dini radikalizm və ekstremizmlə mübarizə

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev: “ Dövlət başçısının hər səfəri Qarabağa böyük töhfələr verir”


Laçında şanlı bayrağımızı dövlət başçısı göylərə qaldıranda gözlərim qürurdan doldu və ilk ağlıma bu sözlər gəldi. Laçın Qarabağ münaqişəsinin keçmişində və hətta həll olunmuş bugünündə belə böyük əhəmiyyətə malikdir. Bilənlər xatırlayacaqdır ki, ətraf yeddi rayondan beşini hardasa qaytarmağa razı olan Ermənistan heç bir halda Laçını qaytarmaq istəmirdi. Biz isə oranı bir güllə belə atmadan geriyə almağa nail olduq. Hətta orada qısa zamanda ilk su elektrik stansiyasını tikdik. Bu istər mənəvi, istərsə də enerji təminatı baxımından böyük hadisədir. Miqyasına görə elə böyük olmasa da Laçın rayonun cənubunu və Qubadlı rayonunu tam elektrik enerjisi ilə təmin etməyə qadir bir su elektirk stansiyası tikilmişdir. Bu, bölgənin gələcək inkişafına özünün müsbət təsirini göstərəcəkdir. Laçının tarixdə özünəməxsus yeri vardır. İgid, mərd oğulların məkanı olan qədim torpaq öz sakinləri ilə, məğrur dağları ilə, strateji mövqeyi ilə həm Azərbaycanın, həm də Qarabağın göz bəbəyidir. Laçında dövlət bayrağımızın dalğalanması ürəklərində revanşist hisslər bəsləyənlərin arzularını bir daha ürəklərində qoydu. Doğrudur üçrəngli müqəddəs bayrağımız bir əsr bundan əvvəl ilk dəfə dalğalanıb. Lakin onun özünü dərk və qürur zamanı bu gündür. Biz bir əsr boyunca itirdiyimiz torpaqları geriyə qaytarıb, şanlı bayrağımızı işğal altından azad olunmuş torpaqlara asırıq. Bu, hədsiz qürurverici haldır.
Əminəm ki, Prezidentin işğal olunmuş ərazilərə səfərləri hər birimiz üçün böyük marağa səbəb olur. Biz çox hörmətli Mehriban xanım Əliyevanın çəkdiyi həvəskar videolar vasitəsi ilə doğma Prezidentimizin səmimi təqdimatında azad olunmuş torpaqlarımızda görüləcək işlərlə tanış oluruq. İllərdir həsrətində olduğumuz bu yerlərdə həyatın yenidən canlanması, təbiətin öz hənirimiz, öz səsimizlə oyanması hər bir azərbaycanlını sevindirən amildir.
İşğal prosesi tam başa çatdıqdan sonra əsas məsələ uzun illər inkişaf mərhələsindən kənarda qalmış ərazilərin bərpasıdır. Əlbəttə, bu keçid dönəmini Azərbaycan özü daxili imkanları hesabına uğurla keçə bilər. Lakin bu sahədə uğurlu təcrübələr həyata keçirmiş dövlətlərdən və onların uğurlarından faydalanmaq rasional addımdır. Dövlət başçısı möhtərəm İlham Əliyev istər müharibə dönəmində, istərsə də sonrakı mərhələdə dost və qardaş dövlətlərin Qarabağın bərpasında iştirak edəcəyini dəfələrlə vurğulamışdır. Artıq müharibə bitib və bir sıra layihələr öz axarında reallaşır. Deməliyəm ki, biz dost və qardaş ölkələrin xidmətlərindən faydalanırıq. Bu faydalanma əlbəttə, qarşılıqlı mənfəətə əsaslanır.
Ərazilərdə bərpa işlərinin həyata keçirilməsi, ticarətin və həyatın canlanması üçün ilkin olaraq bölgənin minalardan təmizlənməsi prosesi başa çatmalıdır. Daha sonra isə dağıntıların miqyası müəyyən edilməlidir. Təzminat məsələsi çox böyük əhəmiyyətə malikdir. Bu məqam dövlət başçısı tərəfindən dəfələrlə gündəmə gətirilib. Daha bir məqam var ki, biz yenidənqurma mərhələsində mütləq müəyyən əraziləri maddi və tarixi sübut kimi gələcək nəsillərə ötürməliyik. Açıq hava müzeylərinin təşkil olunmağını şəxsən dövlət başçısı özü təklif etmişdir. Bu, gələcək nəsillərin barbar qonşularla davranışlarında ehtiyatlı olmağına səbəb olacaqdır.
Hər halda mən desəm ki, dünyada İlham Əliyev qədər müdrik siyasi xadim, lider elə də çox deyil, əminəm ki, siz mənimlə razılaşacaqsınız. O yalnız ölkə xaricində ölkəsini ləyaqətlə təmsil etmir, eyni zamanda da cəmiyyətimizdə verdiyi qərarlarla böyük hörmət və sonsuz sevgi qazanmışdır. Söz xatirinə söz demədiyini, mənasız bəyanatlar vermədiyini, sözünün imzası qədər qüdrətli olduğunu artıq bütün dünya bilir. Möhtərəm Prezident həm də peşəkar dövlət idarəçisidir. Verdiyi tapşırıqları mütləq yoxlayır və dövlət aparatının işinə şəxsən nəzarət edir. Düşünürəm ki, verdiyi əmrləri yerində yoxlamağı vacib sayan dövlət başçısının digər rayonlara olduğu kimi işğaldan azad olunmuş bölgələrə də səfərlərinin sayı artacaqdır. Axı bu ərazilər həm əhəmiyyətli, həm də həssas bölgələrdir. Yenidənqurma prosesinin davam etdiyi vaxtlarda verilən tapşırıqların müntəzəm yoxlanılması böyük əhəmiyyətə malikdir. Prezdentin bu məsələyə həssas yanaşması həm vətəndaşlarda dövlətə güvən, etibar və etimadı, həm də məmurlarda öz işlərinə qarşı cavabdehliyi artırar.
Qarabağa Prezidentin hər səfəri yalnız insanlar üçün deyil, torpaq və təbiət üçün də bayramdır. Hər səfərini günəş öz şüaları ilə müşayiət etməkdədir. Sanki təbiət, torpaq öz əsl sahiblərini görüb sevinirlər. Əslində sözün bütün mənalarında cənab Prezidentin hər səfəri günəş kimi Qarabağa şölə saçır, bölgə üçün töhfələr verir. İstər konkret görülmüş işlər, istərsə də siyasi bəyanatları bölgənin inkişafına istiqamət vermək baxımından çox əhəmiyyətlidir.
Dövlət başçısının maşında Mehriban xanımın çəkilişləri vasitəsi ilə sözlərinə də diqqət etsək görərik ki, təbiətin Qarabağda canlanması onun üçün böyük əhəmiyyətə malikdir. Bu dəfəki səfər zamanı uca çinarlar vətəni olan Zəngilanda çinar ağaclarının əkilməsi də məhz bu amala xidmət edən amildir. Cənab Prezident çinarların əkilməsini hətta bir borc kimi qiymətləndirir. Təbiətin inkişafı insanın inkişafına töhfə verən hadisədir. Unutmaq lazım deyil ki, hər bir varlıq kimi insan da təbiətdən yaranır və sonda torpağa qovuşur.
Əsası 1974-cü ildə Ulu Öndər tərəfindən qoyulmuş “Bəsitçay” dövlət qoruğu düşmən tərəfindən məhv edilmişdir. Əlbəttə, bu torpaqlarda müvəqqəti olduqlarını bilən düşmənlər sadəcə talançılıqla məşğul olublar. Dövlət qoruğu ərazisində mövcud olmuş iki yüz illik çinarların demək olar ki, hamısı məhv edilmişdir. Bugün orada yeni əkilmiş çinar o qoruğun keçmiş şanlı günlərini gün gələcək yenidən özünə qaytaracaqdır.
Uzun illərin həsrəti inkişafın yeni modulu olaraq üzə çıxacaq. Biz bundan sonrakı inkişaf prosesini müasir dünyanı qabaqlayaraq həyata keçirəcəyik. Dövlət başçısı yenidənqurmaya məhz Zəngilan rayonu İkinci Ağalı kəndindən başlanılacağını bəyan etmişdir. Əlbəttə, Prezident dəfələrlə demişdir ki, Qarabağda yenidənqurma zamanı “ağıllı kəndlər və şəhərlər” qurulacaqdır. Yaxşı olardı ki, hər biriniz internetdə “ağıllı kənd və şəhər” layihələri ilə tanış olasınız. Sünix, Barcelona və Sinqapur kimi modern şəhərlər bu layihələrdən istifadə ediblər. Maksimum insan əməyindən az istifadə olunan layihələrdir. Çox qənaətcil və müasir texnologiyanın tədbiqi ilə taclandırılmışdır. Sıfırdan qurulacaq kənd və şəhərlərdə daha da rentabelli və faydalıdır. Məhz bu kimi amilləri düşünərkən bir daha dövlət başçımızın qərarlarının nə qədər müdrik olduğunu görürük.
İşğaldan azad olunan torpaqlarda çaylar bol sululuğuna görə fərqlənir. Düşmən uzun illər bu strateji potensialdan istifadə etmişdir. Zəngilanın və Qubadlının çox güclü su potensialı var. Özü də çay balıqlarının miqdarına və dadına görə bu çayların balıqları xüsusi əhəmiyyətə malikdir. İşğaldan azad olunan torpaqlarda həyatın yenidən canlanması, təbiətin oyanması üçün dövlətimiz hər addımı atır. Milli çaylarımıza qarşı xüsusi diqqət göstərilməsi, onlarda balıq törəmələrinin bərpası vacib amildir. Prezidentin Qarabağa son səfəri zamanı balıq törəmələrinin ərazidən axan çaylarımıza buraxılması bu çaylarımızda zəngin balıq ehtiyatının yenidən bərpasına xidmət edir.
Yeni yaranmış vəziyyət yeni imkanlar yaratmışdır. Lakin bütün dağılmış infrastrukturun, ticarətin və həyatın bir anda bərpası mümkünsüzdür. Yeni nəqliyyat yollarının açılması, yeni ticarət imkanlarının yaranması cənubi Qafqazın inkişafına müsbət təsir edəcəkdir. Azərbaycan Prezidentinin təklif etdiyi altılıq formatında qurulacaq iqtisadi inkişaf böyük əhəmiyyətə malikdir. Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistanın ortaq bir layihədə yer alması regionun gələcək inkişafına ciddi töhfələr verəcək. Həmçinin, Horadiz-Zəngilan-Ağbənd dəmiryolu xəttlərinin təməlinin yenidən atılması böyük geosiyasi hadisədir. Xüsusilə regionda bir neçə dövlətin maraqlarına birdən xidmət edir. Bu dəmiryol xətti Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı ana vətənlə birləşdirəcəkdir. Bu, eyni zamanda Böyük Türk Dünyasının da vahidləşməsi, bütövləşməsidir. Bu hadisəni həm iqtisadi, həm siyasi, həm də coğrafi yenilik kimi qiymətləndirmək olar. Region dövlətləri sülhün bərqərar olması ilə böyük iqtisadi gəlir əldə edəcəkdir. Əlbəttə, Ermənistan bu yolla böhran vəziyyətindən çıxaraq Türkiyəyə, İrana və Rusiyaya birbaşa çıxış əldə etmiş olacaqdır. Ticarət əlaqələrinin yenidən bərpa olunması regionda sülhün və sabitliyin dayanıqlı, davamlı olmasına mühüm zəmin yaradacaqdır.
Yuxarıda qeyd olunan hər bir məqam dövlətlərimizin bundan sonrakı inkişafına və Qarabağın yenidən qurulmasına xidmət edir. Çox böyük qürur hissi ilə demək istəyirəm ki, mən bu prosesin bir hissəsi olmağa hazıram!

Oxunub: 775
Oxşar xəbərlər
SON XƏBƏRLƏR