Главная > Gundem > "Liderlik məktəbi" təlimləri keçirilib

"Liderlik məktəbi" təlimləri keçirilib


3-12-2018, 19:01. Разместил: djbaz
"Liderlik məktəbi" təlimləri  keçirilib
16-19 noyabr 2018-ci il tarixlərindən Amerika Birləşmiş Ştatlarının Səfirliyinin “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində həyata keçirilən “Skaut - gələcək nəslin lideri” adlı layihəsi çərçivəsində Şamaxıda "Liderlik məktəbi" təlimləri həyata keçirilmişdir.

Layihənin əsas məqsədi skaut hərəkatının köməyilə Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonunun qaçqın qəsəbələrində yaşayan uşaq, yeniyetmə və gənclərin növbəti nəsl liderlərinə çevrilməsi üçün tərəqqi imkanlarının yaradılması və onlarda komandada işləmək, könüllülük, təşəbbüskarlıq, təşkilatçılıq kimi müasir dünyavi şəxsi keyfiyyətlərinin inkişaf etdirilməsidir. Bu məqsədə çatmaq üçün vasitə kimi dünyada ən aktual və aparıcı qeyri formal təhsil forması olan skaut hərəkatından istifadə ediləcək. Dünya Skaut Hərəkatının məqsədi skaut vədi və qanunlarına əsaslanan dəyərlər sistemi vasitəsi ilə gənc nəslə təhsil vermək, cəmiyyətdə daha konstruktiv rol oynayan fərdlərin daha da yaxşı dünya modeli qurmasına köməklik göstərməkdir. Nəticə etibarı ilə layihədən yararlanmış iştirakçılar liderlik, komandada işləmək, könüllülük, təşəbbüskarlıq və təşkilatçılıq kimi bacarıqlar əldə etmiş olacaqlar.

Təlimlərin təşkil olunmasında həm təcrübəli skautlar, həm də layihədə gələcəkdə lider kimi çıxış edəcək yeni skautlar iştirak etmişlər. Bunlar əsasən Cəbrayıl, Biləsuvar, Cəlilabad, Salyan, Göyçay, Quba və Bakıdan təşrif buyurmuşdular. Ümumilikdə təlimlərdə 30 nəfər iştirakçı var idi.

Təlimin ilk günündə tanışlıq və komanda oyunları - fəaliyyətləri təşkil olunmuşdur. Daha sonra isə iştirakçılar patrullara bölünərək fəaliyyətə davam etmişlər. Bütün skaut düşərgələrində olduğu kimi, burada da günün sonu açıq havada tonqal ətrafında müxtəlif oyunlar oynamaqla və mahnı oxumaqla yekunlaşmışdır.

Tədbirin növbəti – ikinci günü də çox maraqlı və öyrədici təlimlərlə yadda qaldı. Belə ki, səhər 7-də yuxudan duran iştirakçılar günə dumanlı havada idman ilə başladılar. Səhər yeməyindən sonra Azərbaycan Respublikasının Dövlət himni oxunaraq bayraqlar qaldırılmaqla tədbirin rəsmi açılışı həyata keçirildi. Rəsmi açılışda Şamaxı İcra Hakimiyyətinin və Şamaxı rayon Gənclər və İdman İdarəsinin nümayəndələri də iştirak edərək iştirakçıları salamlayıb onlara uğurlar arzuladılar.

Gün ərzində proqrama uyğun olaraq həm nəzəri, həm praktiki olaraq 4 müxtəlif təlimlər həyata keçirildi. Əsas mövzular: "Qeyri-formal təhsil", "Çadır, karimat və rükzak", "Liderlik nədir? Necə olmalıdır?" və "Düyünlər" oldu.

Günün sonuna patrullara əvvəlcədən verilmiş tapşırıqlara uyğun olaraq müxtəlif oyunlar və fəaliyyətlər ilə yekun vuruldu.

Təlimlərin 3-cü günü də iştirakçılar çox fəal şəkildə proqrama qatılmışlar. Belə ki, bütün skaut tədbirlərində olduğu kimi gələcək liderlər də Vətənimizi daha da yaxından tanımaq və yeni məkanlar kəşf etmək üçün İsmayıllı rayonun Lahıc qəsəbəsinə ekskursiyaya yolanmışlar. Dərə-təpəli Lahıc yollarını keçərək ünvana çatdıqdan sonra burada tədbir iştirakçıları yerli sakinlərlə və onların zəhmətlə ərsəyə gətirdikləri zəngin əl işləri ilə tanış olmuşlar.

Ekskursiyadan sonra proqrama uyğun olaraq “uTis” - fiziki və idraki oyunu təşkil olunmuşdur. Bu oyun gələcək liderlərin çox böyük marağına səbəb olmuşdur. Daha sonra iştirakçılar sonuncu - “Metodika və pedaqoqika” təlimində də iştirak etmişlər. Hər gün olduğu kimi bu gün də müxtəlif oyunlar və mahnılar ilə yekunlaşmışdır.

Təlimin sonuncu günü səhər düzülüşü təşkil olunmuş, iştirakçılara sertifikatlar təqdim edilib.

Tural Nəsir
Вернуться назад