dini radikalizm və ekstremizmlə mübarizə

Bu gün Mikayıl Müşfiqin anım günüdür - FOTO

Bu gün Mikayıl Müşfiqin anım günüdür - FOTO


Bu gün azərbaycanlı şair və pedaqoq Mikayıl Müşfiqin anım günüdür.

Mikayıl Müşfiq iyunun 5-i 1908-ci ildə Xızıda dünyaya göz açıb. Atası Mirzə Əbdülqadir İsmayılzadə dövrünün tanınmış ziyalılarından olub.

Uşaq olan zaman valideynlərini itirən Müşfiq yaxın qohumlarının himayəsində böyüyüb. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. 1927-1931-ci illərdə Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Bakı orta məktəblərində yeddi il müəllimlik edib. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olub (bu məktəb indi onun adını daşıyır).

Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şerilə başlayıb. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edib. İlk kitabı-"Küləklər" 1930-cu ildə nəşr olunub.

Müşfiq Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rol oynayıb.



Şair bədii tərcümə ilə də ciddi məşğul olub. 1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilib.

Bunlar A.S.Puşkinin "Qaraçılar" (Ş.Abbasovla birlikdə), Taras Şevçenkonun "Kobzar"(Əhməd Cavadla birlikdə), Yegişe Çarensin "Şeirlər", S.Y.Marşakın "Huşsuza bax, huşsuza", M.F.Axundovun "A.S.Puşkinin ölümünə şərq poeması" kitablarıdır.

1931-1937-ci illərdə Dilbər Axundzadə ilə ailə həyatı sürüb. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin "Müşfiqli günlərim" adlı xatirələr kitabı nəşr olunub. Kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə "Gənclik" nəşriyyatında işıq üzü görüb.

1938-ci il 6 yanvarda cəza tədbirləri dövründə 29 yaşında güllələnib. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilmişdir.

Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın (Süleyman Rəhimov küç, 108) qarşısına xatirə lövhəsi vurulub.

Şairin "Yenə o bağ olaydı", Oxu, tar" və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

Oxunub: 239
Oxşar xəbərlər
SON XƏBƏRLƏR