dini radikalizm və ekstremizmlə mübarizə

Tovuzdan bir neçə cümlə...


1 günlük Tovuz səfəri başa çatdı. Çox maraqlı və səmərəli səfər oldu. İlkin olaraq onu deyə bilərəm ki, düşmən böyük itkilər verib. Təkcə "Tovuz döyüşləri" günlərində ərazidə olanlardan aldığım çoxsaylı məlumatlara görə 150-ə yaxın erməni şəxsi heyəti zərərsizləşdirilmişdir. Bu əməliyyatlarda ordumuzun əsgər və zabit heyəti böyük qəhrəmanlıq göstərmiş və bugünə qədərki bir neçə günlük döyüşdə qələbə qazanmışdır. Ziyarət etdiyimiz hərbi hissə "Tovuz döyüşləri" zamanı ermənilərə çox böyük itkilər verən hərbi hissələrdən biri idi.

Döyüş bölgəsində reportyor işi barədə:

Döyüş bölgəsinə yollanan jurnalistlərin hərb sahəsindən anlayışlı olması mütləqdir. Döyüş vaxtı əraziyə ezam olunan reportyorlar konflikt jurnalistikasında təhsil alması ən vacib amillərdəndir. Əks halda demək olar ki, icazəsiz heç bir çəkiliş etməməli, ən kiçik kadrları belə icazə aldıqdan sonra çəkməlidir(zabit heyəti harda foto/video çəkməyin uyğun olub olmadığını bildirəcək). Əks halda mövqelərimizi və silah sursatın, topların qurulduğu yeri düşmənə bildirmək riski yaranır və buraxılan bu səhv həmin ərazinin vurulması bahasına başa gələ bilər. Həmin ərazidə reportyorun səhvinə görə itki olarsa bu yaranan fəsada görə həmin şəxs birbaşa məsuliyyət daşımış olur və ən əsası əsgər və zabit heyətimizi, habelə bizə aid olan ərazimizi təhlükə altına atmış olur. Təsəvvür edin, uyğunsuz bir yerdə şəkil və ya video çəkib paylaşarsanız ərazidə olan əsgərlər və silah sürsat həmin yerdən köçmək məcburiyyətində qalacaq. Əbəs yerə döyüş vaxtı APA Holdinq rəhbəri Vusalə Mahirqızı "hərbi reportyorlar xaric bütün jurnalistlər ərazidən çıxarılmalıdır" demirdi. Bu barədə həmin günlərdə Yeni Müsavat əməkdaşı Məhəmməd Türkmən və "Yeniçağ" əməkdaşı, hərbi reportyor Səxavət Məmməd, eləcə də Tofiq ShahMuradov , Elgün Gəncimsoy kifayət qədər məlumat vermiş və ərazidə olanlara ehtiyatlı olmaq barədə dəfələrlə xəbərdarlıq etmişdi. Sadəcə bildiyim bir faktı diqqətinizə çatdırmaqla məsələnin nə dərəcədə ciddi olduğunu təsvir etməyə çalışacam. Döyüşlərin qızğın vaxtında ərazimizdə olan mülki vətəndaşlardan biri şəkil çəkərək paylaşmış və həmin yer 2 saat sonra ermənilər tərəfindən vurulmuşdur. Ona görə də belə məsələlərdə olduqca diqqətli davranmaq vacibdir.

Şəhidlərimiz barədə:

Şəhidlərimizin eləcə də general Polad Həşimovun döyüş yoldaşları, əsgərləri ilə xeyli ünsiyyətdə olduq, onların şücaətindən ağız dolusu danışdıq.

Yadınızdadırsa general Polad Həşimovun dövlət tərəfindən ona verilən evi şəhid ailəsinə verməsi barədə anasının ölümündən sonra xəbər tutduğunu demək olar mütləq əksəriyyət xəbərdardır. İnandırım sizi, hətta döyüş yoldaşları belə generalın şəhadətindən sonra bu barədə öyrəniblər. Bir insan nə qədər sadə və təvazökar olarmış ki, ona ev verildiyini və bu evi şəhid ailəsinə bağışladığını 24 saat bir yerdə olduğu döyüş yoldaşlarına belə deməsin. Halbuki biz bəzən yolda qarşımıza çıxan dilənçiyə 1 manat verdiyimizi belə danışırıq, bir ailəyə yemək aldığımızı belə ətrafımızdakılara deyirik...

Əsgərlərimiz barədə:

Əsgərlər gümrah və döyüş ruhu ilə alışıb yanırlar. Bir neçə gün ərzində düşmənə böyük itki vermələrinə baxmayaraq erməni öldürməkdən zərrə qədər yorulmayıblar. Qarşılaşdığımız döyüşmüş əsgərlərin demək olar əksəriyyətini maraqlandıran sual bu idi:

"Bizim haqqımızda nə düşünürdülər?"

Mən isə cavabında hər birimiz günlərlə onlar üçün dua etdiyimizi, hər açılan sabahımızda onların sərrast atəşi ilə zərərsizləşdirdikləri erməni xəbərlərini sevə-sevə oxuduğumuzu və hər gün onlara düşmən gülləsi tuş gəlməsin deyə 10 milyonluq Azərbaycan, 80 milyonluq Türkiyə və dünyanın hər yerində yaşayan həmvətənlərimizin gecə gündüz dua etdiyimizi, onların vurduğu ermənilərə görə hər gün onlara təşəkkür etdiyimizi və ehtiyac olarsa xalq olaraq onlara qoşulub İrəvana qədər getməyə hazır olduğumuzu bildirdim.

Cəbhə bölgəsinə daxil olduqdan sonra orda qarşılaşdığın hər kəs sənin üçün o qədər əzizdir ki, artıq ərazidə qucaqlayıb sarılmaq üçün tanış birini axtarmağa ehtiyac olmur, qarşına çıxan hər kəsi illərin tanışı imiş kimi bağrına basırsan və içində sanki bir rahatlıq tapırsan. Yaşca özündən kiçik insanları qucaqlayaraq həyatının onlardan asılı olduğunu anlayırsan. Döyüş bölgəsində hər kəs var. Orda olan əsgər və zabitlər bir gün mülki həyata qədəm qoyana qədər sənin üçün əziz və əvəzolunmaz olur. Hərbi xidməti başa vurandan sonra bəlkə də satıcı kimi azarladığın müştəri də, işə götürmək üçün çağırıb yuxarıdan aşağı baxdığın işsiz gənc də, sosial şəbəkədə azarlayıb hətta dərinə gedib fikirlərinə görə tənqid və ya təhqir etdiyin şəxs də nə vaxtsa o şəxslərdən biri olub və sənin həyatın onlardan asılı olub. Bəlkə də real həyatda incitdiyin adamlardan kimlərsə bir gün sənin həyatın üçün cavabdeh idi, bəlkə də o adamlardan kimsə sən rahat yatasan deyə xidmət etmiş bəlkə də neçə erməni öldürmüşdür. Bunları yalnız cəbhə bölgəsində olanda anlayırsan, başa düşürsən.

Əsgərlərin şəraiti barədə:

Əsgər və zabit heyəti ən son texnologiyalara cavab verən hərbi hissələrdə xidmət edir, mülki həyatdan o qədər də fərqlənməyən qaydada qidalanır hətta ərazidə yaşayan insanlar tərəfindən mütəmadi olaraq zənginliyinə görə əsgər yeməyindən o qədər də fərqlənməyən qidalarla təmin olunurlar. Döyüş bölgəsi olmasına baxmayaraq şəraitlərində heç bir problem yoxdur.
Döyüş bölgəsində olan əsgər və zabit heyəti ilə keçirdiyim vaxt o qədər qiymətli idi ki, qayıdanda sağollaşmaq istəmir insan, onlarla danışanda, şəhid olan əsgər və zabitlərimizin döyüş yoldaşları ilə danışanda özündən yaşca kiçik əsgərlərin yanında sevincdən içindən hönkür- hönkür ağlamaq keçsə də özünü zorla ələ almağa çalışarsan.
"Canımız sizə əmanət! Möhkəm olun!" deyib sağollaşdım və içimdən gəlməsə də Bakıya qayıtmağa məcbur oldum.

P. S. Tovuzda öldürülən azyaşlı Nərminin evinin yanından keçsək də dərdlərini təzələməmək üçün ziyarət etmədik.

P. P. S. Ərazi strateji əhəmiyyətli olduğuna görə foto/video çəkmədik

P. P. P. S. Artıq bir neçə gündür Tovuzda atışma səsləri səngiyib və döyüş vaxtı ərazinin yerləşdiyi kəndlərin girişindəki postlar yığışdırılıb.

Sonda mənə bu ziyarətə şərait yaradan dəyərli ehtiyatda olan zabit Azər Nəsirov qardaşıma minnətdarlığımı bildirirəm.

Çox uzun yazmaqla başınızı ağrıtdığım və vaxtınızı aldığım üçün üzrxahlığımı, oxuyan şəxslərə isə təşəkkürümü bildirirəm...

Nurlan Cəfəri


Oxunub: 492
Oxşar xəbərlər
SON XƏBƏRLƏR