dini radikalizm və ekstremizmlə mübarizə

RUHUN ŞAD OLSUN VƏTƏN OĞLU, DÖYÜŞ YOLDAŞLARIN ZƏNGİLANDADIR!


Yuxumu ona danışanda, cavabında sevinclə deyir: “ Yuxun çin çıxıb ata, elə bu axşam Murovun zirvəsini ordumuz alıb, irəli gedirik!...” Bir müddət sonra, “Bağırım çatlayır ata, indi mən qabağa gedə bilmirəm” deyərkən, səbəbini ondan soruşanda, tankında təmirə ehtiyac yarandığını bildirir. Bu qürurverici xatirələr Biləsuvarın Bağbanlar kəndindən olan şəhidimizin atası Rafiq əminin qəhrəman övladı ilə son danışıqlarındadır.

... Şanlı ordumuzun cəsur döyüşcüsü, tank komandiri Həsənli Telman Rafiq oğlu döyüşlərin birində yaralansa da, qənimət kimi bir düşmən tankını da özü ilə gətirməyi bacarır. Sən demə, atası ilə bu son danışığı zamanı, müalicəsinin başa çatmasına çox tələsirmiş... . Qısa müddətli müalicədən sonra o, döyüşə qayıdaraq Fizuli və Zəngilan istiqamətində, Xudafərinin alınmasında qanlı döyüşlərdə rəşadət göstərmişdir.

22 yaşlı şəhidimiz, müzəffər ordumuzun bizə zəfər sorağını qismət etdiyi ilk gündən, vətənin azdlığı uğurunda öndə gedən tanklardan birinə komandirlik edib. Ən son döyüş yolu, Xudafərinin əldə edilməsi və Zəngilan uğrunda gedən alovlu döyüşlər olur. Ruhun şad olsun vətən oğlu, bu gün silahdaşlarının Zəngilanı da işğaladan azad etməsi sevincini Ali Baş Komandan xalqı ilə bölüşdü..

Qeyd edək ki, 1998-ci ilin martın 3-də Bağbanlar kəndində sadə, zəhmətkeş ailədə anadan olan qəhrəmanımız, 2018-ci ildə ordu sıralarında həqiqi hərbi xidmətini başa vurduqdan sonra, şərəfli peşədən ayrilmayib. Gizirlik məktəbini başa vurduqdan sonra, düşmənə yaxın təmas rayonlarından vətənə min bir həvəslə xidmət etməyə başlayıb . Xidmət etdiyi hərbi hissədən valideynlərinə göndərilən təşəkkür məktubları, onun gələcək uğurlarından xəbər verirdi. 2020--ci ilin sentyabrın 27 dən başlayan və möhtəşəm qələbə zəfəri ilə bitən 44 günlük müharibədə zəfər çalmış şəhid ən uca məqamı ilə Uca Yaradana yaxınlaşdı. Bu gün bir kəndin deyil,bütün el obanın övladına çevrildi, Telman. Əbədiyaşarlığın önündə üçrəngli bayrağımız dalğalanır, baş əyir,el,aləm. Ölməz şairimiz Bəxtiyar Vahabzadə "Bayraq" şeirində sizləri vəsf edərək deyirdi: Aləmə nur saçdı tarix boyunca, Məbədlər başına tac olan hilal. Daim ucalasan savaş günündə, Əsgər silahiyla səni tən görüm, Yalnız zəfər çalmış ŞƏHİD önündə, Səni alqış üçün əyilən görüm...

Ulu Yaradandan şəhidimizə Rəhmət, Valideyinlərinə Səbr diləyirik!.

Surxay ŞAHBAZOV
"Region-press" qəzetinin baş redaktoru

Oxunub: 688
Oxşar xəbərlər
SON XƏBƏRLƏR