dini radikalizm və ekstremizmlə mübarizə

Elxan ÇIRAXLI poeziyasından incilər


Bir ana köçür bu dünyadan

Dünyanın gözündə mən yaş görürəm
Ürək ağrısına dözməyir sinəm
Hər yan zülmət olur elə bil o dəm
Bir ana köçür bu dünyadan

Yolların dərdi var özündən böyük
Sanma ki tabutdur ona ağır yük
De, varmı bir insan anadan böyük
Bir ana köçür bu dünyadan

Şair əlində qələm xəyala dalır
Yüz fikir beyninə dolub boşalır
Dünyanın özü də anasız qalır
Bir ana köçür bu dünyadan

Ayaq saxlar bir anlıq göydəki quşlar
Üzündə qəm donub gözləri yaşar
Bir anda əyilir gör neçə başlar
Bir ana köçür bu dünyadan

Bir ana kölgəsi yox olub gedir
Günəş də " qızarıb" bilmir nə edir
Neyliyək, həyatın hökmü belədir
Bir ana köçür bu dünyadan

Boşluğu doldurmaz nə təpə, nə dağ
Dirəksiz ev varsa, bil yoxdur dayaq
Bilmirik qədrini ana varkən sağ
Bir ana köçür bu dünyadan

Soyuq qəlbli, daş ürəkli olan kəs
Kövrəlir, udqunur, kəsilir nəfəs
Elxan, eşidilir hardasa bir səs
Bir ana köçür bu dünyadan

Bu dünya vəfasız dünyadır, dostum!

Çalış bir kimsənin qəlbinə dəymə
Vəfasız dünyadır bu dünya, dostum!
Təmiz ol, saflığın təməlin əymə
Bitəcək olsa da daş, qaya dostum!

Milyon- milyon insan gəlir dünyaya
Hər birinin gəlişi var, izi var
Vacib deyil baxmaq rəqəmə, saya
Onların da əyrisi var, düzü var

Yaxşılıq toxumu əkən insanlar
Dünyadan köçsə də, izləri qalar
Toxumu sulayar yağan yağışlar
Yaxşılıq cücər cığır, iz salar

Qopsa tufan, əssə güclü külək də
Yaxşılıq izləri heç zaman itməz
Pis əməl sahibi olan bir kimsə
İnan ki, əkdiyi qanqal da bitməz

Elxan, bu dünyanı əbədi sanma
Nahaq güc gələndə haqqı da danma
Uşaq deyilsən ha, deyim inanma
Bu dünya vəfasız dünyadır, dostum!

Oxunub: 970
Oxşar xəbərlər
SON XƏBƏRLƏR