dini radikalizm və ekstremizmlə mübarizə

Ağdamsız qalan Ağdamlı Qazi Rey Kərimoğlunun yazdıqları


23 iyul Ağdamın işğalı günüdür! Minlərlə şəhid verən şəhərin özü də 1993-cü ilin bu günü şəhid oldu! Biz Ağdama mütləq qayıdacağıq! Buna zərrə qədər şübhəm yoxdur! Amma o Ağdamdakı ağdamlılar bu dünyada yoxdur daha! Onlarsız Ağdam bir başqa məşəqqət olacaq bizə! Kəndimizin, şəhərimizin xaraba qaldığını fotolarda görmək necə ağırdı, ilahi!

Ömrümün 25 ili, o illərin ən gözəl xatirələri işğaldadır! Orta məktəbimiz, İık məhəbbətim də o uzaq, şirin günlər kimi işğal olunub! Çoxları (rayonları, kəndləri işğal olunmayanlar) bəlkə də bitirdikləri orta məktəbin yanında keçəndə heç fəq eləmir ki, biz öz məktəblərimiz üçün necə darıxırıq, içimiz göynəyir! Gecə xəlvətdə hislərimizi etiraf edib yanağından öpdüyümüz ilk sevgimizin yeri də işğaldadır! Ən dəhşətlisi odur ki, canımı fəda etməyə hazır olduğum Ağdamı müdafiə edə bilmədim, bilmədik! Xainlər oyunu, işi elə qurdular ki, həmin günlərdə aciz, çarəsiz, gücsüz olduq, oldum! Bu dünyada yeganə özümə bağışlaya bilmədiyim şey şəhid olub şəhid qardaşlarımla Ağdamda qala bilməməyimdir! İndi də aciz və xoşagəlməz durumdayıq, torpağımızı istəyirik deyirlər, təxribatçıyıq, dövlətə qarşı çıxırıq, erməni dəyirmanına su tökürük, məcbur olub susuruq, deyirlər qorxağıq, cənnət yurdumuzu elə özümüz qoyub qaçmışıq!

Xəstə, huşu başından getmiş 87 yaşlı anamın yadaşı hər dəfə itəndə "Bala, məni Ağdama, Şıxbablıya, evimə apar!" deyəndə ölüb yerə girirəm, təklikdə ağlayıram da! Ağdamın, bütün Qarabağın işğalına görə bütün Azərbaycan xanımları qarşısında başım həmişə ağağıdır, üzüm qaradır! Bu qədər şəhidi, qəhrəmanı, alimi, (Azərbaycan elmini dünyada tanıdan alimləri ey) ziyalısı, sənətçisi olan bir rayona "maşın alverçiləri" deyən, dedizdirən haramzadələrin dövləti çaqqal kimi sökdüyünü, dağıtdığın görüb Ağdamsız yaşamaq çox ağırdır! Dünyanın dinc vaxtında, Ağdamlı adının hər yerdə, hər qapıda keçərli olduğu illərdə ağdamlı bildiklərimiz dar gündə "Mən ağdamlı deyiləm ha, əslim filan yerdəndir" söyləyənləri görəndə bizlər çox üzüldük! Və sadəcə, təəssüfləndik!

Biz Ağdamı azad edə bilərik! Bax, arxasında hazırda rusun durduğu ermənini vurub Ağdamdan çıxarmağa gücümüz çatar! Yetər ki, dövlət bizə güvənsin, mane olmasın, silahımız versin, qalanı bizlikdir! Biz Ağdamımızı qaytaraq! Buna gücümüz, qüvvəmiz çatar!

Ağdamsız biz eləcə quru bədənik, ruhsuz kimi yəni...Ruhumuz Ağdamdadır axı!..

P.S. 1993-cü ildə - Ağdam işğal olunana qədər 40 gün 3 cəbhədə tək döyüşüb erməniyə qarşı! Arxamızda isə Azərbaycan idi! O Azərbaycan ki, Ağdama sursat aparmağı da qoymurdu! O Azərbaycan ki, 4 iyunda Qarabağın işğalını reallaşdıracaq qiyam etmişdir! O Azərbaycan ki, məmləkəti rusiyanın itlərinə verməyə hazır idi! Təsəvvür edirsiniz?! Ağdamı düz 40 gün 3 tərəfdən ermənidən, 1 tərəfdən isə özümüzdən qorumuşuq! Allah bəlalarını versin, həm ermənilərin, həm də öz xainlərimizin!

Oxunub: 531
Oxşar xəbərlər
SON XƏBƏRLƏR