dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz qarşısında duran vəzifələri məharətlə yerinə yetirdi


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan İlham Əliyevin daxili siyasəti Azərbaycanın dinamik iqtisadi inkişafa, xarici siyasəti torpaqlarımızın işğaldan azad edilməsinə, işğalçının işğalçı kimi tanınmasına istiqamətlənmişdi. 44 günlük “Vətən Müharibəsi” ordumuzun qüdrəti barədə söylənilənlərin praktik təsdiqi oldu. Ermənistanın sentyabr ayının 27-dən törətdiyi növbəti hərbi təxribat Azərbaycanın öz torpaqlarının azad edilməsi uğrunda əks hərbi əməliyyatlara başlanmasına səbəb oldu. Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı, torpaqlarımızı işğaldan azad edəcək döyüşlər “Vətən Müharibəsi” kimi davam etdirildi. Azərbaycan Ordusu qətiyyətlə, döyüş və mənəvi psixoloji hazırlığı ilə düşmənin illərlə möhkəmləndirdiyi müdafiə qurğularını darmadağın etdi. İlham Əliyev deyirdi: “Bizim davamız ədalətli davadır və əminəm ki, bu müharibədə biz istədiyimizə nail olacayıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”.Dünya ictimaiyyəti Azərbaycan Respublikasının Prezidentinin qətiyyətini,dövlətə, dövlətçiliyə, azərbaycançılıq ideyalarına sədaqətini gördü. Diplomatik müstəvidə Azərbaycana uduzan Ermənistan və dünya erməniləri 44 günlük müharibədə ölkəmizə qarşı güclü informasiya savaşına start vermişdi. Lakin Azərbaycan informasiya müharibəsindən də qələbə ilə çıxdı. 44 günlük müharibə dövründə Prezident İlham Əliyevin dünyanın 30-a yaxın aparıcı media orqanına verdiyi dolğun müsahibələr beynəlxalq informasiya məkanında ölkəmizin mövqeyini gücləndirdi, erməni yalanlarının ifşa edilməsində önəmli rol oynadı, münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərə dünya ictimaiyyətinə çatdırıldı.
Bu müharibə ərəfəsində Ali Baş Komandan əməliyyatların ilk günü Füzuli və Cəbrayıl rayonlarının bir neçə kəndi işğaldan azad edilməsi xəbərini verdi. Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Xocavənd, Xocalı, Laçın, Tərtər rayonlarının kəndlərinin azad olunması, Xudafərində Azərbaycan bayrağının ucaldılması, İran İslam Respublikası ilə dövlət sərhədinə nəzarətin tam təmin edilməsi Azərbaycan ordusunun möhtəşəm zəfərləri kimi tarixə düşdü. Bu Şanlı Qələbəni Azərbaycan Ordusunun şəxsi heyəti, əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz qazandılar. Bu Qələbə sevincini xalqımıza Ali Baş Komandanın qətiyyəti və onun əmrinə daima sadiq olan hərbçilərimiz yaşatdılar.
Üst-üstə məğlubiyyətlərdən sarsılan Ermənistan Bakı vaxtı ilə 10 noyabr 2020-ci ildə təslimçilik aktına qol çəkməyə məcbur oldu. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyanata görə Ermənistan məğlubiyyətini qəbul edir, 15 noyabrda Kəlbəcəri, 20 noyabrda Ağdamı, 1 dekabrda Laçını qeyri-şərtsiz boşaltmağı və geri qaytarmağı öhdəsinə götürdü. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.
44 günlük müharibə eyni zamanda bir daha Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz, əbədi olduğunu bütün dünyaya sübut etdi. Qardaş Türkiyə haqq mübarizəmizdə sona qədər dəstəyini əsirgəmədi. Təzyiqlərə rəğmən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hər çıxışında Qarabağ həqiqətlərinə toxundu, istər masada, istərsə də meydanda daima yardıma hazır olduqlarını bildirdi. O, “Azərbaycanın kədəri kədərimiz, sevinci bizim də sevincimizdir” deyirdi. Ulu öndərin söylədiyi “Bir millət, iki dövlət” anlayışı öz təsdiqini bir daha tapdı.Dünya dövlətlərinin ermənipərəst açıqlamaları, təzyiqləri, sanksiyaları bizi haqq işimizdən döndərə bilmədi. Əksinə, xalq öz Prezidentinin ətrafında sıx –“Dəmir yumruq” kimi birləşərək bir daha Azərbaycan xalqının nə qədər mərd, əzmkar, qürurlu xalq olduğunu bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandan deyirdi: “Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir “Dəmir yumruq” yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu “Dəmir yumruq” düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik xalqdır”.
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirdi. 4 saatlıq davam edən xarici və yerli mətbuat nümayəndələri ilə görüşü zamanı ölkə başçısı Müzəffər Azərbaycan Ordusunun qüdrəti, onun qazandığı uğurlar haqqında məlumat verdi. 44 günlük Vətən Müharibəsi göstərdi ki, Müzəffər Ordumuz qəhrəman, yenilməz ordudur. Onun qarşısında duran vəzifələri əzmlə, fədakarlıqla, qəhrəmancasına daima yerinə yetirməyə qadirdir.
Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında deyib ki, 25 ildir jurnalistika ilə məşğuldur, amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olmayıb. O, Prezidentin rekorda imza atdığını dilə gətirib.
Biz inanırıq ki, Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan daha yüksək zəfərlər qazanacaqdır və Azərbaycan dünyaya “Günəş” kimi doğacaqdır.



Məlahət Əliyeva
Suraxanı rayonu, Pərviz İsmayılov adına
278 nömrəli tam orta məktəbin direktoru

Oxunub: 456
Oxşar xəbərlər
SON XƏBƏRLƏR