dini radikalizm və ekstremizmlə mübarizə

Cabbar Əmir oğlu Zeynalov canlı qəhrəmandır!


10 il bundan əvvəlin söhbətidir. Azərbaycan Respublikası Prezident Administrasiyası İşlər İdarəsinin tabeçiliyində fəaliyyət göstərən “Xalq qəzeti”ndə “Cabbarın başı kəsilməyib!” başlığı altında yazı dərc olunmuşdu.Yazıda Azərbaycan Ordusunun sabiq əsgəri, əslən Zəngilan rayonundan olan Cabbar Zeynalovun ömür yolundan bəhs olunurdu. Yazının müəllifi, indi haqq dünyasında olan Vahid İmanov məqalədə qəhrəman bir döyüşçünün ömür yolundan danışmışdı.
Məlumat üçün bildiririrəm ki, Cabbar Əmir oğlu Zeynalov 1970-ci ildə Azərbaycanın dilbər guşələrindən olan Zəngilan rayonunun Ağalı kəndində doğulub. Ailədə 6 övlad olublar. 1988-ci ilin fevral ayında Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilərin Ermənistana birləşmək üçün küçələrə çıxması, fasiləsiz nümayiş və mitinqlərə cavab olaraq Bakıdakı “Azadlıq” meydanında etiraz mitinqləri başladı. Cabbar Zeynalov kimi oğullar ev-eşikdə rahat ola bilmədilər. 1990-cı il yanvarında keçmiş Sovet Ordusunun bölmələri Azərbaycan paytaxtında, eyni zamanda, əksər bölgələrdə dinc əhaliyə divan tutdular. Əli yalın əhaliyə qarşı 40.000(qırx min) nəfər silahlı zabit, gizir və əsgərin cəlb olunması, üstəlik, Krasnodar, Pyatiqorsk, Rostov və Saratov vilayətlərində yaşayan saqqallı erməni terrorçularının da münaqişəyə cəlb edilməsi Sovetlər İttifaqına və onun şanlı Ordusuna olan ümidləri puça çıxardı. 1991-ci il oktyabrın 9-da Azərbaycan Silahlı Qüvvələrinin bərpası istiqamətində mühüm addımın atılması, eyni zamanda, həmin ayın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpası qeyrətli oğul və qızların könüllü olaraq yenicə bərpa olunan Milli Ordu sıralarına yazılması içimizdə ümid yaratmışdı. Belə oğulların arasında Zəngilan rayon sakinləri- İlham və Cabbar Zeynalovlar da vardı. İlham Zəngilan rayonunun müdafiəsində, Cabbar isə “N” hərbi hissəsinin tərkibində Xocalının müdafiəsində dayandılar. Hər 2 qardaşın mənalı ömür yolları barədə yazılası gözəl faktlar var. Biz bu gün sağlığında ikən Azərbaycanın Milli Qəhrəmanı adına layiq olan Cabbar Zeynalovdan söhbət açacağıq. Cabbar, Azərbaycan xalqının qürur duyduğu oğullardan biridir. O, 1991-ci ildə bərpa edilən Azərbaycan Silahlı Qüvvələrinə daxil olub. Aqil Quliyevin rəhbərlik etdiyi bölüyün tərkibində Xocalıya gəlib. Səmimi olaraq etiraf edim ki, Cabbar Zeynalov kimi ləyaqətli oğulların çoxu bu məmləkətdə ya halal haqqını ala bilmədi, yada dünyasın dəyişdiyinə görə unuduldu. C.Zeynalov Bakı Ali Birləşmiş Komandirlər Məktəbini(indi: Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbləri) bitirib.Xocalı soyqırımı zamanı müstəsna xidmətlər göstərib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Məmmədovun dediklərindən: Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevin rəhbərlik etdiyi Bölüyün şəxsi heyəti 1991-ci ilin noyabr-1992-ci ilin yanvar və fevral aylarında Xocalının müdafiəsində ayıq-sayıq dayandılar. Bu döyüşçülərdən 5 nəfər az sonra geri-evlərinə qayıtsalar da, digər 16 nəfər hər bir zaman şəxsi keyfiyyətləri və düşmənin qəfil hücumlarına qarşı bizimlə birgə fəaliyyət göstərdilər. Cabbar Zeynalov da saflığı, təmizliyi, döyüş meydanında ikən atdığı cəsarətli addımları ilə iz qoymuşdu.Rusiya Silahlı Qüvvələri hərbçilərinin dəstəyi ilə Xankəndi şəhərində məskunlaşan erməni terrorçularına silah-sursat aparan heyəti tərsilah edənlərin də biri cəsur döyüşçü Cabbar Zeynalov olmuşdu. Məşhur “Qaz kontoru” əməliyyatını da C.Zeynalov hazırlamışdı. O zaman onlar kiçik qüvvə ilə daşnakların 30-dan artıq terrorçusunu məhv etmişdilər.
Azərbaycan Respublikasının Əməkdar həkimi, “Azərbaycan bayrağı” ordenli, “Əlif Hacıyev adına Mükafat”ın sahibi, ehtiyatda olan tibb xidməti kapitanı Məmməd Nağıyev: Mən, Xocalı sakiniyəm. Hippokrat andı içən həkim kimi daim insanlara yardım göstərməyə çalışmışam. Xocalı soyqırımı zamanı erməni terrorçuları tərəfindən əsir götürülmüşəm. Tam səmimi bildirirəm ki, Cabbar Zeynalov canlı Qəhrəmanlardan biridir!Qorxu nə olduğun bilməyən bu insan ən ağır əməliyyatlarda iştirak edib.
Xocalı şəhər 2 saylı tam orta məktəbin direktor əvəzi, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova: Mənim qardaşım da qorxmaz oğullardan idi.O, daim Aqil Quliyev, Cabbar Zeynalov, Araz Səlimov, Bəhram Əhmədov kimi oğullarla hərbi əməliyyatlarda iştirak edirdi. Cabbar Zeynalov nəinki mənim, bütün xocalıların qəlbində özünə yer tapıb.Mən onun xətrini doğma qardaş kimi çox istəyirəm.
Xocalı sakini, şəhid Vasif Məmmədovun ömür-gün yoldaşı Ceyran Əzizova: Xocalı sakinləri Aqil Quliyevin rəhbərliyi altında döyüşən oğulları unutmur. Cabbar da həmin dəstənin tərkibində xidmət edib.
Vidadi Musayev, AMQ Aqil Quliyevin rəhbərlik etdiyi Bölüyün sabiq əsgəri:Cabbar Zeynalov Vətənin müdafiəsində ayıq-sayıq dayanan oğullardan biridir. Cabbar ən çətin məqamlarda düzgün qərar verərək vəziyyətdən çıxmağı bacaran döyüşçüdür. Fəxr edirəm ki, mən Cabbarla, Aqil Quliyev, Hikmət Nəzərli, Hafiz Nuriyev...kimi oğullarla birgə erməni terrorçularına qarşı mübarizə aparmışam.
Dəyərli oxucular, C.Zeynalov qanlı savaş meydanlarında dəfələrlə ölümlə üzbəüz gəlib. İndi sizə bu hadisələrin birindən bəhs edəcəyəm. Cabbarın da xidmət etdiyi tabor Əsgəran rayonunun Pircamal, Aranzəmin və Kətik kəndləri istiqamətində hərəkət edəcəkdi. Bu məqsədlə əməliyyat planı hazırlanmış, Tabor rəhbərliyi döyüş əməliyyatı başlananadək şəxsi heyətin istirahət etməsi üçün tapşırıq vermişdi.C.Zeynalov isə zəruri olan silah-sursat ardınca getmişdi.Tabor komandiri Məmməd müəllim və Qərargah rəisi olan Cabbar Zeynalov əmin idi ki həmişəki kimi bu əməliyyat da uğurlu olacaq. Hücum əməliyyatının başlanmasına 6 saat qalmışdı. Mən o zaman bölgədə yerləşən “N” saylı Hərbi-Səhra Hospitalında idim. Ağdam rayonunun Əfətli kənd tam orta məktəbində partlaş baş verməsi haqda məlumat aldıq. Hadisə yerinə yollandıq. Səhv etmirəmsə, binanın 2ci mərtəbəsində partladıcı qurğu quraşdırılmış və işə salınmışdı. Ən azı 30 nəfər döyüşçümüzün faciəli surətdə dünyasını dəyişməsini heç bir qruplaşma öz üzərinə götürmədi. Cabbar Zeynalovun hadisə olan zaman binada olmaması növbəti dəfə sağ qalmasına səbəb oldu. Şahidlər xatırlayır ki, partalyıcı qurğu Cabbarın əyləşdiyi otağın arxasında quraşdırılıbmış...
Hazırda qürbət ölkələrdən birində yaşayan əfsanəvi qəhrəman Cabbar Əmir oğlu Zeynalov aidiyyəti orqanların rəhbərlərindən sözün həqiqi mənasında diqqət və qayğı umur.Çünki o, hazırda onkoloji xəstəlikdən və şəkər xəstəliyindən əziyyət çəkir.
Biz, sənin kimi ləyaqətli oğlullarla qürur duyuruq, qardaşım!

Şamil Sabiroğlu,
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri,
“medonline.az” və “xebertv.az” saytlarının xüsusi müxbiri.


Oxunub: 689
Oxşar xəbərlər
SON XƏBƏRLƏR