dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan gənci döyüşə hazırdır


Dərin böhranla üzləşən Ermənistan ən hiyləgər və ən iyrənc yollarla dünyanın diqqətini özünə cəlb etmək üçün bu günlər əlindən gələni etməkdədir. Tarix boyu ermənilər bu işləri törətdikləri təxribatlarla görüblər. Ermənistanın növbəti təxribatı həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm işğalçı ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək məqsədi güdürdü. Buna nail olmaqdan ötrü Azərbaycanın Tovuz rayonu ilə sərhəddə baş verən təxribat öncə baş tutmuş hesab edilə bilərdi. Amma sonradan iflasa uğradı. Çünki üzvü olduğu KTMT Ermənistanın müraciətini qəbul etsə də, bunun üçün xüsusi iclas çağırmadı.
2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumu heç şübhəsiz təxribatdır və bir ölkənin beynəlxalq təşkilatlar tərəfindən tanınan sərhədlərinə təcavüzdür, güc tətbiq etmək aktıdır. Lakin Azərbaycan ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Ordumuzun əks-tədbirləri adekvat xarakter daşıyıb və Azərbaycan ordusu Ermənistanın təxribatlarına qətiyyətli cavab verib. Yayılan videolardan da göründüyü kimi Azərbaycan ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.
Bu döyüşlərdə Azərbaycan da igid övladlarını şəhid verdi. Ordumuzun verdiyi şəhidlərin hər birinin qisası düşməndən layiqincə alındı. Onların nəşinin insanlarımız tərəfindən qarşılanması və böyük ruh yüksəkliyi ilə dəfn edilməsi Azərbaycan xalqının qələbə əzminin göstəricisidir. Çünki xalq bu olanlardan sarsılmadı, əksinə xalqımızın yaşından asılı olmayaraq bütün nümayəndələri aktiv döyüşlərdə iştirak etmək üçün səfərbər oldular. Bir çox insanlar aktiv döyüş baş verən yerlərə yürüş edib ordumuza dəstək olduqlarını göstərdilər. Bütün bunlar insanın qəlbini fəxarət hissi ilə doldurur.
Ali Baş Komandan cənab İlham Əliyev Təhlükəsizlik şurasının iclasında bildirdi ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmış, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər. Bu onun göstəricisidir ki, həm Azərbaycan ordusunun şəxsi heyəti, həm də arsenalı ən yüksək səviyyədədir və düşmənə hər an cavab vermək qabiliyyətindədir.
Biz Azərbaycan gəncləri də, hər an Ali Baş Komandanın döyüş əmrini gözləyirik. Əgər belə bir əmr olarsa, hər birimiz düşmənin üzərinə gedəcək və işğalda olan torpaqlarımızın hər qarışını azad edəcəyik. Azərbaycanın vətənpərvər gəncləri hər an bu əmrə hazırdır.

Aqşin Bağırov,
Biləsuvar rayon Yeni Azərbaycan Partiyası
Gənclər Birliyinin sədri

Oxunub: 599
Oxşar xəbərlər
SON XƏBƏRLƏR