dini radikalizm və ekstremizmlə mübarizə

"Qazi Nurlan Məhərrəmli: - Gələcəyin aktyoru”



Respublikanin xalq artisti Naibə Allahverdiyevanın mənzilinə qonaq çağırdığı gənc qazimizlə görüşə gedəndə qürur hissimi gizlədə bilmədim... Gənc bir döyüşçünün bu qədər vətənpərvər, millətini sevən olması əlbəttə ki, qürurlanmağıma əsas verirdi... Hələ Naibə xanım ona "oğlum" deyib bağrına basanda daha da qürürlandım. Açığı illərdir tanıdığım rəfiqəmin - Naibə Allahverdiyevanın da bütün vətən müharibəsi boyunca göstərdiyi ruh yüksəkliyi, düşmənə virtual da olsa nifrət püskürməsi, qələbəni addım addım bütün varlığı ilə izləyib sevinməsi onu yenidən tanıyıb daha da bağlanmağıma səbəb oldu.
Bu gün isə o, bu yaralı balamıza qucaq açıb, bizlərə tanıtması ilə bizə də sevincli anlar bəxş etdi.
Məhərrəmli Nurlan Xalid oğlu 3 sentyabr 1998-ci ildə Tərtər rayonunda anadan olub. 2016-cı ildə orta məktəbi bitirib. 2017-ci ildə hərbi xidmətə yollanıb. 2018-ci ildə bir müddət polis orqanında çalışıb, iyul döyüşləri zamanı elan olunmuş səfərbərlikdə könüllü qeydiyyatdan keçib və öz ərizəsi ilə işdən çıxıb. Vətən müharibəsinin ilk günlərindən döyüşən Nurlan, Kəlbəcər istiqamətində yaralanıb və buna baxmayaraq, yenidən döyüşə yollanıb. Noyabrın 4-ündə isə yenidən travma alaraq, yaralanıb, “Cəsur Döyüşçü” medalı ilə təltif olunub. Hazırda Bakıda müalicə kurslarına davam edir.
Onunla söhbət edirəm, çətin də olsa suallarımı cavablandırır.
Deyir ki:
-"Həmişə döyüşməyə hazıram. Yaralanmağım buna əsla mane ola bilməz. Söhbət vətəndən gedirsə oğullar öndə olmalıdır. Hətta 7 saat boyunca mühasirədə qalıb, daha sonra duman və komandirimin ağıllı strategiyası nəticəsində azad ola bilsək də yenə də əzmkarlığımızı itirməmişik. Əlbəttə, ən çətin anlar, ətrafımızda olan döyüş dostlarımızı itirmək idi ki, onunla barışa bilmirdik... Amma düşmənə olan sonsuz nifrət, Qarabağımızı azad görmək istəyi, bizi yenidən ruhlandırdı.
Onu dinlədikcə, gözlərim yaşarır və onun simasında vətənimi daha azad, daha güclü görürəm! Söhbətimizi bir az da Nurlanın uşaqlıq arzusuna yönəldirəm...
- "Uşaqlıqdan incəsənəti çox sevirəm. Məktəb illərindən başlayaraq, bütün tədbirlərdə aktiv olmuşam. Həmişə də bir arzum olub, aktyor kimi tanınıb, sevilmək... Rəhmətlik Yaşar Nurinin yaradıcılığını həmişə izləmişəm. O mənim bu sənətdə kumirim olub. Düşünürəm ki, sağalan kimi incəsənət universitetinə üz tutacaq, arzumu reallaşdıracağam.
Bu gün Naibə xanımla görüşüb canlı ünsiyyət qurmağımız məni daha da ruhlandırır. Ümid edirəm ki, ondan da canlı sənət dərsləri alacağam. Bu gün bir şeyi vurğulamaq istəyirəm. Dövlətimin, Prezidentimin, xalqımın sevgi və qayğısını, dəstəyini gördükcə bir vətəndaş olaraq, qürurlanıram və fəxr edirəm ki, Azərbaycanlıyam !”
Hazırda Nurlan Məhərrəmli Bakıda müalicəsini davam etdirir. Aldığı travmadan dolayı nitqində olan qüsurlar belə onu insanlarla görüşüb, söhbət etməkdən çəkindirmir. Ürəyində çoxdan bəri məskunlaşan aktyor olmaq arzusu isə onu bir an olsun ruhdan düşməyə qoymur… Biz də onun simasında bütün igid oğullarımıza can sağlığı arzulayırıq və inanırıq ki, Nurlanın sədası tezliklə böyük səhnələrdən gələcək !

Təranə Feyzullayeva

Oxunub: 1 065
Oxşar xəbərlər
SON XƏBƏRLƏR