dini radikalizm və ekstremizmlə mübarizə

BƏXTİYARIN GÜLƏRÜZ OĞLU


QƏLƏBƏNİ BİZƏ YAŞADAN İGİDLƏR


Dünyaya göz açandan Ulu Yaradanın ona bəxş etdiyi nurlu sima, çöhrəsindən yağan şadyananlıq sonbeşik Şəhriyarı böyüdükcə hər kəsin əzizinə çevirmişdi. Özündən böyük qardaşlarının, ata-ananın sevimlisi olsa da, o, bundan heç vaxt istifadə etməyib, ədəb-ərkanı ilə seçilib. Böyüdüyü məhlədə, təhsil aldığı orta məktəbdə müəllimləri də ondan razı qalıblar.
Ruhən, qəlbən vətənsevər oğul olan Şəhriyar hərbi xidmətə gedən ərəfədə şirin zarafatından da qalmayıb-özündən böyük qardaşlarına deyir: “Siz torpaqları ala bilmədiniz, ancaq, mən gedirəm almağa, şəhid kimi geri dönəcəyəm.”. O, uşaq yaşlarından duzlu, məzəli danışığı, zarafatları ilə qəlbləri elə ovsunlamışdı ki, qohum, tanış arasında “Bəxtiyarın Gülərüz oğlu” kimi tanınırdı... Son dəfə, zarafatla özünə arzuladığı şəhidlik, sən demə döyüş meydanında qazanmaq istədiyi ən ülvi istək imiş... .
Bu günlərdə şəhidn 40 mərasimidə iştirak edən döyüş yoldaşları Şəhriyarın cəsur oğul olmasından fəxrlə danışırdılar. Ölüm qorxusu onun üçün yox idi, cəcur, qorxmaz kəşfiyyatçı kimi komandirlərinin qarşıya qoyduğu çətin tapşırıqları uğurla yerinə yetirməyi bacardı, qəhrəmancasına döyüşərək şəhid oldu-deyir dostlar.
Mirişli Şəhriyar Bəxtiyar oğlu 2002-ci ilin martın 2-də Biləsuvar şəhərində anadan olub. 2019-cu ildə tam orta məktəbi bitirib. 2020-ci ilin yaz çağırışında həqiqi hərbi xidmətə gedib. Goranboy rayonundan başlanan nümunəvi hərbi xidməti, əsgər çevikliyi, bir müddət sonra, ona öz istəyi ilə XTQ bölmələrinin tərkibində xidmətini davam etdirməyə imkan vermişdir. Sentyabrın 27-dən başlayan əks hücum əməliyyatlarına Şəhriyar Fizuli rayonundan başlayıb, 21 oktyabrda Zəngilan rayonunda qəhrəmancasına şəhid olmuşdur.
Ailənin böyük oğlanları- Mahir və Araz həqiqi hərbi xidmətləri zamanı 2016-cı il Aprel döyüşlərində iştirak ediblər. Üçüncü oğul Ağacəfər hazırda (MAXE)kimi vətənə xidmətini davam etdirir. O,da 44 günlük Vətən müharibəsinin öndə döyüşən igid əsgərlərindəndi.
Eşq olsun, deyirik, belə Vətənpərvər ailəyə! Eşq olsun, belə cəngavər oğulları yetirən Anaya, Ataya!!!

Surxay ŞAHBAZOV
Region-press qəzetinin baş redaktoru


Oxunub: 952
Oxşar xəbərlər
SON XƏBƏRLƏR