dini radikalizm və ekstremizmlə mübarizə

Bu da bir keçmiş olsun


Qonşum zavodların birində fəhlə işləyir. Heç bir institut- filan da qurtarmayıb. Yəni elm, təhsildən çox- çox uzaqda dayanan kəslərdən biridir. Həyətdə, küçədə qonşularla rastlaşan zaman astaca başını tərpətməklə salamlaşar, artıq sual vermək və çox danışmaqla arası olmayan bir allah bəndəsi kimi, hamı onu belə tanıyırdı. Sifətinə diqqət edəndə sakit və ciddi adam olduğu təssüratı yaradırdı onu tanıyanların təsəvvüründə. Bir sözlə, insanlarla ünsiyyət qurmaq, deyib- gülmək, zarafat etmək bu adamın xarekterinə yad olan bir hal idi. El arasında işlənən məhşur bir məsəldə deyildiyi kimi, " Zalım oğlunun elə bil dili yoxdur." Özünü başı aşağı, sakit, mədəni şəkildə aparması və heç kimlə işi olmadığına görə , hamı bir qonşu kimi ona hörmətlə yanaşırdı. Bir adam ortaya çıxıb deyə bilməz ki, o kiminsə "toyuğuna daş atıb." Çoxları bu cür xarekterin müsbət olduğunu düşünür. Amma mən heç də bu fikirlə tam razılaşa bilmirəm. Əminliklə deyə bilərəm ki, sakit, ciddi, ağır təbiətli olmaq hər zaman yox, müəyyən vaxtlarda və müəyyən yerlərdə adamın "işinə" yarayır. Nə isə, mətləbdən uzaqlaşmayaq.

Ancaq sonralar qonşumun üzləşdiyi bir həyat hekayəsi, onu tanıyanların təsəvvüründə bir tərəddüt yaşanmasına səbəb oldu. Zatən, bu məsələdə qonşumun o vaxtki hərəkətlərinə haqq qazandıranlar da oldu, haqq qazandırmayanlar da. Onun atdığı addımın əsas səbəbi isə, sonradan özünün dediyi kimi, problemlərlə yüklənib özündən çıxması və dözümsüzlük nümayiş etdirməsi olmuşdu. Bu haqda da sonra danışacağıq.

Onun aldığı əmək haqqının civari elə də çox deyildi. Ailənin güclə dolanmasına bəs edirdi. Üstəgəl işıq, qaz, su pulu onu lap "yıxıb sürüyürdü.' Ay ərzində bir- iki dəfə qohum- əqrəbanın toy məclislərində iştirak edəndə vəziyyət daha da "xarablaşırdı." Hər ayı borc içində adlamaq, sanki bu ailənin qismətinə yazılmışdı. Çətin şəraitdə yaşamasına baxmayaraq, başının üzərində hər zaman allahını görür və bu gün sağ- salamat ailəsi ilə birlikdə olduğuna görə yaradanına şükr edirdi.

Günlərin birində qonşum axşam işdən evə gələndə qapının ağzında həyat yoldaşı ona kiçik oğlunun xəstələndiyini deyir. Bu xəbərdən qonşumun qanı qaralır. Dilxor halda ayaqqabını ehmalca çıxardıb uşaq otağına keçir. Oğlu çarpayıda əllərini sinəsinə qoyub sakit vəziyyətdə uzanmışdı. Tez- tez nəfəs aldığından sinəsi sürətlə qalxıb enirdi. O əlini uşağın alnına və yanağına gəzdirir. Atasının gəlişini hiss edən oğul çətinliklə gözlərini açır. Atasını görcək ayağa durmaq istədikdə, ata əli ilə "durmamaq" işarəsini verdi və bikef halda o biri otağa keçdi. " Məsələ aydındır, uşaq qızdırmadan od tutub yanır, dava- dərman almaq lazımdır. Dərman almağa isə...Hələ keçən aydan aptekə olan borcumu tam ödəməmişəm. Maaş almağa isə hələ bir neçə gün var, bəs mən nə edim? "- düşünərək ata dərindən ah çəkdi. Bu fikir onu üzür və səbrini daha da daraldırdı. Nə qədər səbrli, təmkinli olub naşükür olmasa da, daxildən cansıxıcı hisslərə hakim ola bilmirdi. Elə bil əl- qolu bağlanmışdı. Otaqda var- gəl edə -edə haradan və kimdən borca pul tapmaq haqda düşünürdü. "Dağı arana, aranı da dağa daşıyıyırdı." Ha fikirləşdisə işıq gələn bir yol tapa bilmədi.

Bir neçə dəqiqə də keçir. Müsiqi səsinə bənzər qapı zəngi onu xəyal dünyasından ayırdı. Gələn işıq nəzarətçisi idi. İşıq pulu üçün gəlmişdi. Nəzarətçi ödəniş olmadığı halda işıqların kəsiləcəyini ev sahibinin diqqətinə çatdırır. Qonşum yaşadığı problemlərinin birindən "canını qurtarmamış, digəri gözlənilmədən onu haqlayır. O daxildən gələn hirsini biruzə verməməyə, təmkinini qoruyub saxlamağa, səbrli olmağa çalışır. Gələn adama evdə xəstəsinin olduğundan bir neçə gün də gözləməyi və ödəniş edəcəyini bildirir. Nəzarətçi isə üz- gözünü turşudaraq bu işin ondan asılı olmadığını cavabını verir və heç bir şey söyləmədən geriyə dönüb çıxıb gedir. Bir neçə dəqiqədən sonra evin işıqları sönür. Otaqlara qaranlıq çökür. Bir tərəfdən xəstə oğlunun dərdi, digər tərəfdən işıqların sönməsi nadir hallarda hirslənən qonşumu özündən çıxarır. Özünü ələ ala bilmir. Heç nə fikirləşmədən əsəbi halda mətbəxə keçir. Əlinə bıçaq alıb heç kimə, heç nə demədən küçəyə çıxır.

Nəzarətçi öz işini görüb qurtarmışdı. Dodaqaltı zümzümə edərək alətləri rahat şəkildə iş sumkasına yığırdı. Birdən onun gözü əli bıçaqlı bir nəfərin sürətli ona tərəf gəldiyinə sataşır. Gözlərini qıyaraq yaxınlaşan adamı bir də diqqətlə süzür. Bu dəfə tanıyır... Bir neçə dəqiqə bundan qabaq söhbət etdiyi və işığını kəsdiyi ev sahibinin olduğuna əmin olur. Öz işini başa düşür. Qorxudan rəngi avazıyır. Donub yerində qalaraq o tərəf- bu tərəfə baxır. İş sumkasını götürüb tez aradan çıxmaq da fikrindən keçir. Tərəddüt edir. Çaşdığından bilmir nə etsin. Gələn adamın ona yaxınlaşmasına isə lap az qalırdı. Birdən o qışqıraraq hay- küy salıb köməyə adam çağırır. Səs- küyə birinci olaraq qonşular çıxır. Əlində bıçaq olan adamın üzünə baxıb kim olduğunu görəndə hamı təccüblə bir- birinin üzünə baxır. Heç kəs gördüyü mənzərəyə inanmaq istəmir. Ortaya bir neçə dəqiqəlik sükut çökür. Bundan istifadə edən nəzarətçi isə sivişərək aradan çıxır.

Bir az sonra isə ərazi "uçaskovusu" qonşumun qapısını döyərək onu axtarırdı.

Ertəsi gün hamının "lal" bildiyi qonşumun dili açılmışdı.O başına gələnləri belə nağıl edirdi:- Canımı qurtarmaq üçün uçaskovıya yüz manat "tərləməli" oldum.Elə işığa olan borcum da yüz manat edirdi. Çoxlu problemlərim olduğu halda, "həngamə" törədib xərcə düşmək ağılsız hərəkət idi. Dava- dalaş salıb cərimə verməkdənsə, işığa olan borcumu bağlamaq daha yaxşı olardı. Həm də canım borcdan qurtarardı. Nə etmək olar?! Üzləşdiyim hadisələrdə hər zaman maksimum dərəcədə səbrli, təmkinli olmağa çalışıram. Düzdür, bundan sui- istifadə edənlər də olur. Bəzən elə hallar da olur ki, hərəkətlərim nəzarətdən çıxır. Elə dünən baş verənlərdə olduğu kimi. Deyə bilmərəm, bəlkə də bu mənim xarekterimlə bağlı məsələdir. Ancaq baş verənlərə ayıq başla yenidən yanaşmaq istədikdə, artıq " iş işdən keçmiş olur."

Mən də qonşumun danışdıqlarına diqqətlə qulaq asıb "Bu da bir keçmiş olsun" deyib onunla sağollaşdım.

Elxan Çıraxlı

Oxunub: 397
Oxşar xəbərlər
SON XƏBƏRLƏR