dini radikalizm və ekstremizmlə mübarizə

SUSUZ ÇÖLLƏRƏ CAN VERƏN ŞƏHİD QANIDIR!


Bu payız küsəcək məndən QARABAĞ,
Yollarda qalacaq gözü yolların.
Payım budaqlardan özün asacaq,
Bağrı çatlayacaq gülöyşə narın.

Vətənimizin qəhrəman oğlu Mirzəyev Məsud Fazil oğlu haqqında mənə bu hadisəni əziz dostum və həmkarım, çox vətənpərvər bir oğul, Laçın rayonundan olan HAMLET ABBASOV danışıb.

Təbiət əzəməti və qüdrəti ilə insanı heyrətə gətirə biləcək hadisələrlə doludur. Bəlkə də bunlardan ən əzəmətlisi ümmanları qarşısına qatıb çalxalayan, digəri isə gəşişi ilə torpağın qara bağrında hələ asanlıqla izi silinməyən yaralar açan vulkandır.
Fırtına və vulkan deyiləndə güc, qüdrət, böyüklük həm də hikmət, özüdə təbii bir hikmət yada düşür. Zənnimcə xatırlanan təbii hadisələrdən ikinci, birinciyə nisbətən daha güclü, daha qüdrətli, daha böyük, daha hikmətlidir. Çünki fırtına nə qədər amansız olursa olsun, rüzgarın dəhşəti keçdimi, dəryalar sakitləşir, heç bir iz qoymadan dünyanı dağıdan tufanın əlləri öz qınına qayıdır. Ancaq vulkan isə tamam başqadır. O, dağıdır, dünyaya meydan oxuyur, qırmızı dillərini çıxararaq hər yana od alov üfürür, özündən sonra izləri illərlə, əsrlərlə silinmir.
Muharibədə belədir, vilkana bənzəyir, yıxır, yandırır, ataları, anaları oğulsuz, bacıları qardaşsız, gəlinləri ərsiz qoyur. VƏTƏN üçün böyüyən oğullar bir anda VƏTƏNƏ qurban getməyə hazır olurlar, canlarından, qanlarından keçirlər ki, təki VƏTƏN sağ olsun, təki VƏTƏN ayaqda dursun. Mirzəyev Məsud Fazil oğlu kimi igidlər özlərinin şah damarından VƏTƏNİN qansız qalan damarlarına qan verdilər ki, VƏTƏN sağ olsun.
...Düz otuz ildir susuz qalan, sudan yana bağrı cadar-cadar olmuş qara torpaq üzərində böyüdüb, boya başa çatdırdığı oğulların düşmən üstünə gedəcək ayaq səslərinə göz dikib, qulaq kəsilmişdir. Suqovuşan kəndini özlərinə yuva seçmiş quldur dəstəsi elə burdaca suyun qabağını kəsib, yerli camaatı əkin-biçindən eləmişdilər. Düz otuz il idi ki, birada mərdlə namərdin, xeyrlə şərin, qaranlıqla gündüzün ölüm dirim mübarizəsi gedirdi. Burada yaşayanlar düşmənlərimizin məkr, hiylə, müxənnətlik dünyasını bir gün qəhrəman oğullarımızın əli ilə dağıdılacağına inanırdılar.
Mirzəyev Məsud Fazil oğlu Hacıqabul rayon ikinci Udulu kəndində anadan olub (09.IV.2002). Elə həmin rayonda R.Mehbalıyev adına Tava kənd tam orta məktəbdə 9-cu sinfə qədər oxumuş (2008-2017), sonra isə A.Baxşəliyev adına Şorbaçı kənd tam orta məktəbində 11-ci sinfini bitirmişdir (2017-2019). On səkkiz yaşı tamam olanda hərbi xidmətə yola düşmüşdür (04.V.2020).
Məsudun tərcümeyi halı bu qədər sadə və qısadır. Ancaq VƏTƏN uğrunda xidməti ən böyük zirvədə dayanır. Şəhidlik zirvəsi! Buna o qəlbən hazır olmuşdu. Hələ beş aylıq hərbi xidməti dövründə, yerli camaatın Suqovuşan istiqamətində susuzluqdan əziyyət çəkdiyini gördükcə özünə söz verir ki, bir gün bu susuz çöllərə can vermək üçün canımızdan keçməliyik. Həmin an gəldi və Məsudda verdiyi sözü tutdu: öz müqəddəs şəhid qanı hesabına susuz çöllərə Suqovuşandan su gətirdi.
Tarixə Suqovuşan döyüşü kimi daxil olan bu döyüş mürəkkəb coğrafi şəraitdə, relyefdə baş verirdi. Ermənistan uzun illər işğal etdiyi bu ərazilərdə müdafiə səddləri qurmuş, istahkamlar inşa etmiş, rəşadətli Azərbaycan ordusunun bir gün gələcəyini bildiyindən bütün yolları, keçidləri minalamış, hər yerdə tələlər qurmuşdu. Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olmuşdur. Burada qanlı döyüşlər gedir, mərmilər yağış kimi yağırdı. Məsudgilin dəstəsi düşməni sıxışdırıb göz açmağa imkan vermirdi. İgid oğulların nərəsindən, mərmi səsindən, daşlara dəyib çovuyan güllələrin vıyıltısından, düşmən səngərində göylərə dirənən insanın ahu naləsindən bu yerlər bir cəhənnəmi xatırladırdı. Məsudun gözü düşmən səngərindəki bir yeri hədəf seçmişdi, bayaqdan ordan atılan plamiyot güllələri bir neçə döyüş yoldaşını şəhid etmişdi. Gənc döyüşçü yaşına yaraşmayan bir qorxmamazlıqla güllə yağışı altında xeyli sürünüb qayaya söykəndi, əlindəki silahı çox ustalıqla bayaqdan ölüm saçan həmin yerə tuşlayıb diqqətlə nişan aldı. İgid əsgərin bir neçə dəqiq atəşindən sonra həmin yüksəklikdən düşmən atəşi kəsildi. İgid əsgərlərimiz düşmən səngərindən bir nəfər olsun sağ çıxmasına imkan verməmişdilər.
Nəhayət ordumuz oktyabrın 3-də Tərtər rayonunun Talış və Madagiz kəndlərini tamamilə işğaldan azad etdilər. Həmin gün Madagiz-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun dörd tankı məhv edilmiş, üç tankı isə qənimət götürülmüşdür. Həmçinin Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə artilleriya zərbələrinin endirilməsi nəticəsində düşmənin dörd ədəd avtomobil texnikası məhv edilmişdir. Elə həmin gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin verdiyi qərara əsasən, Madagizin tarixi adı olan Suqovuşan adı bərpa edilmişdir.
Azərbaycanın Suqovuşan su anbarını ələ keçirməklə düşmənin enerji potensialına zərbə vurulmuş, Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olundu. Öz xöşbəxtliyindən keçən Məsud VƏTƏNİ susuzluqdan xilas edib arzusuna çatmışdı.
Məsud xalası oğlu ilə telefon danışıqlarının birində deyib ki, mənim döyüşlərdə olduğumu ailəmə bildirmə, qoy narahat olmasınlar, de ki, hər şey qaydasındadır, hər şey yaxşı olacaq.
Məsud oktyabrın 9-da Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb, amma adı itkin düşmüş hərbçilər siyahısında olduğu üçün noyabr ayının 26-sında dəfn olunub. Mirzəyev Məsud Fazil oğlu göstərdiyi misilsiz qəhrəmanlıqlara görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin verdiyi sərəncamla “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Məsud ailəsinə və vətəninə bağlı bir igid idi. O son dəfə oktyabrın 4-də xalası oğlu ilə əlaqə saxlamışdır. Əsgər yoldaşları Məsud haqqında deyirdilər ki, o çox şücaətli, vətənə bağlı daima irəlidə gedən biri idi. Onun hərbçi olmaq kimi xəyalları var idi və bir də onun ən böyük arzusu Qarabağı işğaldan azad etmək idi.
Biz müharibənin xalqımıza gətirdiyi bu dərdi, bu qəmi daim qəlbimizdə sax-layacağıq. Ancaq eyni zamanda şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olub və bundan sonra da örnək olacaqdır. Mən tam əminəm ki, Azərbaycanın bu günkü nəsli də, gələcək nəsilləri də şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq, respublikamızın müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaq, qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər.
Bu gün Qarabağda səmanı Azərbaycan bayrağı bəzəyir. Bu bayrağı Qarabağ torpaqlarına Ali Baş Komandanın nəyi, necə, nə vaxt etməyi bilmək məntiqi, ordunun rəşadəti və xalqın birliyi sancdı. Biz bu yolda təntimədik, tələsmədik, çaşmadıq, yerli-yersiz həddimizi aşmadıq, yoldaşımız səbr, dözüm oldu, inandıq ki, bugün-sabah QARABAĞ bizim olacaq. Daha zaman QARABAĞINDI, Yol Tanrının, haqqı dərkindi. Bunun üçün şəhid verdik, qurban verdik, can verdik, cansızlara şah damarımızdan qan verdik.
Qədim Spartada analar övladını müharibəyə göndərərkən deyərmişlər “Ya qalxanınla, ya da qalxanın üzərində qayıt”. Bu payız analar oğulları döyüşə yola salanda deyirdi “VƏTƏNİN namusu sizə əmanətdir” və igid oğullarımızda analarımızın bu tapşırığını unutmadılar. VƏTƏN namusu düşmən tapdağından qorundu.
Heç şübhəsiz, aylar, illər ötəcək, bu müharibə heç kəsin dilindən düşməyəcək. Kitablar, dərsliklər yazılacaq, bu müharibədə iştirak etmiş hər bir azərbaycanlı isə qəhrəmanlar olaraq anılacaq.
Mirzəyev Məsud QARABAĞIN azadlığı uğrunda payızda şəhid oldu. Gələn payız yollar Məsudunu gözləyəcək QARABAĞDA, payı ağaclar üzərində budaqlardan asılı qalacaq, yol gözləməkdən bağrı çatlayacaq gülöyşə narın.
Sən ömründən pay verdin VƏTƏNƏ, nur içində yat şəhid balamız!

Əli ZALOV
kimya elmləri doktoru
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Analitik və üzvi kimya kafedrasının müdiri

Oxunub: 641
Oxşar xəbərlər
SON XƏBƏRLƏR