dini radikalizm və ekstremizmlə mübarizə

ŞƏHİDLİK ZİRVƏSİ


Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi.
Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar bu uca zirvəyə yüksələ bilər.
Vətən müharibəsində iştirak edərək şəhid olmuş hərbi qulluqçuların ailələri hamımız üçün əzizdir. Onların yanında olmaq, diqqət göstərmək hər birimizin mənəvi borcudur.
Növbəti dəfə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, RİHB-nin birinci müavini Rəşad Hacıyev və şöbə müdirləri torpaqlarımızın düşmən tapdağından azad olunmasında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Süleymanov Rauf Allahverdi oğlunun ailəsini ziyarət etmiş, ailəyə ərzaq yardımı göstərilmiş və şəhidin övladına hədiyyələr təqdim edilmişdir. Həmçinin, ailənin qayğı və problemləri ilə yaxından maraqlanaraq həlli istiqamətində müvafiq tapşırıqlar verilmişdir. Şəhidin ailəsinə səbr diləyən Əziz Əzizov və Milli Məclisin deputatı Etibar Əliyev Şəhidliyin, vətənpərvərliyin ən ali məqamı olduğunu, bu ucalığa yüksələnlərin ömür yolunun nə qədər qısa olsa da, şərəfli və örnək sayıldığını vurğulayıblar.
Qeyd edək ki, Şəhidimiz Rauf Süleymanov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
PS. Mütəmadi Şəhid ailələrini və Qaziləri ziyarət edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov atdığı addımı ilə Cənab Prezident İlham Əliyevin ona verdiyi vəzifəni və etimadı layiqincə yerinə yetirdiyini göstərir.

Almaz İlahə



Oxunub: 488
Oxşar xəbərlər
SON XƏBƏRLƏR