dini radikalizm və ekstremizmlə mübarizə

Əziz oğlum!


Vətən - daşı, tozu, torpağıyla hamımızındır. Bu torpaqda doğulmuşuqsa eləcənə bu torpağı da göz bəbəyimiz kimi qorumalıyıq. Bu torpaq babalarımızın bizlərə ən müqəddəs əmanəti, özümüzdən sonrakı nəsillərə tam halda ötürəcəyimiz əmanətimizdir. Zaman - zaman bu belə olub, bu gün də belədir, sabah da belə olacaq.
Bilənlər bilir, Səninlə sadəcə ata - oğul münasibətində olmamışıq, aramızda həm də bir dostluq olub həmişə. Özüm bilə - bilə imkan yaratmışam ki, aramızda amirlik, keçilməz baryer olmasın, hər şeydə bir sərbəstlik olsun. Ata - oğul münasibətindən əlavə aramızda daim bir yaxın tərəfdaş, hardasa opponentlik münasibətləri olub. Hər an fikirlərimə hörmətlə yanaşdığın kimi mən də Sənin fikirlərinə hörmətlə yanaşmışam.
Polemikalarımızı elm, təhsillə yanaşı hər dəfə gətirib müasir Azərbaycanımızın problemlərinə çıxarardıq. Həmişə prioritet müzakirə obyektimiz Qarabağ problemi, soydaşlarımızın vətəndə vətənsizlik problemi olardı. Bu məsələ bir tarixçi kimi məni daim düşündürən məsələ olduğu üçün elə Sənin də fikirlərinə sirayət etmişdi. Mənfur qonşularımızın bir vaxtlar necə deyərlər “korol” kimi torpaqlarımızda yaşayaraq suyumuzu içib, çörəyimizi yeməkləri onlara azmış kimi əzəli və əbədi torpaqlarımıza sahib olmaq istəmələri hamı kimi Səni də daim narahat edirdi.
Son vaxtlar Azərbaycan gəncliyi hardansa saqqal “modası”na, “cırıq şalvar” geyinmək “xəstəliyinə” mübtəla olanda hamı kimi mən də Siz gəncliyi zövqsüzlükdə ittiham edir , qınayırdım. Açığı məişətimizə icazəsiz girən bu yad ünsürlərin sayəsində kosmopolit olaraq yetişməyinizdən dolayı çox narahat idim. Elə mənim kimi hamı narahat idi. Amma...
Mənfur erməni qaniçənlərinin həmişəki kimi Tovuz rayonuna hücumunda Ali Baş Komandanımızın çağırışına minlərlə gəncin səs verməsi, Səfərbərlik idarələrində ehtiyat hərbçi kimi qeydiyyat keçməsi haqqınızda fikrimizə hakim olan loyallıq prinsipinin buzlarını bir balaca əritdi. Bu ilin sentyabrında isə qismən səfərbərlik adıyla könüllü olaraq cəbhəyə yollanmağınız, bəbhədə düşmənə qan uddurmağınız haqda məlumatları aldıqca Sizə qarşı olan inamımızı birə beş artırdı.
Öncədən onu qeyd edim ki, Sənin də, İsmayılın da verəcəyiniz bütün qərarların mənsiz verilməinə baxmayaraq mənim fikir prizmama yaxın olması mənim daim ürəyimcə olan xüsusiyyətlərdəndir. Belə ki, hər ikiniz verdiyiniz qərarlarda “atamız bu işdə hecə qərar verərdisə” prinsipini üstün tutmağınız bir valideyn kimi məni qürurlandırır. Bu ilin sentyabrında məndən xəbərsiz könüllü kimi qeydiyyat keçərək cəbhəyə getməyini eşidəndə bir az tərəddüd etdim. Yaxın vaxtlarda həqiqi hərbi xidmətin də düşmənlə üzbəüz, təmas xəttində olmuşdu. Elə bilirdim ki, xidmətin çətinliyini gördüyündən başqa cür hərəkət edərsən. Sentyabr ayında Hərbi Uçot İxtisasının humanist bir peşəyə - həkimliyə mənsub olmasına baxmayaraq atıcı kimi cəbhəyə yollanmağın bütün Sənin haqqında olan mənfi fikirlərimi alt-üst etdi. Təkcə mən yox, Səni tanıyanların hamısında bu belə oldu. Hər dəfə cəbhədən zəng edərək, “ata, bunlar nə qorxaqdılar, elə hey qaçırlar, qarşımızda duruş gətirə bilmirlər” deməyin qürurlandırırdı bizi. Bütün dualarımız Sizlərlə idi. Çox şükür ki, Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri torpaqlarımızı qara ilanlardan azad etdi. Artıq müqəddəs Vətən torpağı sayənizdə otuz illik ayrılıqdan sonra yurddaşlarını qəbul etdi. Nisgilə, ayrılığa, həsrətə son qoyuldu.
Əziz oğlum! Əsgər yoldaşlarının bir çoxunun sənin yanında, hətta qucağında belə şəhid olmasından təsirlənirsən. Deyirsən ki, ata, salamat qayıdım, hamısının uyuduğu son mənzillərini şəxsən, sağ qalan döyüşçü dostlarımla ziyarət edəcəyəm. Gəl oğlum, elə mən də Səninlə, daha doğrusu Sizinlə birlikdə bu ziyarətə gedəcəyəm. Çünki bu hamımızın müqəddəs borcudur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Təbii ki, azadlıq müharibəsi qurbansız ötüşmür. Elə bundan dolayı da deyirlər ki, müharibə ən təmiz, ən səmimi insanları aparır. Bəli, şəhidlik ən uca zirvə olmaqla hər adama da qismət olan alın yazısı deyil. Bu zirvə həm müqəddəs dinimizdə, həm dövlətimizdə, həm də cəmiyyətimizdə ən yüksək zirvədir.
Şəhidlərimiz qədər elə Qazilərimiz də ən yüksək diqqətə, qayğıya, hörmət və ehtirama layiqdilər. Çünki bu insanlar Vətən, torpaq naminə ölümün gözünə dik baxanlardır. Mən bunu yola salınma mərasimində Siz gənclərin mahnı oxuya-oxuya, “gedirik qan almağa” deyə - deyə necə böyük bir həvəslə maşına minərək ön cəbhəyə yola düşməyinizdə gördüm.
Əziz oğlum! Haqlı olaraq gileylənirsən ki, Səfərbərlikdən yola salınma mərasimində heç bir rəsmi şəxs iştirak etmir, hətta bu tədbirə cəmiyyət arasında nüfuzu ilə seçilən ağsaqqalları, Seyyidləri dəvət etməmişdilər ki, Sizləri uğurlasın. Eybi yox, bəziləri hələ qılafından çıxa bilməyib. İnşallah onlar da ya yenilənəcək, ya da cəmiyyətimizdən təcrid olunacaqlar. Əmin ol ki, əsgəri olduğun Ali Baş Komandan xarici düşmənlərlə mübarizəni uğurla bitirəndan sonra daxili düşmənlərimizə də “əl gəzdirəcək”. Bunu dəfələrlə çıxışlarında vurğulayıb ki, yeni dünya nizamı qurulacaq. Təki sağlıq olsun!
Oğlum, hər bir əlamətdar hadisədən, yaddaqalan yerdən xatirə olaraq yadigar nəyisə götürüb saxlamaq hamımızın şakəridir. Elə bundan dolayı da, Vətən müdafiəsindən, torpaqlarımızın murdar yağı tapdağından azad olunmasından “yadigar” olaraq bədənində gəzdirdiyin qəlpələr Sənin o torpaqlardan, müqəddəs müharibədən yadigarın oldu. Təki canın sağ olsun! İnşallah sağal, sapsağlam doğma ocağına qayıdıb sevimli peşənlə məşğul ol! Sizlər əsl fəxr ediləsi oğullarsınız!!!

Malik Balaşov

Oxunub: 424
Oxşar xəbərlər
SON XƏBƏRLƏR