dini radikalizm və ekstremizmlə mübarizə

Onun ən gözəl seçimi vətəni sevməsi idi


Heç bir şəhid ailəsinin şəhidi ilə bağlı fikirlərini, xatirələrini göz yaşı olmadan dinləmək mümkün deyil. Bu göz yaşı həm kədər, həm nifrət həm qisas yanğısı , həm də qürur hissidir.
Bu dəfə haqqında danışacağım şəhidimiz Süleyman Əliyevdir.
Əliyev Süleyman Xanzadə oğlu 1960-cı il 20 iyunda Qazaxıstan respublikasının Kustanay şəhərində anadan olmuşdur. Elə körpəikən ailəsi ilə birlikdə doğma ata-baba yurdu olan Qərbi Azərbayacana---Zəngəzur mahalına köçmüşlər. Yeddi uşaqdan ibarət olan ailənin böyük övladı Süleyman idi . Orta təhsilini Zəngəzur mahalının Qızıl Şəfəq kəndində alan Süleyman 1977-80 - ci illərdə hərbi xidmət keçmək üçün Estoniya respublikasına yollanır. Hərbi xidmətini başa vurduqdan sonra 1982-ci ildə ailə həyatı qurur. Ermənilərin törətdiyi vəhşiliklərdən ailəsini qorumaq üçün 1985-ci ildə Rusiyaya gedir. Lakin , vətən eşqi, vətən həsrəti, vətənin darda olması onu orada rahat yaşamasına heç cür imkan vermir. 1990-cı ildə geri dönüb könüllü olaraq orduya yazılır. Onun mənəvi borcu, həyatda ən gözəl seçimi idi bu. O, üç azyaşlı övladını qoyaraq Qarabağa yollanır. Göygölün könüllü dəstəsindən ibarət 185 saylı " özünü müdafiə" batalyonu ilə birlikdə döyüşlərdə iştirak edərək, Göygöl , Tərtər, Goranboy, Ağdərə rayonları və onların kəndləri: Sarısu, Başkənd, Buzlaq, Erkəc, Todan Marquşani , Maqadiz və başqa kəndlərinin erməni separatçı qüvvələrindən təmizlənməsində böyük qəhrəmanlıq göstərmişdir. İgidliyinə görə hərbi hissə komandiri və rayon icra başçısı tərəfindən mükafatlandırılmışdır. Süleymanı son döyüş yeri Ağdərənin Maqadiz kəndi olmuşdur. Süleyman çox mərd insan idi . O, əslində sağ qala bilərdi. Lakin , döyüş yoldaşını yaralı halda ən qaynar nöqtədə tək qoymaq onun nə insanlığına, nə də hərbiçi andına sığmazdı. Geri dönərək: Süleyman, sən Süleymansansa, məni burda tək qoymazsan-- deyən döyüşçü yoldaşı Novruz Məhərrəmovu oradan çıxararkən erməni snayperi onu arxadan nişan alır. Güllə ürəyindən dəyir. 19 iyun 1992-ci ildə şəhid olur. Ölümündən sonra ona Dövlət tərəfindən Şəhidlik statusu qəhrəmanlıq medalı və adının əbədiləşdirilməsi məqsədilə Çaykənd orta məktəbinə adı verilir
Süleyman Əliyev gözəl ailə başçısı, qayğıkeş ata idi . Döyüşlərin qızğın olmasına baxmayaraq daima övladlarının təhsili ilə maraqlanmış, onları gələcəyin savadlı kadrı kimi görmək istəmişdir.
Bəli , bu gün onun övladları vətənə və onun adına layiq övladlar olmuşlar .
Atlaz Rzayi

Oxunub: 736
Oxşar xəbərlər
SON XƏBƏRLƏR