dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan xalqının Sizin kimi xeyirxah insanlara çox ehtiyacı var, Nərgiz xanım!


Qərbi Azərbaycanın (indiki Ermənistan) Göyçə mahalının Ağkilsə kənd sakini, hazırda Rusiya Federasiyasında yaşayan Arzu Kərimov xeyirxahlığı ilə seçilən şəxslərdəndir. Onlar erməni terrorçularının təhriki ilə Qərbi Azərbaycandakı ev-eşiklərini tərk edəndə Azərbaycanın Göygöl (keçmiş Xanlar) rayonunda məskunlaşdılar. Arzu müəllim tardan, ömür-gün yoldaşı Nahidə xanım isə kamandan dərs deyirdi Aşıq Şəmşir adına Göygöl Musiqi Məktəbində. Arzu müəllim və Nahidə xanım övladlarını milli vətənpərvərlik ruhunda böyütdülər. Azərbaycan Respublikasının Əməkdar Artisti Nərgiz Əliyeva da onlardan biridir. Nərgiz xanım 1983-cü il aprelin 14-də doğulub. 2001-ci ildə Bülbül adına Orta İxtisas Musiqi məktəbini, 2005-ci ildə Bakı Musiqi Akademiyasının fortepiano fakültəsini (bakalavr dərəcəsi üzrə) , 2007-ci ildə isə həmin ali məktəbi magistr dərəcəsi üzrə bitirmişdir. Nərgiz xanım həmin illərdə Bella Davidoviç və Fransua Shaplen kimi məşhur pianistlərin ustad dərslərində bir neçə dəfə iştirak edib. 2003-cü ildən Bülbül adına Musiqi Məktəbində pedaqoji fəaliyyətə başlamış, 2009-cu ildən Q.Qarayev adına Azərbaycan Dövlət kamera orkestrində pianist-konsertmeyster kimi çalışmışdır. 2010-cu ildən Azərbaycan Milli Konservatoriyasında konsertmeyster olaraq işləmişdir. Nərgiz xanım Azərbaycan musiqi mədəniyyətini bir çox xarici ölkələrdə ləyaqətlə təmsil edir. Hazırda Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktorudur. N.Əliyeva 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar “Azərbaycan Respublikasının Əməkdar Artisti”adına layiq görülüb. 2019-cu ildən Respublika Prezidentinin Təqaüdçüsüdür.
Nərgiz xanım da ata-anası kimi xeyirxah əməl sahibidir. O, musiqi sahəsində qazandıqları ilə imkansız ailələrə yardım edir. Eyni zamanda, N.Əliyeva bir neçə rəfiqəsi ilə 2020-ci il sentyabr ayının 27-də başlanan əks-hücum əməliyyatlarında iştirak edən ərənlərimizə baş çəkib, onlara maddi dəstək göstərib. Buna misal olaraq kifayət qədər faktlar söyləyə bilərik. Nərgiz Əliyeva, 2020-ci ildə “Humay” mükafatına, eyni zamanda, “İlin aktiv gənci” diplomuna layiq görülüb. Nərgiz xanım ailəlidir, 3 övladı var: Zümrüd, İsrafil və Uğur Əlizadə bacı-qardaşları.
Azərbaycan xalqının Sizin kimi xeyirxah insanlara çox ehtiyacı var, Nərgiz xanım!
Şamil Sabiroğlu,
Familə Mirzəyeva,
Medonline.az saytının xüsusi müxbirləri

Oxunub: 572
Oxşar xəbərlər
SON XƏBƏRLƏR