Главная > Gundem > Milli Qəhrəman Şikar Şikarovun doğum günüdür

Milli Qəhrəman Şikar Şikarovun doğum günüdür


3-12-2018, 10:39. Разместил: djbaz
Milli Qəhrəman Şikar Şikarovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarovun doğum günüdür.

Modern.az-ın məlumatına görə, Şikar Şikarov 3 dekabr 1953-cü ildə Bakı şəhərində doğulub. 1961-ci ildə 164 saylı orta məktəbə gedib, 1971-ci ildə 46 saylı orta məktəbi bitirib. Elə həmin il Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə qəbul olunub. 1975-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra, təyinatla Rusiyanın Primorsk vilayətindəki hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə başlayıb. O, işləyə-işləyə təhsilini artırmağı da unutmayıb. 1986-cı ildə Moskvada Frunze adına Hərbi Akademiyaya qəbul olunub. 1989-cu ildə Akademiyanı bitirərək, polkovnik-leytenant rütbəsi ilə Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrdən birinə qərargah rəisi göndərilib. Bununla yanaşı, Almaniyada təkmilləşdirmə kursu da keçib.

1990-cı ildə 20 Yanvar hadisəsindən sonra Şikar Şikarov Azərbaycana qayıdıb. O, Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci ilin fevral ayında isə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini təyin edilib. Xidməti vəzifəsi ilə əlaqədar olaraq tez-tez sərhəd bölgələrində olurdu. 1992-ci il mart ayının əvvəllərində Goranboy rayonuna gələrək, işğal olunmuş ərazilərin erməni yaraqlılarından azad olunması əməliyyatını hazırlayıb və həmin əməliyyata bilavasitə rəhbərlik edib. Bu əməliyyat zamanı rayonun bir sıra kəndləri düşmən tapdağından azad olunub.

Növbəti dəfə Ağdərədə uğurlu əməliyyat həyata keçirib. Bu əməliyyat nəticəsində düşmənin xeyli hərbi texnikası, canlı qüvvəsi məhv edilib, ən başlıcası isə Tərtər rayonunun top və raket atəşinə tutulmasına son qoyulub.

1992-ci il iyunun 13-də yenidən Ağdərəyə gedib. Burada aparılan ağır döyüşlərin birində Şikar Şikarovun rəhbərlik etdiyi batalyon erməniləri geri çəkilməyə məcbur edib. Lakin Şikar Şikarov bu döyüşdə həlak olub. Uğurlu döyüş əməliyyatları nəzərə alınaraq ona polkovnik rütbəsi verilmişdi.

Ailəli idi. İki övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə polkovnik Şikarov Şikar Şükür oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Qobustan rayon Sündü kənd orta məktəbi onun adını daşıyır.
Вернуться назад