dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan xalqının tarixi nailiyyəti


Azərbaycan Respublikası artıq 29 ildir ki, 18 oktyabrı müstəqillik günü kimi qeyd edir. Müstəqil dövlət qurmaq xoşbəxtliyi yalnız güclü şəxsiyyət, qüdrətli lider yetişdirmiş xalqlara nəsib olur. Bu, tarixin sınağından çıxmış gerçəklikdir. Xalqı vahid milli ideya ətrafında birləşdirməyi bacaran lider onu öz müqəddəs arzularına qovuşdurmağa qadirdir. Heydər Əliyev məhz belə bir nadir şəxsiyyət və milli lider kimi XX əsrin sonlarında bərpa olunan dövlət müstəqilliyini qoruya bildi, Azərbaycanı bəlalardan qurtardı, onun suverenliyini qoruyub saxlaya bildi.
Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın milli müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Bununla da ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başladı. Azərbaycanın dövlət müstəqilliyi hər cür daxili və xarici təhdidlərdən qurtuldu. Ölkəmizin həqiqi müstəqil inkişafı başladı. Azərbaycanı, onun dövlət müstəqilliyini Heydər Əliyev dühası, zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi, Azərbaycan xalqına sonsuz məhəbbəti xilas etdi.
Heydər Əliyev həyatı boyu həmişə xalqa arxalanmışdı: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, milli ordunun formalaşdırılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən cəbhə xəttində vəziyyəti sabitləşdirmək üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, nəhayət 1994-cü ilin mayında atəşkəs əldə edildi. Cəmiyyət həyatının bütün sahələrində köklü islahatlara başlamaq, davamlı inkişaf yoluna çıxmaq üçün şərait yarandı. Azərbaycanın dövlət müstəqilliyini əldə edilməsini böyük tarixi nailiyyət, xalqımızın əvəzsiz sərvəti adlandıran ulu öndərimiz həyat təcrübəsindən bilirdi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətin və mürəkkəb vəzifədir. Tale elə gətirdi ki, bu şərəfli tarixi missiyanı da məhz Heydər Əliyev yerinə yetirdi. Əslində müstəqil dövlətçiliyimizin həqiqi tarixi, dönüş anı məhz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə xalqın və Vətənin taleyi üçün məsuliyyəti öz çiyinlərinə götürdüyü vaxtdan başlanır. Bu ötən illər ərzində ümummilli liderimizin hansı maneə və təhlükələri dəf etdiyi, müstəqilliyimizi və dövlətçiliyimizi necə mətanətlə, qətiyyətlə qoruduğu, inkişaf etdirdiyi təkcə xalqımıza deyil, bütün dünyaya məlumdur. Daxili sabitliyin bərqərar olması, dövlətçilik ənənələrinin yaradılması və möhkəmlənməsi, həmçinin dünya və regional əhəmiyyətli transmilli layihələrin reallaşması ümummilli liderimizin danılmaz xidmətlərinin, müstəqilliyimizin əbədiliyinin ciddi, eləcə də etibarlı əsaslara söykəndiyinin nəticəsidir. Hakimiyyətə ikinci gəlişində müstəqil Azərbaycan inkişaf etdi, möhkəmləndi və demokratik, dünyəvi bir dövlətə çevrildi.
Bu bir həqiqətdir ki, Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətinin tarixinə onun qurucusu olaraq düşdüyü kimi, Heydər Əliyev də müasir Azərbaycanın tarixinə onun yaradıcısı olaraq düşmüşdür. Türkiyə Cümhuriyyəti M.K.Atatürkün əsəri olduğu kimi, müasir Azərbaycan dövlətinin müəllifi və memarı da Heydər Əliyevdir. Bu dahi şəxsiyyət olmasaydı, bugünkü inkişaf edən Azərbaycan dövləti də olmazdı. Ulu öndər Azərbaycanı və xalqımızı nəinki təhlükədən xilas etdi, həm də bu dövlətin və xalqın tərəqqisinin əsasını qoydu, milli müstəqilliyimizin əbədiyaşarlığını təmin etdi. Ulu öndər demişdir: “Biz XXI əsrə daha da qüdrətli, müstəqil Azərbaycan dövlətini çatdırmaq istəyirik, gələcək nəsillərə daha xoşbəxt həyat yaratmaq istəyirik”.
Müstəqillik dövrünün ən möhtəşəm nailiyyəti olan yeni neft strategiyasının uğurlu icrası ölkəmizin bütün sosial-iqtisadi problemlərinin həllinə təkan vermişdir. Müstəqil dövlətçiliyimizin bərpasının 29-cu ildönümünü qeyd etdiyimiz bu təntənəli gündə dərin inam və əminliklə deyə bilərik ki, Azərbaycan dahi və uzaqgörən rəhbərin yolu ilə irəliləyərək sürətlə inkişaf edir, güclənir, qüdrətlənir. Hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədaxili sabitlik təmin olunur, sosial-iqtisadi proqramlar ardıcıllıqla həyata keçirilir, xalqımızın rifah halı yaxşılaşır. Müstəqil dövlətimiz istər regionda, istərsə də bütövlükdə dünya miqyasında öz mövqelərini daha da möhkəmləndirir. Qürur və iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan iqtisadi sahədə dünyada ən sürətlə inkişaf edən ölkələrdən biridir. Azərbaycan Prezidenti İlham Əliyev dövlət müstəqilliyinin bərpasının əhəmiyyətindən və qısa müddətdə görülən möhtəşəm işlərdən danışarkən demişdir: “Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki, ölkəmiz üçün ən çətin, həlledici anlarda ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbərliyinə gəlmiş və ölkəmizi bu ağır vəziyyətdən çıxara bilmişdir. Ulu öndərin ölkəmizin demokratik inkişafı ilə bağlı verdiyi qərarlar bu gün də aktuallığını itirmir”.
Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir. İndi planetimizin çox yerindən nəzərlər dünyada ən böyük enerji layihələrinin gerçəkləşdiyi Azərbaycana yönəlib.
Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası sayəsində ölkənin tərəqqisində yüksək dinamizm təmin olunmuşdur. Odur ki, ölkəmizdə hazırlanan və həyata keçirilən işlək mexanizmlər, perspektivli layihələr, islahatlar ictimai həyatın bütün sahələrində intibah və tərəqqinin yeni mərhələsindən xəbər verir. İqtisadi inkişafı stimullaşdıran perspektivli layihələrin reallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli müstəqil dövlətimizdə aparılan düzgün iqtisadi siyasətin bəhrələridir. Sosial-iqtisadi sahədə davamlı inkişafı təmin etmək məqsədilə dövlət başçısı tərəfindən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının təsdiq edilməsi və uğurlu icrası Azərbaycanda investisiya mühitinin daha da yaxşılaşdırılmasına zəmin yaratmışdır. Ölkəmizin inkişafına təkan verən amillərdən biri də milli iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla davam etdirilməsidir. Bir sıra dövlətlərin təcrübəsində sınaqdan çıxmış bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahələrinə, sahibkarlığın, digər sahələrin inkişafına yönəldilmişdir.
Dövlət başçısı cənab İlham Əliyevin son on yeddi ildə ölkəyə rəhbərliyinin ən parlaq nəticəsi ondan ibarətdir ki, Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Ölkə iqtidarının milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşmə, hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktiki olaraq gerçəkləşdirilməsini təmin etmişdir.
Yeni keyfiyyət mərhələsinə qədəm qoymuş və özündə modernləşdirmə və rifah amillərini birləşdirən Azərbaycanın inkişafı nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. İyirmi doqquz illik müstəqillik yolunda inamla, qətiyyətlə irəliləyən ölkəmiz artıq dünyanın ən önəmli dövlətləri sırasındadır. Ölkəmiz ötən müddət ərzində tarixi hadisələrlə daha da zənginləşib, dünya miqyaslı nailiyyətlərə imza atıb.
Müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının qorunması məqsədilə həyata keçirilən hüquqi islahatlar içərisində ən mühümü məhz yaşamaq hüququnun təmini istiqamətində həyata keçirilən tədbirlər planı olmuşdur. 1993-cü ildə Heydər Əliyevin ilk qərarlarından biri məhz ölüm cəzasının tətbiqi üzərində moratorium qoyulması oldu. Demokratik hüquqi dövlət quruculuğu yolunu tutmuş Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra bir çox çətinliklərlə qarşılaşmışdı. O dövrdə ölkəmizdə hökm sürən hərc-mərclik, özbaşınalıq, qanunsuz silahlı birləşmələrin mövcudluğu, cinayətkarlığın tüğyan etməsi, insanların dinc və təhlükəsiz yaşamasını ciddi təhdid altında qoymuşdu. Ulu öndərimizin həyata keçirdiyi siyasət nəticəsində dövlətçiliyimiz möhkəmləndirildi, ictimai-siyasi sabitlik bərqərar edildi, qanunsuzluqlara, zorakılığa, cəzasızlıq əhval-ruhiyyəsinə son qoyuldu. Vətəndaşlarımız təhlükəsiz yaşamaq hüququ əldə etdilər. Bütün bunlar demokratik cəmiyyətin qurulmasına, insanların hüquq və azadlıqlarının müdafiəsinə təminat verdi.
Müstəqil Azərbaycan Respublikası bu gün özünün inkişafının keyfiyyətcə yeni, daha uğurlu mərhələsinə qədəm qoyub. Azərbaycanın və regionumuzun yeni lideri, ümummilli liderimizin siyasi varisi Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, qətiyyətli daxili və xarici siyasət ölkəmizin daha sürətli, dinamik inkişafına yol açıb. Ötən 29 ildə Azərbaycanda siyasi sabitlik daha da möhkəmlənmiş, mühüm regional layihələr reallaşmış, ölkəmiz regionun lider dövlətinə çevrilmişdir. Bütün bunlar dövlət müstəqilliyimizin xalqımıza bəxş etdiyi töhfələrdir. Onun qədrini bilməli, Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün hamımız var qüvvə ilə çalışmalıyıq.
Heydər Əliyev ideyaları, siyasi xətti bu gün də yaşayır, qalib gəlir və bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan son on ildə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmişdir. Hazırda ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr isə respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da artırmaqdadır.

Eldar ƏHMƏDOV,
AJB-nin üzvü, “Qızıl Qələm”
mükafatı laureatı

Oxunub: 428
Oxşar xəbərlər
SON XƏBƏRLƏR