyat üçün nə varsa verirdi, adına Çinar kəhrizi deyirdilər. Çünki düz kəhrizin üstündə yaşı səkkiz yüz ili haqlamış bir qocaman çinar vardı. Qollu-budaqlı, ətrafı açıq olsaydı, kölgəsində min adam dincələrdi. Mən düşünürdüm ki, bu çinarı sellər-sular külək və çovğunlar sındırıb yıxa bilməz. Çünki uşaqlıq, gənclik illərimin ən vüqarlı dayağıydı əyilməz, bu Xan çinar. Bu təsəvvürü məndə böyük xalq şairi Rəsul Rzanın "Çinar" şeiri oyatmışdı. Rəsul Rzanın "Çinar" şeirini oxuyandan sonra mənə elə gəlirdi ki, Cəbrayılın Xan çinarına tay yoxdu, o, Koroğludu, Babəkdi... hayqırar, bağırar səsindən, nərəsindən düşmənlər külli-küf olar. Məni bu fikrə kökləyən böyük şairin əyilməzlik rəmzi olan çinara məhəbbətlə yazdığı sətirlər idi.

Xan çinarım əyməz məğrur başını.
Kimsə bilməz Xan çinarın yaşını.
Gecə qara, durdum, düşündüm bir az,
Dedim nədən ulu çinar yıxılmaz?
Birdən çinar dilə gəldi, dedi: bax!
Bu torpaqda dərindən kök salaraq,
Hər tərəfə uzatmışam qolumu,
Övladlarım bürüyür sağ-solumu.
Belə məğrur dayanmağa haqlıyam,
Mən kökümlə bu torpağa bağlıyam.

Mənim uşaqlıq, gənclik düşüncələrimdən 25-30 il keçib. Zaman fikirləri dara çəkib, düşüncələrimiz gözlərimizdən yaş kimi axıb, kökü ilə torpağa bağlı olan qollu, qanadlı Xan çinarı düşmən mərmisi parçalayıb, qanına qəltan edib. Altındakı çağlayıb axan kəhrizin sularına neçə çinar qamətli, çinar qüdrətli şəhidin qanı qarışıb. Bu gün canlara dirilik gətirən çinar kəhrizinin suyu qan rəngində axır. Böyük şair Rəsul Rzanın "Çinar" şeiri isə öz hökmündə, öz qüdrətindədir. Parçalanan Çinar kökündən pöhrə verib yenə göylərə baş çəkəcək”.

*

Yaradıcılığına, sözünə, şəxsiyyətinə, insanlığına, böyük hörmət bəslədiyim, davranışına, rəftarına, mərifətinə, qanacağına, ünsiyyət qabiliyyətinə, səmimiyyətinə, mədəniyyətinə, hətta danışığına belə diqqət kəsildiyim uzun illərin dostu, sirdaşı Fariz Çobanoğlunun aprelin 10-da yubiley yaşıdır. Bu sözləri dostlardan eşitdim. Neçə il əvvəl bir qələm dostumuzun kitabı haqqında mətbuatda rəyimi yazmışdım. Onun xoşuna gəlmişdi. Demişdi ki, elə bil Məmməd Araz haqqında yazmısan. Cavabımda mən də bildirmişdim ki, sənin haqqında da nə vaxtsa yazaram, o da olar Farzi Çobanoğlu haqqında. Budur, o nə vaxtsa, nəhayət ki, gəlib çatdı. Bu yubiley yazısını onun özündən xəbərsiz yazıram. Əlimdə elə bir tutarlı məlumatım, faktım yoxdur, amma mən söz verdiyimçün bu yazını mütləq yazmağı qarşıma məqsəd qoydum. Əslində girişdə sitat kimi verdiyim fikirlər onun nə vaxtsa yazdıqlarının bir hissəsidir. Hə, keçək əsas məsələyə.
Qüdrətli söz ustaları haqqında danışmaq asandır. Belə sənətkarların nəğmələri uca zirvələrdən, qırçın-qırçın silsilələrdən baş alıb gələn dağ çayını xatırladır. Bir sahil qayasına dirsəklənib bu ağ çayın neçə rəngə çaldığını gör, seyr elə, bəsindir! O biri dərədən də belə bir çay axır. Bu zorda, bu guruluqda... Məcra oxşar, sahil oxşar, mənbə oxşar; nəğmənin ahəngi ayrı, rəngi ayrı... Ayrılıqda eyniyyət, eyniyyətdə ayrılıq, oxşarsızlıq, bənzərsizlik... bunlar qüdrətli söz ustaları haqqında danışmağı çətinləşdirir. Bu axı bir adamın ad günündə, xoş anında könül xoş eləmək xatirinə deyilən tərif və ya uzaq bir səfərə çıxan yolçuya ümidli uğur diləmək deyil. Söhbət eyni iqlimdə, eyni relyefdə, bəzən hətta eyni ucalıqda zirvələri olan sənətkarlar haqqında gedəndə, onların özünəməxsus cəhətlərinin qızıl sapını çəkib ayırd eləməkdən danışanda duruxursan; söz sahibi haqqında söz demək, məncə, çox çətin, məsuliyyətli işdir. Söz yazan çoxdur. Söz sahibi azdır. 30 ilə yaxın zaman kəsiyində tanıdığım “Kredo” qəzetinin təsisçisi və baş yazarı Əli Rza Xələfli söz sahibidir. Bir çox fəxri adı, şərəf-şöhrət çələngini, tərif kürsülərini onun qapısına gətirən SÖZdür. Əslində səbəbkar Fariz qardaşımı da elə bu qəzetdən, vaxtilə onun səhifələrində çap edilən yazılarından və sonradan isə şair Əli Mahmudun təsisçilik etdiyi “Qarabağa aparan yollar” qəzetində baş redaktor müavini kimi fəaliyyətindən tanımışam. Əli Rza Xələflini və Əli Mahmudu görəndə haradasa özümü yığışdırmağa çalışıram. Bu nəhəng söz sahiblərinin qarşısında söz söyləmək, fikir yürütmək mübaliğəsiz olduqca çətindir. “Kredo” kimi söz bulağından “su içmiş”, “Qarabağa aparan yollar”ın qüdrətinə tapınan, sığınan Fariz Çobanoğlu haqqında da danışmaq böyük məsuliyyət tələb edir. Çünki o da əlində qələm, beynində SÖZ gəzdirən, o sözü xamır kimi yoğuran, beynində həll edən, düşüncələrinə qarışdırıb ortalığa mükəmməl ədəbi məhsullar qoyan istedadlı söz sahiblərindəndir.
Onun şirin söhbətlərini dinlədikcə doğma yurdumuzun əsrarəngiz gözəlliklərinin sahibi Qarabağın, göz bəbəyimiz Qarabağın fəqərə sütunu sayılan Cəbrayılın əzəməti ilə qarşılaşırsan; hiss edirsən ki, sənətkar da öz qələmi ilə bu gözəl məkanın yetirmələrinin qoluna qüvvət verir, işğal altında olan Cəbrayılın xiffətini sözü ilə, qələmi ilə çəkir, doğma yurddan ötrü burnunun ucu göynəyir, haradasa göz yaşlarını şeirə, hekayəyə, esseyə çevirir. Bu torpağın qüdrətini Fariz Çobanoğlunun timsalında onun yetirmələri qədər duya və tanıda bilən ikinci bir canlı qüvvə tapmaq çətindir. Söz, qələm Cəbrayıl torpağının elə təmiz, elə büllur, elə baş alıb gedən ağ çayıdır ki, heç bir relyef-sədd bu güc-qüvvənin qarşısında dura bilməz. Müəllifini bu burulğanlı anlarda unutduğuma görə qeyd etməkdə çətinlik çəkdiyim bir şairin şeirində deyildiyi kimi, Farzi Çobanoğlu özünü bəxtəvər saymalıdır ki, bərəkətli, ruzili, böyük sərvətlərə malik Cəbrayılda anadan olub, işğal altında olmasına baxmayaraq nə vaxtsa qayıdacağı bu torpağın oğludur. Şeir belədir:

Torpaq burda necə qara,
Necə barlı, şirəlidir.
Nur düşdükcə şırımlara
Kəsəkləri gün əridir.
Axşam üstü səp toxumu,
Səhərəcən göyərəcək.
Bərəkətli torpağımı
Götür yağ tək çörəyə çək.

Onun ətri vurar başa,
Ətir səni odlayar da.
Xoşbəxtəm ki, doğulmuşam
Bu torpaqda, bu diyarda.

Təzəcə şumlanan, toxumu təzəcə göyərən, sünbülü dən tutan və ya biçinçi gözləyən torpağı seyr edib zövq almaq, onun ətrindən məst olmaq səadəti kimə qismət olmayıbsa, o adam dünyada bütün insani hisslərdən məhrumdur, bədbəxtdir. Torpaq qədər zövq mənbəyi, torpaq qədər könülə insani duyğular səpələyən, gözü yaxşını görməyə alışdıran humanizm mənbəyi heç şey ola bilməz.
Bizi əhatə edən ətraf mühit – atmosfer, işıq, su, hava – hamısı torpağı yaşatmaq üçün qorunur. Bütün sənət növləri də insanla birlikdə torpağa xidmət üçündür. Torpaq insanın beşiyi, iməkləyib ayaq açdığı meydan; torpaq şairin, şerin söykənəcəyi, üzüağlığı, xalqın abır-həyası, namusu, vicdanıdır. Fariz qardaşım da 30 ilə yaxındır ki, becərilməyən, şumlanmayan, taxılı biçilməyən bu torpağı, insanlarının mərhəmətinə, sığalına, tumarına, qayğısına, nəvazişinə ehtiyacı olan bu yurdu - Cəbrayılı üçün darıxır, suyundan içmək, havasından udmaq istəyir...
Yuxarıda sadaladıqlarımın hamısı bir yerə cəmlənəndə xalq yaranır, Vətən yaranır; bunları əbədiyyətə aparan əqidə-məslək hissləri formalaşır. Bu formalaşma prosesini sürətləndirən ən güclü ali amillərdən biri poeziyadır.
Ağızdan çıxan söz bişib çıxmalıdır. Daha onu dəzgaha və ya kürəyə qaytarıb yenidən istehsal etmək mümkün olmayacaq. Fariz Çobanoğlu da müasir Azərbaycan poeziyasının, həmçinin dünya ədəbiyyatının xəritəsini çox gözəl bilən şairdir, onun “poetik biliyi” bu xəritənin rənglərindən yaradıcı bəhrələnməyə yönəldir, sənətkarı bəzən ağır məsuliyyət hissi ilə üz-üzə gətirir. Yüz il, beş yüz il əvvəl də insan poeziyanın bələdçiliyinə inanırdı, onun arxasınca gedirdi, onun ibrətli nəsihətlərinə qulaq asırdı. Müasir dövrdə, bu qədər estetik məlumat «yağmuru»nun bol-bol ələndiyi bir zamanda söz xəritəsinə təzə rəng gətirmək, yüksək zövqlü oxucunun poetik əfsunçusu olmaq hünər işidir. Belə səadət qapısının açarı ancaq böyük istedadlarda olur. İstedad milyon il beləcə eyni cür çıxıb-batan Günəşi indicə doğmuş kimi görə bilir; onun şüalarını öz sevincinə qatıb uşaq kimi sevinməyi bacarır. Köhnə əkin yerində «təzə dən» göyərdir. Əsl söz ustasının əlində əfsanələr həqiqət olur – qum göyərir, quş südü tapılır, dəvə buynuz çıxardır. Çünki istedad sahibi təkcə istedadına, qələminin gücünə deyil, həm də ətraf mühitə söykənir, insanın gücünə inanır.
İnsan qüvvətlidir. Şairə görə şerin, sənətin məsləhətinə qulaq asan insanın qüvvəsi yenilməz olur. Çünki sənət insanın bütün hiss və duyğularını ovxarlayır; göz önündə açılan mənzərələri daha yaxşı işıqlandırır, bir sözlə, sənətin yaxşını-pisi çəkən tərəzisinə ağıl yükü qoymaq mümkündür. Lüzumsuz yerə səpiləcək ağıl toxumunu bu tərəzi çəkmir; çəksə də, ağırı yüngül, yüngülü ağır göstərib səni düşünüb-daşınmağa, yükünü hər tərəziyə qoymamağa səsləyəcək.
Yox, sözü tərəziyə qoyma, əsl sözün çəkisi yoxdur. Söz o zaman yüngüldür ki, yerində deyilmir, vaxtında deyilmir.
Sənətdə cazibə qüvvəsi qədər də itələmə qüvvəsi var. Özündən razılar, hər şeyi tapmışlar uçuşdan endirilir, ilham atından düşürlər.
Farizlə dostluq edənlər, onunla çörək kəsib sənət məsələlərindən söhbət açanlar bu şairin nə qədər alicənab, nə qədər təvazökar və sadə bir insan olduğunu bilirlər. Hiss edirsən ki, o, bəzən tərifdən utanır, öz şöhrət çələngini gizlətməyə yer axtarır. Çünki hamını görmək üçün hamıya qarışmaq lazımdır. Şair xalqın oğludur, özü də ən zəhmətkeşi, ailənin əsas ağırlığını çiynində çəkən ilki - böyük oğludur.
F.Çobanoğlunun ən həzin, kövrək nəğmələrindən tutmuş ən gur nidalarına qədər bütün əsərləri doğulduğu torpaqda mayalanıb, doğma diyarda ayaq açıb, oradan paytaxt Bakımıza, böyük vətənimizə, ondan da uzaqlara qanadlanıb.
Təbiət Cəbrayıl torpağına çox şey bağışlayıb; bərəkətli qara torpaq, ucsuz-bucaqsız meşə, tükənməz yeraltı sərvətlər, gur sulu çaylar... Bütün bunların hamısı sənətin qanun və imkanları daxilində F.Çobanoğlunun çoxşaxəli və hərtərəfli yaradıcılığında ünvan tapır. Şairin qatarı Azərbaycanımıza öz torpağının nemətlərindən pay aparır. Bu torpaqda onun öz çayı axır. Vətənin hər yerindən damla-damla sızıb torpağın rənglərini, ətrini insanlar üçün daşıyan poeziya çayı. Ağ çay... Sakit, dərin, həzin nəğməli. Üzü həmişə şəfəqlərlə boyanmış, gah yaşıl meşələrlə qol-boyun olan, gah da sıldırımlı sahillərlə pəncələşə-pəncələşə harasa tələsən çay.
Onun yaradıcılığını izləyən adam istər-istəməz deməli olur: əsl sənət də, əsl sənətkar da uca dağ kimidir. Çayları doğan qarlı dağlardır. Çaylar ancaq ucalıqdan başlanır. Poeziya da ucalığın məhsuludur.
Farzi Çobanoğlunun poeziya çayı təmizdir, ağappaqdır, gömgöydür. Bu çayın bizim əlvan poeziya xəritəmizdə bir qol olacağına inanırıq. Və ona da inanırıq ki, Fariz Çobanoğlu 50+1 yaşını öz doğma elində, Cəbrayılında qeyd edəcək. Hələliksə qardaşımıza sağlam ömür, xoşbəxtlik, yaradıcılıq uğurları arzulayırıq. Onun ən böyük xoşbəxtliyi, xoşbəxr günü doma Cəbrayılına, Qarabağa qayıdacağı gündür.
Fikrimi istəkli qələmdaşım, sevimli həmkarım İradə Sarıyevanın Fariz qardaşımın 45 illiyinə yazdığı söz çələngindən, söz buketidən bir fikirlə bitirmək istəyirəm: “Uğurların bol olsun günəş şəfəqi kimi Fariz Çobanoğlu. Gün gələr o günəş bizim də üzümüzü ağardar... Cəbrayılda, Xələflidə doğar o günəş, onda sənin də günün ağarar, könlün dincələr. Yoxsa indi könlün dizi yorulmuş qoca kimidir... Qoy könlündə bahar olsun həmişə. Bahara, işığa, aydınlığa, yeni yaşına və doğma Xələfliyə qənşər...”

Daşdəmir ƏJDƏROĞLU



Вернуться назад