dini radikalizm və ekstremizmlə mübarizə

HƏYATIN ÖMÜR PAYI


Həyatda hər kəsin bir ömür payı var. İndi baxır ki, buna nə ad qoyur, sərvət də, var-dövlət, qazanc, şans da demək olar. Yəni adqoyma hərənin öz şəxsi məsələsidir. Əsas amil bu payı necə xərcləməkdir. Kim başını açıb öz ən qiymətli, dəyərli sərvətinin sağa-sola xərcləyir ki?! Onunçun əsər, nazını çəkər, qoruyar onu. Ən azından bu adama bir dəfə verilir, ikinci belə fürsət olmur. O, ömrün bir anını belə geri qaytara bilməzsən. Yaşadığın sənindir, əgər bacarsan, yaşaya bilsən.
Şans dedim, dünyaca məşhur Coco Cahneli xatırladım. Ötən əsrin əllinci illərində Fransada yaşayan bu qadın özünə iş qurmaq məqsədi ilə bir ətriyyat firması yaradır. Çox qısa zaman kəsiyində hazırladıqları, istehsal etdikləri məshullar bütün ölkələrdə brendə çevrilir - bu gün də elədir. Ondan soruşanda ki, bu uğuru necə qazanıb, cavab verərək deyir: “Həyatda hər kəsə şans verilir, qalır ondan istifadə etmək. Mən də şansımı ovcumun içində yumruq kimi sıxıb saxladım. Bilirdim ki, yumruğumu azacıq boşaltsam, o uçub gedəcək. Bax, ona bunu imkan vermədiyimdən uğurlarım da çoxaldı” Əlbəttə bu, ağıllı, həm də düşünə bilməyi bacaran adamların mülahizəsidir. Belə adamlar dediyim o ömür payı üçün tir-tir əsənlərdir. Axı o ömrü özün qazanmamısan, sənə əmanət verilib. Axı nə doğulmaq, nə də ki, ölüm bizlik deyil! O iki nöqtə arasındakı məsafəni yaşamaqsa bizlikdir.
Hünərin var, yaşamağı bacarırsansa yaşa!
Kiminsə sözləri olduğunu xatırlamıram deyir: “Hər günü son məqam kimi yaşamaq lazımdır, bu məşğələ deyil həyatdır. Biz birinci gündən başlamırıq, yaşayırıq” . Bax əsl reallıq da budur.
... Elə Nizami Əskərov da ağlı kəsəndən öz həyatını elə yaşayır. Ona görə də heç nə itirməyib, qazanıb. Ömür payına xəyanət etməyib, onunçün zağ-zağ əsib. Bir sözlə könüllərdə iz qoymağı bacarıb. Axı bir könüllərə yazılan iz pozulmur. Necə deyərlər, Tanrıya inanan adam olmaq asan, Tanrının inandığı adam olmaq çətindir. Nizami müəllim Tanrının inandığı adam yükünü də götürə bilib. Məncə, çox şişirmədim. Nə bilim, bu təəssüratı o özü məndə yaradıb. Elə yaxından, uzaqdan tanıyanlardan da bunu eşitmişəm. Necə deyərlər, dünya bir bazar kimidir. Hərə bir kəfən alıb gedər. Getməyinə gedər, ancaq baxır necə gedər. Olsun!
Bu arada sizləri də Nizami müəllimlə tanış etmək istərdim.

Qısa tanışlıq:
Nizami Bəhri oğlu Əskərov, 1 iyul 1950-ci ildə Yardımlı rayonunun Yolacaq kəndində doğulub.
1966-cı ildə kənd orta məktəbini bitirib.
1969-1971-ci illərdə hərbi xidmətdə olub.
1976-ci ildə Azərbaycan Dövlət Pedaqoji institutunun tarix fakültəsini qurtarıb.
1981-1984-cü illərdə Bakı Ali Partiya məktəbində ikinci ali təhsil alıb.
1968-ci ildə əmək fəaliyyətinə Yardımlı rayon komsomol komitəsində bölmə müdiri kimi başlayıb.
1978-198- ci illərdə rayon komsomol komitəsinin ikincisi, sonra da birinci katibi olub.
1982-1987-ci illərdə rayon xalq nəzarəti komitəsinin sədri olub.
1987-1991-ci illərdə Rayon İcra komitəsinin inspektoru:
1992-1994-cü illərdə rayon məişət xidməti istehsalat idarəsinin rəisi;
1994-1995-ci illərdə Xalq Deputatları Soveti sədrinin müavini;
1996-1998-ci illərdə Rayon İcra hakimiyyətində baş məsləhətçi;
1998-ci ildə Sumqayıt şəhərinə köçüb;
1999-2015-ci illərdə Sumqayıt şəhərinin üç və yeddi saylı orta məktəblərində tarix müəllimi kimi fəaliyyət göstərib.

... Onun ömür yoluna, əmək fəaliyyətinə ötəri bir işıq tutdum. Yəqin ki, vəzifə pillələrində yüksəlişi, uğurları, ömür payından yararlanmağıdır. Axı nəyəsə can atırsansa, səy göstərirsənsə, ona da nail olursan. Necə deyərlər, yumruğunu bərk-bərk sıxıb şansa nəfəslik vermədi, ovucunun içərisində onu əbədilik sıxıb saxladı. Hər kəsin bacarmadığını edə bildi. Heç başqa cür ola da bilməzdi. Bu da gendən gəlmə bir şeydir. Axı müəllim atasının - Bəhri kişinin tərbiyəsini görmüşdü. Atası el-oba ağsaqqalıydı, ağır kişilərdəndi, sayılıb-seçilən adamdı. Onun kənddə nüfuzu vardı, hamıya məsləhət verər, yol göstərərdi. Elə o da belə ləyaqətli atanın adına, əxlaqına kölgə salmadı. Həm də bir ayrı öhdəliyi də vardı. Evdə üç qardaş, üç bacının ilki, böyüyü idi. Nümunə olmalı idi və oldu da... bunu da bacardı...

...Beləcə gəlib yetmişi... yetmiş yaşı halqadı. Yetmiş yaş!
Bəlkə heç yetmiş il yox, yetmiş gündür? Nə bilim, bu yetmiş və ya yeddi an da ola bilər. Nizami müəllimin özü üçün lap bir an da ola bilər. Axı nə tez keçdi bu illər! Sən demə ömür elə bir göz qırpımıymış. Dünənəcən kəndin “Göl hamarında” top qovan kəkilli oğlandan əsər-əlamət belə qalmayıb. Elə saçları da etibarsız çıxdı. Nə vaxtdandır dən düşüb, ağara-ağara gedir. Həyatın şirinini, lap elə acısını da yaşamaq bir tale işidir.
Bəli yaşamaq! Axı onun hər anı qiymətlidir, dəyərlidir. Əbədi xoşbəxtlik yoxdur ki... Anı var xoşbəxtliyin. O anları gərək yaşaya biləsən, şirinliyi duyasan, qəlbinə hopdurasan.
Bu yerdə Bəxtiyar Vahabzadənin bir şerinin məzmunu yadıma düşdü. Qoca bir kişinin yaşının ixtiyar çağında əzrayıl başının üstünü kəsdirir və deyir ki, vaxtdır canını almağa gəlmişəm. Gözəl bir çəmənlikdə oturan qoca da ətrafına göz gəzdirib köks ötürür. Və söyləyir ki, onu bu yox, bir az aralıdakı digər çəmənlikdə öldürsün. Əzrayıl razılaşır. O biri çəmənlikdə kişidən soruşur: “Ay qoca, ölüm ölümdür, səninçün nə fərqi var, o çəmən ya bu çəmən?” Qoca da cavabında vaxt qazandığını bildirir. İnsan yeri gələndə iki çəmən arasındakı anı da qənimət bilir. Bir halda ki, ömür payı belə şirin, qiymətləndirsə, nədən ona dəyər verməyək?
Deməyim odur ki, Nizami müəllimin ürəyindən keçsə də yetmiş ilin bir anın belə təzədən yaşaya bilməz. Sadəcə olaraq xatırlaya, yaddaşının süzgəcindən keçirə bilər. Əslində özü də yaşadığı günlərin, ayların, illərin, heç biri üçün təəssüflənmədiyin deyir. Onların hər birinin gözünün içinə yetmiş ilin işığında da düz baxa bilir. Nədən? Nə üçün? Ən başlıcası hədər yaşamayıb. Elə indinin özündə də tanıyanlar varlığından qürur duyur. Ən başlıcası ona görə ki, içindəki mənini qoruya bilib. İçindəki məni “hə” deyəndə o da “hə” ya da “yox” deyəndə o da “yox” deyib. Bir reallığı da unutmayıb ki, insan hər kəsdən hər şeyi gizlədə bilər, vicdanından əsla.... İçindəki qaranlığa təslim olmamağa gücü yetib...
... Elə buna görə də Nizami Əskərov həyatda hər uğurunu öz bacarığı, biliyi səriştəsi ilə qazanıb. Səy göstərib, alınıb, bu da ona güc, inam verib. Xarakterində ruhdan düşmək, əli-qolu soyumaq kimi bir şey olmayıb. Nəsə alınmayanda ruhdan düşməyib, bir də, bir daha cəhd edib, axır ki, istədiyini qazanıb. Elə ilk addımdan məsul işdə-komsomol işində çalışıb. Uğurları da on səkkiz yaşından başlayıb. Rayon komsomol komitəsində bölmə müdiri, ikinci və birinci katib olub. Bu gün kimin necə qiymət verməyindən aslı olmayaraq, o dövrdə komsomol bir həyat məktəbliydi. Ölkənin ən bacarıqlı kadrları onun sıralarında püctələşirdi.
Bir növ kadr akademiyası idi. Ora işə də ən layiqliləri bacarıqlaları işə qəbul edirdilər. Özünü doğrultdun, göstərə bildinsə, daha yüksək vəzifəyə çəkirdilər. Heç partiya məktəbində təhsil almaq da hər kəsin tale payına düşmürdü. Bütün bunlar Nizami müəllimin ömür yolunun səhifələrində yazılıb. Heç də Təsadüfi deyil ki, 1982-ci ildə o, ali partiya məktəbində əyani təhsil alarkən rayon xalq nəzarəti komitəsinin sədirliyi vəzifəsinə təyinat alır. Təhsilini qiyabi davam etdirməklə yenidən rayona iş başına qayıdır. Həm də çox məsul bir sahə cəmisi otuz iki yaşlı bir gəncə tapşırılır. Düz beş il çiyinlərini ağır bir yükün altına verir. Dözür, tablaşır, gecəsini-gündüzünə qatıb doğma rayonu üçün bacardığını etməyə çalışır. Əslində bu elə işdi ki, dostdan çox düşmən qazandırırdı adama. Ona görə ki, dövlət əmlakının qorunmasına nəzarət etməliydin, öz rayonunda bunu bacarmaq heç də asan məsələ deyildi. Lakin bacardı, həm də necə! Axı belə olmasaydı rayonda necə başını dik tutub üzüağ gəzə bilərdi! Bu da səbəbsiz deyildi, komsomoldan gəlmişdi, hər kəslə öz dilində danışa bilirdi, lazim gələndə o gülərüz sifəti bir anda da sərtləşə bilirdi. Həmişə də haqqa, ədalətə söykənirdi. Bu da ata nəsihəti idi. Atası tapşırmışdı ki, el-oba içində qazandıqları hörməti, ehtiramı günlərin birində param-parça etməsin. Necə deyərlər. sınığı ən mahir ustalar belə müalicə etsələr, yenə də nazik tük kimi izi qalacaq. Bu baxımdan həm işinə, həm də adamlara sevgiynən yanaşıb. Lap qısaca tanışlıqdan sonra onun içinin sevgi ilə dopdolu olduğunu müşahidə etmək olar. Bütün pisliklərindən uzaqdır, nifrət ona yaddır. Nifrətin ən ağır yük olduğunu deyir.
Nizami Əskərovun ən dəyərli keyfiyyətlərindən biri də adamları səbrlə dinləmək, onlarla ünsiyyət qurmaq bacarığıdır. Yoxsa bir rayonda düz otuz il müxtəlif vəzifələrdə çalışmaq asan məsələ deyil. Həm də hansı sahə tapşırılıbsa, üz ağardıb, qüsursuz işləyib. Elə məişət xidməti istehsalat idarəsinin rəisi olarkən də, islahat komissiyası sədrinin müavinliyində də, İcra Hakimiyyətində baç məsləhətçi işləyəndə də həm özünə, həm də işinə sadiq olub. Buda da ona nüfuz, hörmət qazandırıb.
Qısa bir haşiyə.... lap yaxın günlərdə üçümuz –Nizami müəllim, Elman Eldaroğlu və mən görüşüb xeyli söhbətləşdik. Doğrusunu deyim ki, yetmiş yaşının olacağını eşidəndə bir xeyli təəccübləndim. Təxminən şəxsi tanışlığımızın iyirmi ilə yaxın tarixçəsi var. Ancaq mənə elə gəldi ki, bu müddətdə heç dəyişməyib. Elə özünə də belə dedim, gülümsədi, içinin sevgisi büsbütün üzünə hopdu-həmişəki kimi! Zarafatlaşıb dedik ki, qardaş, gərək yetmişin yanından sıfırı pozaq. Sonra Elmanın əli dinc durmadı, telefonu götürüb Nizami müəllimi tannıyan adamların bir neçəsinə zəng vurdu. Mən də dostların, tanışların dediklərini yaddaşıma köçürməyə çalışdım. Bu danışığın qısa xülasəsi belə oldu:
Vəli Nağıyev: - Elə adam tək-tək olar.
Mehdi Həsənov: - Rayonda onun həmişə xoş sorağını eşitmişəm.
Aydın Əbilov: - Dəyərli dost, dəyərli insandır.
İbrahim Yusifzadə: - Ləyaqətini qoruyan, əxalaqlı adamdır.
Kamal Aşurov: - Qardaşdır, qardaş.
Zakir İmanov: - Onun adı rayonda hər zaman hörmətlə çəkilir.
Bütün bunlar yaddaşımı qurdalayanda dostların pıçıldadıqlarıydı. Səmimiyyət, məhəbbət yağırdı hər birinin sözlərindən. Həm də bu insanlar aşağı-yuxarı otuz il çiyin-çiyinə işləmişdilər. Hiss etdim ki, hamı içindən gələni deyir. Nizami müəllim bunu özü qazanıb. İtirə də bilərdi, lakin daxilindəki məni lay divar kimi qabağını kəsib durub. Bu da onun könüllərdə iz salmasına yardımçı olur. Bir də təkrar edirəm, o izlər heç vaxt silinmir.

... Nizami Əskərov torpağına –Yolacağa, Yardımlıya bağlı adamdı. Yadına düşən kimi-əslində heç yadından çıxdığı olur ki...- baş alıb üzü dağlara sarı gedir. “Göl hamarı”nı ziyarət edəndən sonra - axı uşaqlığını bir parçası orada qalıb – məscidin yanına qalxır. Bura adamaların həmişə gur toplaşdığı, bir-birini görüb salamlaşdığı, təzə - köhnə xəbərlərin yayıldığı yerdi. Uşaqlı-böyüklü hər kəs də onu hörmətlə, mehribanlıqla qarşılayır, salamlayır. Bu bir ömür payının ona hədiyyə etdiyi ən böyük səadət, xoşbəxtlik, həm də mükafatdır. Əslində indi kənddə tanımadıqları tanıdıqlarından çoxdur. Nəsil dəyişir axı, o da yetmiş ilin on səkkiz ilini bu kəndə yaşayıb. Ancaq heç fərq etməz,o doğmalığı içinə çəkəndə ruhu dincəlir. Onunçün vətən bu kənddən başlanır, lap elə öz bələtlərindən, evlərinin kandarından. Bu kənddə yediyi çörəyə, içdiyi suya, udduğu havaya heç zaman kəc baxmayıb, nankorluq etməyib. Ona görə də özünü tapmağı bacarıb. Unutqanlıq hissi ona yaddır. Unutsan unudularsan deyimi axı təsadüfi deyil. Kənddən ayrılanda da bir xeyli kövrəlir, nə etmək olar, həyat belə davam edir. Hər halda bu kəndin yaddaşında bir Nizami Əskərov da var.
... Nizami müəllim də yetmiş ildir hey yol gedir... beləcə gəlib yetmişə çatıb. Hər kəsin də o yolda bir dayanacağı var – tələssən də, tələsməsən də! Ayağını torpağa basıb iz sala bilsən nə yaxşı! O izi o torpağa Nizami müəllim qoya bilib. Onun getdiyi çığırı çətin ki, ot-ələf basa bilsin.
Bu yetmiş illik taleyini ilk səhifəsindən özü yazıb Nizami müəllim... və hələ də yazır. Yaxşı və ya pis günmü çox olub o taledə? Bu gün artıq fərq etməz, ikisinə də nə əl çatır nə ün yetir. Lap Məmməd Arazın yazdığı kimi:

Ötən gün yaxşıdı ötən gün kimi,
Geriyə baxmaqla sağalmaz yaram.
Dönsə, heç demirəm pis günlərimi,
Yaxşı günlərimə yiyə durmaram.

Heyflər! Nə yazıqlar ki mümkünsüz! Nə o ömrün yaxşısını, nə də pisini yaşaya bilməzsən. Gəldi, keçdi, getdi! Daha heç təəssüflənməyin də yeri yoxdur Dünyaca məşhur yazıçı Dosteyevskinin sözləri bu yerdə yada düşür: “Necə yaşayırsan yaşa, yenə də peşiman öləcəksən. Ya elədiklərinə, ya da eləmədiklərinə görə”. Bax bu reallıqdır. Yeri gəlmişkən, onu da qeyd edim ki, bu müdrik kəlamı Nizami müəllim öz telefonunun yaddaşına köçürüb. Şəkillərdəki ömür yoluna baxarkən diqqətimdən yayınmadı. Bir anlıq baxışlarımz toqquşdu, hiss etdi ki, səbəbi ilə maraqlanıram. Gözlərini uzaq bir nöqtəyə dikib xeyli susdu. Bildim ki, yaddaşını xəyalən qurdalayır, yaxşıları ilə pislərini tərəzinin gözlərinə qoyur. Yaxşı əməllər ağır gəlir. Axı bütün pisliklərdən uzaq adam olub. Xarakter adamı kimi yaşayıb, yaxşıların cərgəsində özünə yer edə bilib.
Ötən yetmiş ili göz önünə gətirəndə bu apaydın görünür. Bəs içində nəyinsə təəssüfü, peşimançılığı varmı? Daha orasımı soruşmadım. Varsa da qoy o, qəlbinin ən dərin bir küncündə uyuyub qalsın.
... Və günlərin birində doğma Yardımlıdan ayrıldı. 1998-ci ildən taleyini Sumqayıt şəhəri ilə bağladı. Ömrünün qırx səkkiz ilini dağlara, “Göl hamarı”na, “Sihlə”yə tapşırıb gəldi. Elə izi də oralarda qaldı, yeri bu gün də görünür. Əslində Sumqayıt seçimi də təsadüf deyildi – qızı Şəhla burada yaşayırdı. Artıq oğlanları da ali təhsil alıb Yardımlıdan ayrılmışdılar. Böyük oğlu İlkin xarici ölkədə özünə iş qurub yaşayırdı, ikinci oğlu Taleh isə H.Əliyev adına hərbi akademiyanın ilk məzunlarındandı, hərbiçiydi, sərhəd qoşunlarında xidmət edirdi. İndi mayor rütbəsindədir. Yəni ciyərparalarına yaxın olmaq, onlarla doyunca nəsəf almaq istədi. Bir də Vətən elə Vətəndir, onun rayonu, şəhəri yoxdur ki... Yetər ki, onu səvəsən! Bu sevgi də Nizami müəllimin həm içinə hopub, həm də bütöv dünyasıdır.
Sumqayıtdakı üç və yeddi saylı orta məktəblərdə tarix müəllimi kimi də özünü sınadı. Axı ixtisasca tarixçidir. Elə müəllimlik də peşələrin ən şərəflisi, müqəddəsidir. Yeri gəlmişkən, burada da haşiyə çıxmaq istəyirəm. Bir gün Almaniyada hakimlər dövlət başçısı Aldrea Merkelden soruşurlar ki, nədən müəllimlərə onlardan çox əməkhaqqı verir. O da cavabında deyir ki, məni də, sizi də bu səviyyəyə müəllim gətirib.
Elə Nizami müəllim də bu peşənin adını uca tutmağı bacardı, müəllim kimi də özünü təsdiq edə bildi.
... Bəli, yetər ki, insanda istək, inam olsun. Həm də yetər ki, o istək, o inam içdən gəlsin.
... Nizami Əsgərov da hər işi içdən, sevə-sevə görüb, nüfuzunu qoruyub, hörmətini saxlayıb. İmkan verməyib ki, onlara toz qonsun, ləkə düşsün. Daha doğrusu desək, bu dünyada öz cənnətini tapıb, yerini qoruyub. Cənnət sözü işlətdiyimdən bir haşiyə də çıxmaq istəyirəm.
... Bir gün Əzrayıl çiynində dərgəz gəlir dəmirçinin yanına. Dəmirçi də hələ yaşamaq istəyən orta yaşlı bir adam olduğundan əsməcə tutur onu. Əzrayıl dərgəzini dəmirçiyə verib, itilətməsini istəyir. O da əlləri əsə-əsə dərgəzi itiləyib qaytarır ona. Əzrayıl gəldiyi kimi də dərgəzi çiyninə qoyub qapıdan çıxmaq istərkən, dəmirçi soruşur ki, bəs mənim boynumu vurmayacaqsan? Əzrayıl da deyir ki, ay kişi, sənnən nə işim var, çoxdandır cənnətin yolunu ot-ələf basıb, dəryazımı itilətdim ki, gedib onları biçim.
İbrətamizdir, deyilmi? Nizami müəllimin real dünyamızın cənnətinin yoluna açdığı cığır tər-təmizdir. Bu onun alın tərinin, zəhmətinin, əziyyətinin barıdır. Yetmiş yaşın işığında da o apaydın görünür.
Nizami Əskərovun ən böyül xəzinəsi, var-dövləti dörd övladıdır-iki oğlan, iki qız: İlkin, Taleh, Könül, Şəhla! Elə onlar da öz atalarına on nəvə hədiyyə eləyiblər. Sağlam böyüsünlər, atalarına, babalarına layiqli övladlar olsunlar. Elə balalarının xoşbəxtliyi də valideyinin dünyaca sevincidir. Nizami müəllim bu sevinci dada-dada da yaşayır. Nə böyül səadət!
... Bax, belə! Mən də bir dost kimi Nizami müəllimin bir ömür payının bəzi səhifələrini işıqlandırmağa çalışdım.
Düz yetmiş ildir o yol gedir. Ləyaqətlə, təmkinlə, dəyanətlə!
Heç sapmadı o yoldanb, xəyanət də etmədi ona. O yolu göz bəbəyi kimi qorudu. Ona görə də, dediyim kimi, ot-ələf basmadı. Uzaqdan, lap uzaqlardan da o yol görünür. Nizami müəllim də o yolla elə hey gedir ... yüzə doğru!

Doğum günün mübarək, Nizami müəllim!
Sənin varlığından dostlar qurur duyur!
Nə yaxşı ki doğulmusan!
Taleyinə düşən bir ömür payını beləcə yaşamaqda davam elə!
Necə deyərlər:
Demə yol dolayı, küləklər azğın,
Hər seldən, gurşaddan uçmaz bu qala.
Taleyin hökmünü gözləmək azdı.
Taleyin hökmünü özün imzala...

Əyyar Cəfərli

Oxunub: 646
Oxşar xəbərlər
SON XƏBƏRLƏR