dini radikalizm və ekstremizmlə mübarizə

“Qarabağ danışıqlarının detalları xalqa açıqlana bilməz”

Baxış Sayı:219

“Qarabağ danışıqlarının detalları xalqa açıqlana bilməz”

Zərdüşt Əlizadə: “Rusiyanın vasitəçi deyil, münaqişə tərəfi olduğunu mən deyə bilərəm, rəsmi şəxslər yox”

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşü və görüşdə imzalanan dörd bəndlik sənəd haqqında müxtəlif fikirlər var. Görüşdə Bakının İrəvan üzərində əlavə təzyiq imkanları qazandığını düşünənlərlə yanaşı, bir çox şəxslər hesab edirlər ki, İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın görüşündə, müharibədən qalib çıxmış Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı istənilən nəticəni əldə edə bilmədi, lakin, görüşdə razılaşdırılan məsələlər nöqteyi-nəzərindən Rusiya qazanclı çıxdı. O mənada ki, bölgədə açılması nəzərdə tutulan nəqliyyat-kommunikasiya xətlərinin Rusiya üçün vacibdir.

Rəsmi Bakı üçün vacib olan məsələ o idi ki, Dağlıq Qarabağda hələ də erməni silahlı separatçıları çıxarılsın, rus sülhməramlılarının davranışlarına aydınlıq gətirilsin. Amma bunlar baş vermədi, ən azından, ictimaiyyətə bu barədə açıqlama verilmədi. Bununla yanaşı, Moskva görüşündə Rusiya vasitəçi yox, tərəf kimi görünürdü.

Bunlarla yanaşı, əksini hesab edənlər də var. Onların arqumentləri odur ki, kommunikasiya xətlərinin blokadadan çıxarılması bölgənin inkişafına təkan verəcək və bu, sülhün bərqərar olunması yolunda mühüm addımdır. Həmçinin, əsas məsələlərdən biri kimi o göstərilir ki, bu görüşdə rəsmi İrəvanın həmişə təkid etdiyi Qarabağın statusu məsələsindən söhbət belə, açılmadı.

KONKRET.az xəbər verir ki, Moskva görüşü, razılaşdırılan və imzalanan dörd bəndlik sənədlə bağlı fikirlərini AYNA ilə bölüşən politoloq Zərdüşt Əlizadə hesab edir ki, Moskva görüşündə belə bir nəticənin əldə olunacağı gözlənilirdi:

– Düşünürəm ki, Moskvada Azərbaycan Ordusunun hərbi qələbəsini diplomatik sahədə möhkəmləndirən addımlar atıldı. Azərbaycan 44 günlük müharibədə parlaq qələbə qazandı, lakin ötən ilin 10 noyabrında atəşkəslə bağlı imzalanan üçtərəfli sənəddən başqa, ortada heç nə yox idi. O sənəddə isə ümumi mənzərə əksini tapmışdı. İki ay keçdi, ehtiraslar bir az səngidi və 3 dövlətin başçısı oturub, bölgədə sülhün, əmin-amanlığın möhkəmlənməsi üçün tələb olunan tədbirləri müzakirə etdi. Fikrimcə, Moskva görüşündən Azərbaycan Prezidenti uğurla ayrıldı.

– Həmin uğurlar nədən ibarətdir?

– Birincisi, bölgənin gələcəyi üçün, Cənubi Qafqaz respublikalarının normal siyasi məcraya qayıtması üçün çox əhəmiyyətli olan nəqliyyat-kommunikasiyaların açılması razılaşdırıldı. İkincisi, İlham Əliyev sülhməramlıların fəaliyyəti barədə Putinlə danışıqlar apardı. Bu məsələnin tənzimlənməsini nəzərdə tutan hansısa üçtərəfli komissiyanın yaradılması barədə razılıq əldə edilib. Bu, böyük uğurlardan biridir. Bundan başqa, baxmayaraq ki, Paşinyan Qarabağın statusu məsələsinin müzakirəsini çox gündəmə gətirir, amma görüşdə bu barədə bir kəlmə də deyilmədi. Görüşdən sonra mətbuata açıqlamada da yenidən Paşinyan status məsələsini dedi, amma Əliyev susdu. Bununla Azərbaycan Prezidenti bildirmiş oldu ki, status olmayacaq, bu məsələ qapanıb.

Bunlar görüşlə bağlı müsbət hallardır, qazancdır. Hesab edirəm ki, Paşinyanla danışıqlarda nöbəti məsələlərlə bağlı müsbətə doğru addımların atılması qərarlaşdırılıb. Xüsusən də, sərhədlərin açılması, ölkələr arasında normal əlaqələrin bərpası və s. Normallaşma prosesinin sürətlənəcəyi şübhəsizdir. Çünki Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da elan edib ki, Türkiyənin Ermənistanla sərhədləri açması mümkündür. Sərhədlərin açılması bölgədə sülhün bərqərar olunması istiqamətində ən mühüm addımlardan biri olacaq. Əminəm ki, sərhədlər açıldıqdan, Türkiyə ilə Ermənistan arasında normal münasibətlər bərpa ediləndən 1-2 il sonra Ermənistandakı xəstə ictimai rəy dəyişəcək. Onlar türklərə, azərbaycanlılara düşmən kimi baxmağı yavaş-yavaş tərgidəcəklər.

– Bu, necə baş verəcək? Tarixən ermənilərdə türk düşmənçiliyi, ərazi, “soyqrımı” və başqa iddialar var…

– Əsas olan ictimai rəyin dəyişməsidir. Təsəvvür edin ki, ermənilər İrəvan vağzalında qatara, avtobusa otururlar və gəlib Azərbaycan ərazisindən Rusiyaya keçirlər. Burada Azərbaycanın təhlükəsizliyinə zərər yoxdur, amma ermənilər üçün bu, böyük bir imtiyazdır. Eynilə də Türkiyəyə rahat gedirlər, ticarət edirlər və s. Nəqliyyat-kommunikasiyaların açılması ermənilərin türklərə, azərbaycanlılara fərqli gözlə baxmasına şərait yaradacaq. Xəstə təfəkkürdə ermənilər anlayacaqlar ki, buradan sərbəst şəkildə keçirlər, başqa ölkələrə rahat gedirlər, demək ki, azərbaycanlılar, türklər düşmən deyil.

– Yəni, normal qonşuluq münasibətləri bərpa olunacaq…

– Əlbəttə. İlham Əliyev də dəfələrlə bildirib ki, biz xalqla yox, separatçılarla, işğalçı və terrorçularla müharibə aparırıq. Onu da bildirib ki, ermənilər istəsələr, Azərbaycan vətəndaşlığını qəbul edə bilərlər, onların normal hüquqları təmin olunacaq. Yəni, ermənilərə ən yüksək səviyyədə zəmanət verilir ki, onlar istəyərlərsə, Azərbaycan vətəndaşları ilə bərabər hüquqlara malik ola bilərlər. Bunu praktikada göstərmək lazımdır ki, ermənilər illərdir xəstə təfəkkürdə olduqlarını başa düşsünlər, ayılsınlar. Ümumilikdə, Moskva görüşünü Azərbaycan üçün uğurlu saymaq olar.

– Amma görüşlə bağlı iradlar var. Məsələn, bildirilir ki, Azərbaycan üçün nəqliyyat-kommunikasiya yox, Qarabağdakı erməni silahlılarının çıxarılması, Rusiya sülhməramlılarının qeyri-qanuni fəaliyyəti əsas məsələ idi. Lakin bu məsələlərə toxunulmur, bizim üçün o qədər də vacib olmayan kommunikasiyalar, iqtisadi əlaqələr müzakirə olunur…

– Bizim bəzi dırnaqarası ekspertlər bir çox məsələləri anlamırlar. Təsəvvür edin ki, siz bir adamla danışmağa məcbursunuz, başqa çıxış yolu yoxdur. Əgər bu insan küncə sıxılıbsa, qəzəblidirsə, sənə nifrət edirsə, onunla danışmaq asandır, yoxsa, əksinə? Əlbəttə, seçim imkanı olan, maddi rifahı sənin sayəndə yaxşılaşmış olan adamla danışmaq daha asandır. Erməni qoşunlarının çıxarılması məsələsini hər dəqiqə gündəmə gətirənlərə baxmaq lazımdır: kimdir onlar? O qoşunlar əlbəttə ki, çıxacaq. Amma unutmasınlar ki, biz Qarabağı 1989-cu ildən başlayaraq, 1994-cü ilin may ayına qədər olan müddətdə itirdik. Beş il müddətində torpaqlarımızı addım-addım itirdik və bu itkidə böyük rolu olan insanlar indi İlham Əliyevi tənqid edirlər. Hansı ki, İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Ordusu Qarabağın 80 faizini işğaldan azad edib. Gözləyirdilər ki, 44 günə məsələ yüz faizli həll edilsin? Bu, ola bilməzdi. Mən demişəm, Azərbaycan Ordusu, Azərbaycan xalqı parlaq qələbə qazandı, ancaq bu, problemin tamamilə həlli deyil. Bundan sonra Azərbaycan ağıllı, tədbirli, uzaqgörən siyasət həyata keçirməlidir. Bizim ənənəvi müxalifət bunu anlamır.

– Söhbət müxalifətdən getmir, müstəqil ictimai şəxslərdən gedir…

– Ümumiyyətlə, etiraf etmək lazımdır ki, xalqımızın siyasi savadı azdır, kitab oxumurlar, ədabazlığa meyilliyik. O vaxt da, indi də belədir: siyasi səhnəmizdə kim daha çox “vorzakonluq” edirsə, onu daha çox sevirlər. O vaxt Etibar Məmmədov çıxıb deyirdi ki, Qorbaçovu Azadlıq meydanına gətirəcək, cibinə qoyacaq. Hamı da əl çalırdı, sevinirdi, “urraa” deyə qışqırırdı. Ondan 2 il sonra Etibarın özünü tutdular, Lefertofoya apardılar, Qorbaçov isə Azadlıq meydanına gətirilmədi. Yaxud da, İsgəndər Həmidov “vorzakonluq” edirdi, sonu nə oldu?!

– İrad səsləndirənlər təkcə keçmiş hakimiyyətdə olanlar deyil, yeni nəsildən olanlar da var.

– Baxın, əksəriyyəti onlardır. Ucuz, populist, səviyyəsiz açıqlamalar verirlər, qışqırırlar. Deyirlər ki, Rusiya sülhməramlıları dərhal Azərbaycandan çıxarılmalıdır. Bunu deyən adamlar ümumi mənzərəni təsəvvür edirlərmi? Anlayırlarmı ki, Azərbaycanın qələbəsinin iki səbəbi var: birincisi, Rusiya bu qələbəni tanıdı, Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Şuşanın, Hadrutun və Xocavəndin, Xocalının bir neçə kəndinin azad edildiyini qəbul etdi. Əvəzində isə sülhməramlılarını göndərdi. İndi sülhməramlıları çıxaraq, sonra nə olacaq? ABŞ, Avropa, Rusiya birləşib BMT Təhlükəsizlik Şurasında qərar çıxarsa ki, Azərbaycan əraziləri boşaltmalıdır, nə edəcəyik? ABŞ-a, Fransaya, Rusiyaya qarşı müharibə edəcəyik? Bilirsiniz, reallığı dərk etmək lazımdır. İndi qışqıran adamların hesabına biz Qarabağı itirmişdik. Bu gün Qarabağın 80 faizini azad etmişik – min şükür. İndi qalan 20 faizi qaytarmaq üçün tədbirli, ağıllı, səbrli siyasət yürütməliyik.

– Görüşdən sonra publikaya açıqlananlar, deyilənlər aydındır. Biz əmin ola bilərik ki, 4 saatdan artıq çəkən müzakirələrdə bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb, razılaşmalar əldə olunub, sadəcə ictimaiyyətə açıqlanmır?

– Nə vaxt qapalı görüşlərdə müzakirə olunan məsələlər detallı şəkildə ictimaiyyətə açıqlanıb ki? Dünya tarixində belə bir şey olub? Əlbəttə, yox. Razılaşdırılmış məsələlər ümumi şəkildə publikaya deyilə bilər, o da ki, xırda bir hissəsi. İngiltərə 100 il bundan qabaq keçirdiyi siyasi görüşləri, aparılan danışıqları hələ də açıqlamayıb. Rusiya da imperiyadır. Bu, faktiki belədir. Elə bilirsiniz ki, 1989-cu ildən sonra xalqları qızışdırdıqlarını, SSRİ-ni necə dağıtdıqlarını açıqlayıblar? Biz bilirik ki, SSRİ necə dağıldı? Əlbəttə, bilmirik. Ona görə də, anlamaq lazımdır ki, belə mürəkkəb məsələ ilə bağlı müzakirələri, razılaşmaları təfərrüatı ilə sadə xalqa heç zaman açıqlamayacaqlar. Açıqlasalar belə, xalq onu oxuya, anlaya bilməyəcək. İndi bəzi müxalifətçilər, savadsız politoloqlar deyirlər ki, detalları açın, görək, nə danışırsınız. Bu, ola bilməz.

– Amma hesabatlılıq baxımından açıqlanmalı deyilmi? Bu məsələ xalqın ümummilli məsələsidir…

– O çağırışı edənlər kimdirlər ki, onlara da nəsə deyilsin?! Həmin müxalifətçilər hansı xidmət sahibidirlər ki, bu məlumatlar da təfərrüatı ilə onlara çatdırılsın?! Xalqa hansı ağıllı söz deyiblər, hansı böyük ixtiraları ediblər? Kəmsavad adamlardır, meşşandırlar. Qarabağ kimi mürəkkəb məsələlərlə bağlı danışıqlar peşəkarlıq tələb edir. Burada yüksək səviyyəli diplomatlar işləyirlər. İndi daxili siyasətlə bağlı İlham Əliyevə qarşı iradlar olsa da, biz müharibə zamanı Prezidentin yüksək peşəkarlıq nümayiş etdirdiyinin şahidi olduq. İlham Əliyev açıqlamaları ilə göstərdi ki, erməni diplomatlardan, siyasətçilərdən qat-qat yüksəkdir. Belə bir diplomatik bacarığa malik ölkə rəhbəri gəlib hansısa “Məmməd Məmmədovla” məsləhətləşsin ki, danışıqları necə aparsın? Yoxsa, Sərdar Cəlaloğlu ilə məsləhətləşilməlidir? Bu, gülməlidir.

Əlbəttə, 4 saatdan artıq görüşdə münaqişə ilə bağlı ortaya çıxan problemlər bütün detalları ilə müzakirə olunub. O cümlədən də, rəsmi İrəvanın hərbi əsir, Bakının isə diversant, terrorçu adlandırdığı hərbçilərin məsələsi də qaldırılıb. Paşinyan bildirdi ki, bu problem həllini tapmayıb. Demək ki, İlham Əliyev Ermənistanın tələbinə mənfi cavab verib. Azərbaycan qanun çərçivəsində davranır. Onlar atəşkəs haqqında bəyanat imzalanandan sonra Qarabağa gəliblər. Bizimkilər də ərazilərimizi pozan təxribatçı terrorçuları tutub, qanunla cəzalandıracaq. İndi bu barədə danışıqların detallarını açıqladılarmı? Xeyir. Bunun kimi o qədər məsələlər var ki, ictimaiyyətə açıqlanmır, açıqlanması da vacib bilinmir.

Nəzərə almaq lazımdır ki, görüşlərdə hər zaman qalib tərəf diktə edir. Qalib Azərbaycan olduğu üçün diktə etdi. İndi lazımdır ki, İlham Əliyev ictimaiyyət qarşısında Paşinyanı əzsin? Əksinə, Əliyevə lazımdır ki, Paşinyanın Ermənistanda nüfuzu bir qədər qalxsın. Çünki bəyanatı imzalayan Paşinyandır. Bizə Paşinyanın götürdüyü öhdəlikləri yerinə yetirməsi lazımdır. Sabah Ermənistanda hakimiyyətə Robert Köçəryan gəlsə, bu, yaxşı olacaq? Köçəryan Putinin dostudur, Kremldə əlaqələri var. Düzdür, o da heç nə edə bilməz. Amma bir çox məsələlərdə dirəniş göstərəcək. Yəni, sözümün canı odur ki, hər şey açıq şəkildə ictimaiyyətə açıqlana bilməz. Bu, siyasətdir, uşaq oyuncağı deyil.

– Paşinyan görüşdən sonra Qarabağın statusunun həll edilməli olduğunu bir daha vurğuladı. Necə düşünürsünüz, status gələcəkdə müzakirə predmeti ola bilərmi?

– Gəlin, heç vaxt “heç vaxt” deməyək. Dünyada gedən proseslər zəngindir. Sabah şərait dəyişə bilər. Vaxtilə Ziya Məmmədov ən böyük oliqarx məmur idi, indi nə edir? Yaxud da, Əli İnsanov ən qüdrətli məmur idi, sonra həbs etdilər, indi də müxalifətçilik edir. Yəni, heç vaxt nəyin necə olacağını demək olmaz. İndiki şəraitə baxmaq lazımdır. Azərbaycan Prezidenti dedi ki, status məsələsi qapanıb. Bilirsiniz, status məsələsi ermənilərin xəstə təfəkküründə önəmlidir, onlar üçün müqəddəs bir məfhumdur. Məlumdur ki, bu gün Paşinyanın daxildə vəziyyəti ağırdır. Xalqa xoş gəlmək üçün, “baxın, sizin tələblərinizi səsləndirdim” demək üçün statusun həll olunmasının vacibliyindən danışdı. İlham Əliyev isə buna heç cavab vermədi. Susmaqla Azərbaycan Prezidenti dedi ki, mövqeyini səsləndirib, bu məsələ arxivə gedib. Hesab edirəm ki, Paşinyanın bu ifadələrinə ən parlaq cavab İlham Əliyevin cavab verməməsi idi. Eyni zamanda, Paşinyanın əsirlərlə bağlı dediklərini də Əliyev cavabsız qoydu. Cavab verməməklə bildirdi ki, onlar hərbi əsir yox, terrorçudurlar. Gələcəkdə nə olacaq, onu həmin zamanın prosesləri göstərəcək.

– Rusiya sülhyaratma missiyası həyata keçirdiyini açıqlayıb. Amma Moskva görüşündə, imzalanan bəyanatda görünür ki, Rusiya vasitəçi yox, tərəf kimi çıxış edir…

– Bizə pişiyin siçanı tutması lazımdır. Burada pişiyin rənginin bizim üçün nə əhəmiyyəti var? Azərbaycana lazımdır ki, yollar açılsın. O, başqa məsələdir ki, Ermənistan ərazisində yollara Rusiya nəzarət edir. Bu, onların öz işləridir. Azərbaycanda isə yollara yalnız Azərbaycanın əsgəri, Azərbaycanın dövlət qurumları nəzarət edəcək. Anlamaq lazımdır ki, bizim suverenliyimiz Ermənistandan qat-qat yüksəkdədir. Təbii ki, Rusiya münaqişə tərəfidir, bunu demək lazımdır. Qarabağ münaqişəsi ikitərəfli yox, üçtərəflidir. Belədir ki, danışıqlar da üçtərəfli gedir. Ermənistan alət kimi istifadə olunur, münaqişəni qazanan tərəf Rusiyadır. Ermənistan da, Azərbaycan da burada itirən tərəfdir. Güc nisbəti elədir ki, biz bunu açıq şəkildə deyə bilmirik. Rusiyaya açıq düşmənçilik mövqeyi göstərmirik. Özümüzü bilməməzliyə vururuq, guya ki, münaqişənin mahiyyətini, Rusiyanın davranışlarını anlamırıq. Deyirik ki, bəli, Rusiya vasitəçidir, Rusiya sülhməramlı missiya həyata keçirir, çox sağ olsun və s. Rusiyanın işğalçılıq, imperialist siyasətini mən deyə bilərəm, çünki adi vətəndaşam, təqaüdçüyəm. Amma bunu İlham Əliyev, xarici işlər naziri, başqa rəsmi bir şəxs deyə bilməz. Diplomatik danışıq nə üçündür? Əlbəttə, fikirləri gizlətmək üçündür. Əslində isə Rusiya araqızışdıran, imperiya maraqları olan, işğalçılıq edən dövlətdir. Faktiki olaraq da, münaqişədə tərəfdir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR