dini radikalizm və ekstremizmlə mübarizə

BƏƏ-də yaşayan azərbaycanlılar arasında birlik, bərabərlik və həmrəylik mövcuddur

Baxış Sayı:73


Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan, fəaliyyət göstərən çoxsaylı həmvətənlərimiz, soydaşlarımız var ki, onların yaşadıqları ölkələrdə Azərbaycan adına, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər hətta bir diaspor təşkilatının ölkəmiz üçün ortaya qoyduğu fəaliyyətlər, atdığı addımlara bərabırdir. Onlarla belə örnəklər göstərmək mümkündür. Belə həmvətənlərimizdən biri də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Universitetinin Beynəlxalq əlaqələr kafedrasının azərbaycanlı müəllimi, şərqşünas, tədqiqatçı, yazar Şəhrizad Süleymandır. Onunla söhbətimizdə Azərbaycanın haqq işinin yaşadığı ölkənin ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərdən danışdıq.

-Şəhrizad xanım, uzun illərdir ki, ölkəmizdən kənarda Azərbaycanı yüksək səviyyədə təmsil edir, dövlətimizi tanıdırsınız. İlk illərdəki fəaliyyətinizdə, çalışdığınız təhsil ocağında Azərbaycanı təbliğ etməkdə hər hansı çətinliklə qarşılaşdınızmı?

-Bir neçə il öncəyə qədər qarşılaşdığım, təmasda olduğum ərəblərin və digər dövlətlərdən olan əcnəbilərin çoxu ölkəmizi tanımırdılar, Azərbaycan haqqında məlumatları demək olar ki, yox dərəcəsində idi. Azərbaycan deyəndə öncəliklə coğrafi məkanda harada yerləşdiyi, hansı ölkələrlə həmsərhəd olduğunu anlatmağa çalışırdım. Daha sonra tariximiz, qədim mədəniyyətimiz, Şərq aləmində ilk demokratik cümhuriyyətin məhz Azərbaycanda qurulmasından, ötən əsrin əvvəllərindən qadına seçki hüququnun məhz ölkəmizdə verilməsindən, məşhur tarixi şəxsiyyətlərimizdən, azadlıq mücadilələrimizdən, tarixən torpaqlarımıza göz dikən riyakar qonşu dövlətlərdən, mənfur ermənilərin əzəli ərazilərimizi işğal etmələrindən, Qarabağ həqiqətlərindən ətraflı məlumat veriridim. Ümumiyyətlə, bu ölkəyə ayaq basdığım andan, hələ mədrəsə (orta məktəb) illərindən çalışırdım k, ünsiyyətdə olduğum şəxslərə Azərbaycanı tanıdım. Universitetdə təhsil aldığım illərdə ölkəmizlə bağlı ədəbi-tarixi yığıncaqlar təşkil edirdim. Əl-Şarika Televiziyasında jurnalist olaraq çalışdığım dönəmlərdə çətinliklə olsa da, ölkəmiz haqqında iki sənədli filmin çəkilişinə və yayımlanmasına nail oldum. Çalışdığım ali təhsil müəssisəsində öncə tələbə-müəllimlər çərçivəsində, daha sonra isə elmi konfranslara, beynəlxalq simpoziumlara qatılaraq bu işi davam etdirməyə başladım. Hər zamankı kimi erməni tərəfi məkrli, riyakar xislətindən əl çəkmir, yalan informasiyalar yaymaqla, tarixi faktları, həqiqətləri təhrif etməklə dünya ictimaiyyətini, eləcə də ərəb cəmiyyətini, xüsusilə ziyalı zümrəni münaqişənin əsl mahiyyətindən yayındırmağa çalışırlar. İllərdir riyakar düşmənlə, ermənipərəst məxluqlarla haqq işimiz uğrunda mübarizə aparıram. Hər dəfə Qarabağda ermənilərin tarixən yaşadığını israrla, həyasızcasına qeyd edənlərə çıxışlarımda deyirdim ki, baxın mən Cəbrayıldanam. Ermənilər mənim ata-baba yurdumu silah gücünə, zorla işğal ediblər. Cəbrayılda tarix boyu tumluq bir erməni yaşamayıb. Əgər dediklərimin əksini sübut edən tarixi, xronoloji sübutunuz varsa buyurun mənə və zalda əyləşən alimlərə, iştirakçılara təqdim edin. Əlahəzrət fakt qarşısaında aciz qalanlar dəfələrlə məndən yuxarı instansiyalara şikayətlər ediblər, siyasi propaqanda apardığım barədə etiraz məktubları yazıblar. Şükürlər olsun ilahi ədalət, haqq öz yerini tapıb, düşmənin iç üzü, yalanları ifşa olunub.

-Ümumiyyətlə, çalışdığınız universitetdə Azərbaycanı hansısa formada, necə tanıda bilirsiniz? Bunun üçün hansı təbliğat üsulu, vasitəsindən istifadə edirsiniz?

-Zənnimcə, insan yaşadığı toplumda, çalışdığı məkanda hörmət və rəğbət qazanarsa, istər-istəməz o insanın məmləkətinə də maraq, sevgi yaranır. Dərs dediyim tələbələr, eləcə də, çalışdığım ali təhsil müəssisələrində müəllim-professor heyəti azərbaycanlı olduğumu biləndə əksər hallarda təəccüb və eyni zamanda rəğbət hissi ilə qarşılayırlar. Tələbələrimə əsasən auditoriyada keçdiyim dərslərdə ölkəmizlə bağlı geniş məlumatlar verirəm. Məsələn, ötən əsrin əvvəllərində ərəb ədəbiyyatında ictimai şerin yaranması, təşəkkülü və məziyyətlərindən bəhs edərkən mən tələbələrimə dahi şairimiz Mirzə Ələkbər Sabirin yaradıcılığından söhbət açıram. Onun bir neçə satirik şerlərini ərəb dilinə tərcümə etmişəm. Sabir poeziyası ilə XX əsr ərəb ədəbiyyatındakı ictimai şerlərin fərqli və oxşar məziyyətlərini tələbələrimlə birgə təhlil edirik. Ərəb mətbuatının təşəkkül prosesləri ilə bağlı dərslərimdə isə Azərbaycan milli mətbuatının banisi, maarifçi-publisist Həsən bəy Zərdabi və "Əkinçi" qəzeti, eləcə də təkcə milli mətbuatımızın deyil, eyni zamanda Şərq, türk-islam mətbuatının ən öncül dərgilərindən olan "Molla Nəsrəddin" jurnalı haqqında tələbələrimlə fikir mübadiləsi aparıram. Qədim tariximiz, mədəniyyətimiz, füsunkar təbiətimiz, maddi-mədəniyyət abidələrimiz, bölgələrimiz, ləziz mətbəximiz ilə bağlı məlumatlar verdiyim zaman tələbələrim sanki, xəyali olaraq ölkəmizə səfər edirlər. Bundan əlavə, hər il 28 may Cümhuriyyət Günü ərəfəsində dərs dediyim tələbələr arasında "Mən Azərbaycan haqqında nə bilirəm" mövzusunda inşa yazı müsabiqəsi keçirirəm. Yazı müsabiqəsində fərqlənən tələbələrə müxtəlif hədiyyələr: Azərbaycandan gətirdiyim və milli atributlarımızı özündə əks etdirən suvenirlər, ölkəmizlə bağlı ərəb, ingilis dilində kitablar təqdim olunur. Zəngin və qədim tarixi keçmişi olan Azərbaycan ədəbiyyatının təbliği sahəsində də universitet xətti ilə müxtəlif tədbirlər təşkil edirəm. Şərqin ədəbi-fəlsəfi sənət məbədinin fövqəl-düha memarlarından olan və dərin məzmunlu poetik əsərləri ilə klassik Şərq ədəbiyyatına öz möhürlərini vuran dahi mütəfəkkirlərimiz, Nizami Gəncəvi, Məhəmməd Füzuli və İmadəddin Nəsiminin həyat və yaradıcığından bəhs edən konfranslar, elmi diskussiyalar ərəb tələbələrin, müəllim-professor heyətinin hədsiz marağına səbəb olur. Ölkəmizin təbliği sahəsində mənim üçün bir qarabağlı olaraq prioritet və ən vacib vəzifə Qarabağ həqiqətlərinin əsl mahiyyətinin əcnəbi və ərəb tələbələrə, eləcə də, ziyalı kontingentə çatdırılmasıdır. Əzəli torpağımız olan Qarabağın qədim tarixi, ötən əsrin sonlarında erməni qəsbkarları tərəfindən işğal olunması, Azərbaycanın qan yaddaşının ən kədərli səhifəsi olan Xocalı soyqırımı, mənfur düşmənlərimizin əliyalın, məsum vətəndaşlarımıza qarşı törətdiyi vəhşiliklər barədə elmi konfranslarda çıxışlar edir, münaqişənin gerçək səbəbləri, ağır nəticələri haqqında tarixi, xronoloji faktlarla iştirakçılara ətraflı məlumat verirəm. Tələbələrimi, müəllim rəfiqələrimi milli mətbəximizdən hazırladığım ləziz təamlara da qonaq edirəm. Çalışıram ki, onlar milli musiqimizlə, incəsənətimizlə daha yaxından tanış olsunlar. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Arazbarı" simfonik muğamını, "Sənsiz" romansını, Fikrət Əmirovun "Kürd-Ovşarı", "Qarabağ inciləri"ni, Soltan Hacıbəyovun "Karvan" süitasını dinləyənlər sözün həqiqi mənasında, insan ruhunu riqqətə gətirən ecazkar musiqinin sehrinə düşürlər. Bundan əlavə, 2015-ci ildən pandemiya dönəminə qədər Əbu-Dabi Təhsil Şurasının dəstəyi ilə tələbələrin ölkəmizə səfərlərini, tələbə turlarını təşkil etmişəm. Qeyd edim ki, tələbələrimlə Azərbaycana səfərlərimiz, ölkəmiz haqqında onların xoş təəssüratları yerli televiziyalarımızda və BƏƏ-nin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. Bu səfərlərin təşkilində əsas məqsəd müxtəlif ali təhsil ocaqlarında təhsil alan yerli tələbələri Azərbaycan tarixi və mədəniyyəti ilə yaxından tanış etmək, eyni zamanda, onların müxtəlif mövzular üzrə fərdi araşdırmalar aparmalarına şərait yaratmaq olub. Bu günün tələbələri bir neçə ildən sonra müxtəlif məsul vəzifələrdə çalışacaqlar və zənnimcə, Azərbaycanın dostları kimi, ölkəmizə lazımi məqamlarda öz dəstəklərini əsirgəməyəcəklər.

-Fəaliyyətinizlə əlaqədar Birləşmiş Ərəb Əmirliklərinin müxtəlif dövlət qurumları ilə də bu və ya digər dərəcədə əlaqələriniz var. Bu ölkənin dövlət tədbirlərinə bir çox hallarda dəvət alırsınız. Bu mənada maraqlıdır, BƏƏ-də Azərbaycana olan maraq necədir?

-Diqqətinizə çatdırım ki, BƏƏ-də istər hakimiyyət təmsilçiləri, istərsə də ictimaiyyət arasında ölkəmizə çox böyük maraq və fövqəl rəğbət var. Yaxın dostluq əlaqələrində olduğum BƏƏ cəmiyyətinin tanınmış simaları, nüfuzlu ictimai xadimlər, diplomatlar, Milli Məclisin üzvləri, mötəbər vəzifələrdə çalışan xanımlar, hökm və söz sahibəsi olan Şeyxələr dövlət tədbirlərində, görüşlərdə daima Azərbaycana olan hörmət və rəğbət hisslərini özəlliklə ifadə edirlər.

-Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlılar arasında birlik, bərabərlik mövcuddurmu?

-Dahi öndər Mustafa Kamal Atatürkün məşhur fikri ilə bu sualınızı cavablandırmaq istərdim. Atatürk deyirdi ki, "Mövzu Vətəndirsə, gerisi təfərrüatdı!" Ölkəmizdə düşmənin hərbi hücumları, təxribatları, terror əməllərinin baş verdiyi və torpaqlarımız uğrunda Vətən Müharibəsinin getdiyi bir vaxtda BƏƏ-də yaşayan azərbaycanlılar arasında sözün həqiqi mənasında, birlik, bərabərlik və həmrəylik mövcuddur. Bu çətin və həssas günlərdə bir-birimizlə daha çox əlaqə saxlayır və ünsiyyətdə oluruq. Bacardığımız qədər ölkəmizə hərtərəfli dəstək olmağa çalışırıq. BƏƏ-nin müxtəlif şəhərlərində yaşayan soydaşlarımızın iştirakı ilə birlik və həmrəylimizi, dövlətimizə sədaqətimizi, Vətənimizə sevgimizi, Ali Baş Komandana, Müzəffər Ordumuza dəstəyimizi əks etdirən video-müraciət hazırladıq. Qeyd edim ki, dəstək videosu Diasporla İşi üzrə Dövlət Komitəsi tərəfindən yayımlandı. Sözügedən videoda Abu-Dabi, Dubay, Ajman və Ras əl-Xeyma əmirliyində yaşayan soydaşlarımız, böyüklü-kiçikli hər kəs öz ürək sözlərini qəhrəman əsgərlərimizə, Şanlı Ordumuza, dövlət başçımıza böyük ruh yüksəkliyi ilə ifadə ediblər və hər zaman Azərbaycanla olduqlarını bildiriblər. Milli Ordumuz tezliklə zəfər çalacaq, qələbə sevincini Azərbaycan xalqına yaşadacaq, üçrəngli müqəddəs bayrağımız Şuşada, Xankəndində dalğalanacaq! //Olaylar.az//

Oxşar xəbərlər
SON XƏBƏRLƏR