dini radikalizm və ekstremizmlə mübarizə

Anadolu türklərinin bizə "Azəri" deməsi düzgün deyil: çünki, biz Azəri yox, Azərbaycan türküyük!


Qardaş ölkənin insanı nədənsə bizə hər zaman "Azəri" deyib durur. Əvvəla, onu bildirmək istəyirəm ki, "Azəri" deyə, bir millət yoxdur və heç vaxt olmamışdır. Bu, sadəcə olaraq, ölkənin adının ixtisara salınmış formasıdır. Daha doğrusu, Azərbaycan vətəndaşı xarici ictimaiyyət tərəfindən bu ölkənin qısaldılmış və özünə uyğunlaşdırılmış adı ilə səsləndirilir. Bu da heç şəkk-şübhəsiz ki, düzgün ifadə olunmur və bizim milli kimliyimizin üstünə bir növ kölgə salmış olur. Kimliyimizi bilməyənlərə tariximizi tanıdaq ki, bundan sonra nə danışıqlarında və nə də ki, yazılarında texniki-qrammatik səhvlərə yol verərək bizim milli və şəxsi heysiyyatımıza toxunmasınlar. Azərbaycan xalqı milli-etnik baxımından "Türk millətinin atası" hesab olunan Oğuz xanın soyundan gəlmədir. Əslimiz-nəslimiz türkdür, Bayat qolundan olan Dədə Qorqudun ocağından çıxdıq, xeyir-duası ilə millət olaraq cəmiyyətimizi formalaşdırdıq. İlk xanlarımız Bayandur xan və Qazan xandır. "Kitabi-Dədə Qorqud" dastanı elə bizim kim olduğumuzun bir nömrəli sübutudur. O dastan bizim şəxsiyyət vəsiqəmizdir. Azərbaycanı, biz türkləri, milli kimliyimizi, mədəniyyətimizi, adət-ənənələrimizi tanımaq istəyənlər, gərəkdir ki, mütləq bu qiymətli və dəyərli dastanı oxusunlar. Yoxsa, boş-boş danışaraq xalqımızın şərəfinə və hisslərinə toxunacaq naqis əməllərə yol verməsinlər. Türkiyə xalqı bundan sonra Azərbaycan xalqına "Azəri" deyərək onları aşağılamamalıdır. Tanınmışlarımız dəfələrlə Türkiyə aparıcılarına iradlar tutaraq "Azəri" kəlməsini yığışdırmalarını və bizə öz doğma adımız ilə, yəni ki, "Türk" deyə müraciət etmələrini xahiş etmişdirlər. Lakin Türkiyə ictimaiyyətinin bir çox cahil, gerizəkalı nümayəndələri laqeydlik nümayiş etdirərək hələ də bizə "Azəri" deyə-deyə davam edirlər. Amma çox təəssüflər olsun ki, işlətdikləri ifadənin nə qədər yalnış, düşük və səviyyəsiz olduğunun isə fərqinə varmaq gücünə malik deyildirlər. Ancaq buna rəğmən, biz Azərbaycan xalqı heç bir vaxt Türkiyə xalqını onların ziddinə olan ifadələr ilə səsləməmişik. Çünki, insanımız çox düşüncəli, məntiqli, yerini bilən və bəşəri dəyərləri özündə ehtiva edən bir millətdir. Əsil türk məhz bizlərik və bunu hər zaman öz əxlaqımız, rəftarımız, davranışımız, insanpərvərliyimiz, vətənsevərliyimiz və qonaqpərvərliyimiz ilə bütün dünyaya sübut etmişik! Ümid edirik ki, bu məqalədən sonra yazılarımızı oxuyan qardaş ölkənin nümayəndələri artıq bizə "Azəri" yox, sırf "Türk" deyəcəkdir.

Ərtoğrul Aypar

Oxunub: 775
Oxşar xəbərlər
SON XƏBƏRLƏR