dini radikalizm və ekstremizmlə mübarizə

ŞƏRƏFLİ ÖMÜR SAHİBİ


Onun müəllimlik fəaliyyətində tələbkarlıqla qayğı üzvi bağlılıq təşkil edir

“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.
Heydər ƏLİYEV

Elə insanlar var ki, onlar haqqında düşünəndə özündən asılı olmayaraq ürəyin işıqla dolur. Bu şəxslərin çöhrəsindəki ziyadan qəlbinə pay düşür. Elə bu qəbil insanların ümumi nişanəsinə çevrilmiş ziyalı kəlməsi də öz sirrini, mənasını bu məqamdan açmağa başlayır.
Ziyalılıq bir vəzifə deyil, taledir. Bu taleyi heç kəs özü seçmir. Tutduğu yol, yaşadığı həyat, başqalarının münasibəti insanın ziyalı taleyini müəyyənləşdirir. O da insanların qayğılarına, düşüncələrinə yaxınlığı ilə ziyalı taleyinin seçdiyi insanlardandır.
Dəyərli ziyalı Hacıməmməd Məmmədovu ilk dəfə tanıyanda o, bugünkü yaşında deyildi. Rayonun ictimai həyatında, pedaqoji fəaliyyətində ona uğur gətirən nailiyyətlərin çoxu hələ irəlidə idi. Bir çox yüksək titul, rəsmi təltif də ad və soyadına ömrün növbəti dönəmlərində əlavə olunacaqdı.
Hegel yazırdı ki, din və əxlaq inama əsaslanmaqla vasitəsiz bilik olsalar da, hər halda yenə də tərbiyə və təhsillə vasitələnirlər. Dinə, əxlaqa bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən həqiqətən də insanlığı səciyyələndirən, onu dünyanın ən ali varlığına, zinətinə çevirən ülvi keyfiyyət sayılıb. Yaşadığı zaman və məkandan asılı olmayaraq daxilindəki işığa doğru üz tutan, ədalətə tapınan, dinə iman gətirən, əxlaqa söykənən insanlar bütün cəmiyyətlərdə sevilib-seçiliblər. Parlaq şəxsiyyətləri, yüksək mənəvi idealları ilə tanınan belə ziyalı şəxsiyyətlərin həyat amalı, ilk növbədə, onların cəmiyyətə fayda verən fəaliyyətində real təcəssümünü tapıb. Hacıməmməd müəllim də ömrünün bu çağınadək qanuna, ədalətə, haqqa söykənib.
Ömrün indi 70-ci zirvəsində qərarlaşan bu hörmətli ziyalımız – mənim yaxından tanıdığım Hacıməmməd müəllim də həyatının hər bir anında məhz belə olmağa çalışıb. Zəhməti, haqqı nahaqqın ayağına verməmək əzmini, yüksək məsuliyyəti, xalqımız, dövlətimiz üçün faydalı olmaq məqsədini bir an da özündən uzağa buraxmayıb.
Onu tanıtmaq üçün dəyərli qələm yoldaşım Rəna Mirzəliyevanın “Ömrə naxış illər” oçerkinə müraciət etdim (Amma halallığını almamışam): “Çox zəhmətkeş həyat yolu var Hacıməmməd Məmmədovun. 1950-ci ildə İsmayıllı rayonunun Pirəqanım kəndində doğulub. Bağəli ibtidai, Müdri səkkizillik və Lahıc qəsəbə orta məktəblərində dərs alıb. Hansı məktəbdə oxumağından asılı olmayaraq, müəllimlərinin və şagird yoldaşlarının sevimlisi olub. Orta məktəbi müvəffəqiyyətlə bitirsə də, hələ ali təhsil almağa tələsməyib. Hərbi xidməti bitirdikdən sonra bir neçə il tikintidə işləyərək ailə ehtiyaclarını ödəməyə çalışıb. Nəhayət, 20 yaşlarında çoxdan ürəyində gəzdirdiyi ali təhsil almaq arzusu reallaşıb. H.B.Zərdabi adına Gəncə Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) daxil olub. Qiyabi təhsil ala-ala müəllim işləməyə başlayıb. Çox həyəcanla jurnal alıb sinfə girdiyi ilk dərsi Mücühəftəran kənd 8-illik məktəbində olur. Həmin gündən qarşısına ali məqsəd qoyur: şagirdlərə təkcə tükənməz bulaq kimi qaynayan dilimizin gözəlliyini, ədəbiyyatımızın zənginliyini öyrətməklə işini bitmiş hesab etməmək, cəmiyyətin ehtiyaclarını ödəmək üçün hər an hazır olan şəxsiyyət yetişdirmək.
Bu müqəddəs amalı həyata keçirmək üçün ilk gündən öyrənir, qabaqcıl təcrübəyə yiyələnir və yenə də axtarışdadır.
1972-ci ildən 1990-cı ilədək müxtəlif məktəblərdə işlədi 24 illik əmək fəaliyyəti N.Behtiyevin adına şəhər 6 nömrəli tam orta məktəbində də xəyallarında yaşatdığı əsl müəllim olmaq, işıqlı ömür yaşamaq, zəhməti ilə nəsillərə örnək olan neçə-neçə yeniyetmənin bilikli şəxsiyyət kimi formalaşması üçün ömrünü məşəl etmək, şam etmək amalı onu bir an da tərk etməyib”.
Yetirmələri onu çox sevirlər. Bu sevginin mənbəyi həm də Hacıməmməd Məmmədovun uzunmüddətli müəllimlik təcrübəsi ilə siniflərdə uğurla keçən dərslər, şagirdlərlə səmimi ünsiyyət qurmaq bacarığı, onlara diqqət və qayğısıdır.
H.Məmmədov xarakter etibarilə tələbkar və prinsipial pedaqoq-müəllimdir. Bu tələbkarlığı isə ilk növbədə özünə qarşı yönəlib. Ona görə də onun danışığında, mətbuatda çap etdirdiyi müxtəlif məqalələrində səthi yanaşmalara, bəsit məqamlara, başqaları tərəfindən irəli sürülmüş tezislərin dolayısı ilə təkrarına rast gəlməzsən. Pedaqoqun öz həmkarlarında, çalışdığı kollektivin pedaqoji heyətində, yetirmələrində görmək istədiyi ilk keyfiyyət məhz öz dərsinə, tədris etdiyi fənnə yüksək məsuliyyətlə yanaşmalarıdır.
Əsl ziyalı cəmiyyətdə gedən ictimai-siyasi proseslərə heç zaman biganə qalmır. Müəyyən bir əqidənin daşıyıcısı kimi öz mövqeyini ortaya qoyur. Aydın baxışları, tutduğu yolla onun rəyinə hörmət bəsləyən başqalarına, o cümlədən yetirmələrinə düzgün yol göstərməyə çalışır. Bu mənada Hacıməmməd Məmmədov əqidə adamıdır. O, hər zaman Azərbaycan dövlətinin daha da qüdrətlənməsini istəyir. Cəmiyyətimizdə qanunun aliliyinin, insan hüquq və azadlıqlarının, vətəndaş cəmiyyətinin, sosial ədalətin bərqərar olmasına, yüksək siyasi mədəniyyətin formalaşmasına çalışır. Özünün dərin fəhmi və düşüncəsi ilə duyur ki, bütün bu amallara yetişməyin yeganə yolu cəmiyyətdəki ictimai-siyasi sabitliyin, davamlı inkişaf mühitinin qorunub saxlanmasından, insanların maariflənməsindən, xalqın birdən-birə inqilabi sıçrayışla deyil, sosial təkamül yolu ilə öz hədəflərinə doğru irəliləməsindən keçir. Bu isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursudur. Bu kursu böyük əzmlə davam etdirərək ölkəmizi tarixinin ən qüdrətli mərhələsinə yetirmiş Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü milli inkişaf siyasətidir.
Səmimi və qayğıkeş insan olmaqla yanaşı, Hacıməmməd müəllimi el-obasına, rayon camaatına sevdirən ən gözəl xüsusiyyətlərindən biri də onun nikbin, mərhəmətli, humanist və xeyirxah olmasıdır. Ona müraciət edənlərə hər zaman kömək edir. Fəaliyyətə yeni başlayan müəllimlərin və şagirdlərin dostu, böyük bir ziyalı ordusunun yetişməsində əvəzsiz zəhməti olan pedaqoq gənclərin müxtəlif peşə sahələrində uğurlar qazanmalarına həssaslıqla yanaşır. Yeni nəslin vətənpərvər ruhda formalaşması, elmə maraq göstərməsi, cəmiyyət üçün faydalı insan kimi yetişməsi naminə əlindən gələni əsirgəmir. Belə bir insanla eyni dövrdə yaşamaq, onunla ünsiyyətdə olmaq imkanı mənim üçün böyük xoşbəxtlikdir. Jurnalist kimi fəaliyyət göstərdiyim müddətdə bu dəyərli ziyalımız rayonda yaşamasına baxmayaraq hər zaman mənə dəstək göstərərək, dünyaya baxışlarımın formalaşmasında böyük rol oynayıb. Hər zaman onun fəaliyyət və yaradıcılığını yaxından izləyərək, onun səlis və məzmunlu nitqini dinləyərək bəhrələnib, mənəvi qida almışam. Bütün bunlar məni ədəbiyyatla, jurnalistika və yazı sənəti ilə daha da bağlayıb.
İsmayıllının ictimai həyatında H.Məmmədovu hər kəs parlaq zəka sahibi və alicənab şəxsiyyət kimi tanıyır.
Yenə Rəna xanımın həmin oçerkindən bir sitat: “Yaradıcı müəllim interaktiv təlimin ən çox istifadə olunan metodlarından bacarıqla istifadə etməklə bərabər, şagirdlərin yaradıcı təfəkküründə mühüm amil olan fənlərarası inteqrasiyaya da üstünlük verir. O, həmçinin yeni metodların yaradıcı tətbiqi zamanı bacarıqla onlara uyğun iş formalarını seçir.
Zamanın nəbzini düzgün tutan həmişə öz işinin bəhrəsini – şagirdlərinin nailiyyətlərini görüb yetirmələri ilə daim fəxr edən Hacıməmməd müəllimin şagirdləri dəfələrlə respublika fənn olimpiadaları və inşa yazı müsabiqələrinin qalibi olmuş, qiymətli hədiyyələr və fəxri fərmanlarla mükafatlanmışlar.
H.Məmmədov respublika miqyaslı pedaqoji seminar və konfransların iştirakçısı olmaqla, aktual mövzularda məruzələr oxumuşdur. 2002-2003-cü tədris ilində respublika üzrə keçirilən pedaqoji mühazirələr müsabiqəsində məruzəsi Təhsil Nazirliyinin I dərəcəli diplomuna layiq görülüb. “Qızıl qələm” mükafatı alıb. 2007-ci ildə “Qabaqcıl təhsil işçisi” döş nişanına, 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.
2003-cü ilin oktyabrında Azərbaycan Müəllimlərinin XII qurultayının nümayəndəsi seçilib.
H.Məmmədov təkcə işlədiyi məktəbin deyil, rayonun da ictimai işlərində fəal iştirak edir. O, keçirilən ilk bələdiyyə seçkilərində də uğur qazanmış və İsmayıllı bələdiyyəsinin üzvü seçilmişdir. 2006-cı ildən isə 86 nömrəli İsmayıllı Dairə Seçki Komissiyasının üzvüdür.
Ancaq bütün bunların fövqündə Hacıməmməd müəllimi daha çox qürurlandıran bir mükafatı var. Bu da təlim-tərbiyələrinə əmək sərf etdiyi gənclərin cəmiyyətdə layiqli yer tutmaları və müəllimlərinə hörmətlə baş əymələridir.
H.Məmmədov yüksək intellektual səviyyəli, dünyanı gözəllik prizmasından qiymətləndirən fəlsəfi duyumlu, yaradıcı ziyalılardandır. Şairdir. Qəlbindən keçənləri, onu narahat edən problemləri ilhamla qələmə almağı bacarır. “Səndən başqa bir sevdiyim bəndə yox” şeir kitabının müəllifidir. Həmmüəllifi olduğu “Eldən gedən oğul”, “Uğur yolları” kitabları isə onun publisistik qələminin kəsərliliyini göstərən nümunələrdir. “Ziya ocağı” kitabı çalışdığı məktəbin qabaqcıl iş təcrübəsinə həsr olunub.
O, zəngin pedaqoji təcrübəyə malik, öz işinə məsuliyyətlə yanaşan, yaradıcı pedaqoqdur. Müxtəlif didaktik materialların hazırlanmasında fəal iştirak etmişdir “İşgüzar sənədlər”, “İmla”, “İfadə mətnləri” (V-XI siniflər üçün), “Ədəbiyyatdan sual-cavab”, Azərbaycan dili və ədəbiyyatdan V-XI siniflər üçün test kitablarının müəllifidir.”
Bəşəriyyət müasir intellektual inkişaf səviyyəsinə görə öncə müəllimlərə borcludur. Bütün aparılan təhlillər göstərir ki, heç bir sənət və peşə adamı cəmiyyətin irəliyə doğru inkişafında müəllimin fəaliyyəti qədər rol oynamır. Çünki müəllimlər insan zəkasını nurlandıran sönməz işıq mənbəyi olmaqla bərabər, bəşəriyyətin mənəvi yükünü çiyinlərində daşıyan həyat anteyləridir.
Qəlbinə nur hopmuş belə insanlardan biri, ömrünün yarım əsrdən çox hissəsini təlim-tərbiyə işinə həsr etmiş, dağlar gözəli İsmayıllıda çoxunun hörmət və ehtiramla adını çəkdiyi, mənəvi-əxlaqi keyfiyyətləri ilə insanların rəğbətini qazanmış Hacıməmməd Məmmədovdur.
Hacıməmməd müəllimin ən maraqlı xüsusiyyətlərindən biri, deyəcəyi hər sözün, atacağı hər bir addımın verə biləcəyi nəticəni əvvəlcədən götür-qoy etməsidir. O bilir ki, deyilən söz yaydan atılan oxa bənzəyir. Atılan oxu geri qaytarmaq, peşmançılıqdan yaxa qurtarmaq isə mümkün olmur.
Onun verdiyi biliklər, aşıladığı mənəvi keyfiyyətlər milli və bəşəri xarakter daşıyır, fəaliyyəti isə həmişə planlılığı, məqsədyönlülüyü və mütəşəkkilliliyi ilə fərqlənir. Peşəsinin qəlbən vurğunu olan Hacıməmməd Məmmədov öz müəllimliyini Vətəninə, xalqına xidmət etmək vasitəsinə çevirib. Onun dediyi söz, atdığı addımlar, apardığı dərslər bir pedaqoq kimi cəmiyyət üçün faydalı məqsədlər güdür, mənəvi keyfiyyətləri isə xalqımızın tarix boyu qazandığı dəyərlər olduğundan cəmiyyətin sonrakı inkişafı üçün əhəmiyyət kəsb edir.
Ömrünün yarıdan çoxunu müəllimlik kimi müqəddəs peşəyə bağlamış Hacıməmməd Məmmədovun həm həyatı, həm də ədəbi-pedaqoji fəaliyyəti bir ziyalılıq örnəyidir. Həyatın mənasını insanlara xidmətdə görən Hacıməmməd müəllim təvazökar, xeyirxah və alicənab insandır. Onun dost kimi sədaqətinə, insan kimi kamilliyinə, ziyalı kimi alicənablığına, ağsaqqal kimi nüfuzuna, vətəndaş kimi xalqına, torpağına bağlılığına hamımız şahidik. O, olduqca sadə, zövqlə geyinən bütöv bir şəxsiyyətdir. Onun insanlara rəftarında, cəmiyyət hadisələrinə münasibətində son dərəcə səmimi bir ziyalı mövqeyi formalaşıb, rəftarında, oturuşunda, duruşunda, ədəb-ərkanında gözəl bir müəllim qüruru cəmləşib. Doğru deyirlər ki, müəllim nümunə, örnək olmalıdır, istər hərəkətində, istərsə də biliyində.
Hər kəsə bir ömür verilib, deyiblər. Hərə də bir cür yaşayıb bu ömrü. Elə buna görə də dilimizdə ömür, şərəfli ömür ifadələri yaranıb. Faydalı, xeyirxah, gənc nəslin inkişafına təkan verən, xalqına və millətinə xidmətdə keçən ömrə dəyərli ömür deyiblər. Cəsarətli, sözübütöv, sədaqətli, şərəfli ömür sahibinə çevrilib bu cür şəxsiyyətlər. Nəriman Bilal oğlu Orucəliyev də belə mənalı və şərəfli ömür sahiblərindən biri idi.
Və sözardı: Hörmətli Hacıməmməd müəllim, Sizi 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm. İnanıram ki, hələ uzun illər bütün ədəbiyyatsevərlər, Azərbaycanın dilinə önəm verənlər və bütövlükdə elm ictimaiyyəti üçün enerji ilə yazıb-yaradacaq, tarixin neçə-neçə açılmamış səhifəsini işıqlandıracaqsınız. Doğum gününüz mübarək!

Daşdəmir ƏJDƏROĞLU

Oxunub: 560
Oxşar xəbərlər
SON XƏBƏRLƏR