dini radikalizm və ekstremizmlə mübarizə

Xalq yazıçısı Əzizə Cəfərzadənin anım günüdür


Djb.az xəbər verir ki, Bu gün Azərbaycan yazıçısı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, 1946-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəfərzadə Əzizə Məmməd qızının anım günüdür.
Əzizə xanım Cəfərzadə 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olmuşdur. İbtidai təhsilini 25 saylı məktəbdə almış, sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda oxumuş, 1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləmişdir. 1946-1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1944-1946-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947-1949-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950-1955-cı illərdə pedaqoji institutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka pedaqoji institutunda dosent, 1957-1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışmışdır. Azərbaycan ədəbiyyatında onlarla tarixi romanlar müəllifidir.
Əzizə Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik, 1970-ci ildə "XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Əzizə Cəfərzadə, eyni zamanda, bir tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərmişdir. Onun klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarişlarının bəhrəsi olan əsərlər həmişə elmi ictimaiyyətin marağına səbəb olmuşdur.
Əzizə xanımın elmi-tədqiqatları onun ədəbi yaradıcılığına da güclü təsir göstərmiş və yazıçının əsərlərini Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsinə çevirmişdir. Əzizə Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, dönə-dönə müxtəlif Fəxri fərmanlar, "Xalqlar dostluğu" ordeni və müstəqil Azərbaycanın ali mükafatı – "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü idi. Azərtelefilm birliyi onun həyat və yaradıcılığı haqqında 2 telefilm çəkmişdir. Əzizə xanımın ən böyük mükafatı isə xalqın ona qarşı olan böyük məhəbbəti idi. Bu sevginin məntiqi nəticəsi kimi, o 2001-ci ildə "Azərbaycan Anası" və "Xalq Yazıçısı" kimi yüksək adlara layiq görülmüşdür. Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra haqqın dərgahına qovuşmuşdu və vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilmişdir.


Allah rəhmət eləsin!

Oxunub: 3 159
Oxşar xəbərlər
SON XƏBƏRLƏR