dini radikalizm və ekstremizmlə mübarizə

Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir


Azərbaycan dövlət müstəqilliyini 2-ci dəfə bərpa etdikdən sonra müxtəlif beynəlxalq təşkilatlarla yanaşı Avropa İttifaqı Şurası ilə də sıx əməkdaşlıq şəraitində işləyir. Bunun bariz nümunəsi kimi, 18 iyul tarixində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəridir. Səfər zamanı müharibədən sonraki dövrdə Azərbaycan-Ermənistan arasında hələ də həllini tapmamış sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması, minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi, regionda dayanaqlı sülhün bərpa olunması kimi mühüm məsələlər geniş müzakirə olunmuşdur.
Azərbaycan Avropa İttifaqi əlaqələri haqqında danışarkən ilk növbədə qeyd etmək lazımdır ki, bu gün ticarət dövrüyəmizin 40 faizi Avropa İttifaqi ilə aparılır. Ötən il Avropa İttifaqı ilə aparılan ticarət dövrüyəmiz 9,5 milyard olmuşdur. Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əlaqələri çox sıxdır. Qeyd etmək lazımdır ki, Azərbaycan 9 Avropa İttifaqı dövləti ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Avropanın enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı İtaliya, Yunanıstan və Bolqarıstana ixrac olunan təbii qaz xüsusilə diqqət çəkir. Belə ki, yanvar ayının 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına milyardlarla kubmetr qaz ixrac olunub. Qeyd etmək lazımdır ki, “Şahdəniz-2” qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın yaranmasına gətirib çıxarmışdır. Azərbaycan 15 ildir ki, Avropa istehlakçılarının etibarlı xam neftlə təmin edir. Bu gün Avropa İttifaqı ilə əməkdaşlıq strateji əhəmiyyət kəsb edir.
Azərbaycan 44 günlük Vətən savaşında qalib gələrək uzun müddət işğal altında olan torpaqlarını azad etməklə regionda yeni reallıqlar yaratdı. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazisinin işğalı ilə bağlı verdiyi və yerinə yetirilməmiş qalan qətnamələri Azərbaycan öz gücü ilə təkbaşına yerinə yetirilməsinə nail oldu.
İndi Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yaradılması istiqamətində fəal işlər görür. İşğaldan azad edilmiş ərazilərimizdə üç (Füzuli, Zəngilan, Laçında) beynəlxalq hava limanın tikintisi davam etdirilir. Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə enerji, kənd təsərrüfatı, turizm sahələrinin inkişaf etdirilməsi üçün xarici şirkətlərlə danışıqlar aparır.
Azərbaycan Xəzər regionunda ən böyük dəniz donanmasına malik ölkədir. Bu da bizə Şərqdən Qərbə və əks istiqamətdə yüklərin nəqlini artırmağa imkan verir. Ələt Beynəlxalq Ticarət Limanının açılışı da Azərbaycanın artan iqtisadi gücündən xəbər verir.
Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən Azərbaycanda yolların keyfiyyəti dünyada 24-cü, dəmir yolu xidmətləri 11-ci, hava yolu xidmətləri 12-ci yerdədir. Bu çox yüksək göstərici hesab olunur. Göründüyü kimi Azərbaycan hökuməti infrastruktura böyük sərmayə yatırıb. İndi Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına çıxış əldə etmək üçün bütün mümkün vasitələrdən istifadə edir. Gələcəkdə dəmir yol xəttinin açılması ilə regionun 4 ölkəsi- Azərbaycan, İran, Rusiya və Türkiyə arasında iqtisadi əlaqələr daha da güclənəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü zamanı Ermənistanın Azərbaycana qarşı ağlasılmaz vəhşiliklər törətdiyini, Azərbaycan xalqının tarixi, mədəni və dini irsinin qəsdən məhv etdiyini, Ağdam , Füzuli, Cəbrayıl şəhərlərini tamamilə dağıdaraq yerlə-yeskan etdiyini bildirmiş və ərazilərimizə 100 minlərlə mina basdırılması səbəbindən müharibədən sonraki müddətdə 140 nəfərin həlak olduğunu qeyd etmişdir.
Hazırda işğaldan azad olunmuş torpaqlarımızda, tikinti quruculuq işləri böyük vüsət alıb. Çox keçməz ki, öz dədə-baba yurdlarına həsrət qalmış soydaşlarımız Azərbaycan dövlətinin qüdrəti ilə yeni inşa olunacaq kəndlərə, qəsəbələrə, şəhərlərə qayıdacaqlar. Mədəniyyət paytaxtımız Şuşa şəhərində olduğu kimi!

Ələmdar Quliyev
İmişli Rayon Təhsil Şöbəsinin müdiri.

Oxunub: 496
Oxşar xəbərlər
SON XƏBƏRLƏR