dini radikalizm və ekstremizmlə mübarizə

“Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək”


Hər bir ölkənin tarixi onun böyük, dahi şəxsiyyətləri ilə tanınır. Müstəqil Azərbaycanın tarixi haqqında danışdıqda, sözsüz ki, Ümummilli lider, fenomenal şəxsiyyət Heydər Əliyevin adı çəkilir.

Hər kəsə bəllidir ki, 1990-cı illərin əvvəllərində baş verən hadisələr ölkəmizin üzərini qara buludlar kimi öz ağuşuna almışdı. Həmin dövrdə milli həmrəylik və bütövlüyə, ümummilli inkişaf və siyasi sabitliyə təhdid yaradan amillərin formalaşması, ölkə daxilində hökm sürən mürəkkəb kataklizmlərin olması, siyasi böhranın pik nöqtəyə çatması, ən əsası isə ölkə rəhbərliyində təmsil olunan şəxslərin siyasi fəaliyyətləri baxımından qənaətbəxş olmamaları yenicə müstəqillik əldə etmiş bir Respublikanı olduqca pis bir vəziyyətlə üz-üzə qoyurdu.

1993-cü ildə xalqımız milli dövlətçiliyini və müstəqilliyini itirmək təhlükəsi qarşısında qalanda, ən ağır günlərini yaşayanda Azərbaycan öz taleyi və müqəddəratını yalnız Heydər Əliyevə etibar etdi.
Böyük siyasətçi Heydər Əliyev rəhbərlik elədiyi dövrdə zəngin mədəniyyəti, tarixi keçmişi ilə qürur duyduğu, gələcək nəsillərin taleyini düşünərək bütün həyatını həsr elədiyi Azərbaycanı bir dövlət kimi dövlətlər sırasında yüksəkdə görmək arzusu ilə çalışdı. Məmləkətimizi zamanın ağır və sərt sınaqlarından çıxara bildi.

Ulu Öndər Heydər Əliyevin prezident seçilməsi ölkə tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanmasına səbəb oldu. Məhz bu mərhələdə dahi bir siyasətçi öz xarakteri və səciyyəvi xüsusiyyətləri ilə xalqın sevgisini qazanmağa başladı.

Heydər Əliyevin şəxsiyyəti, əvəzedilməz keyfiyyətləri və müxtəlif sahələrə, ələlxüsus da mədəniyyətə olan diqqəti hər zaman əhatəsində olan insanların təəccübünə səbəb olurdu. Onun musiqiyə verdiyi dəyər sadə bir münasibətdən qaynaqlanmırdı. Bu, böyük bir şəxsiyyətin incəsənətə olan məhəbbəti, başqa sözlə deyilsə, insan ruhuna qida verən sənət incilərinin dərindən duyulması idi.

Heydər Əliyev kimi hərtərəfli istedada malik insana musiqi bəstələmək olduqca çətin bir iş idi. Amma bu cür məsuliyyətli işin öhdəsindən kiçik bir yaradıcı heyət qısa bir zaman ərzində yüksək səviyyədə gələ bildi. 1998-ci ilin mayına bir neçə ay qalmış formalaşan ideyanı həyata keçirmək, özü də onu uğurla reallaşdırmaq yalnız və yalnız bəstəkar Kamal müəllim və Əməkdar incəsənət xadimi Baba Vəziroğlu kimi şəxslər tərəfindən mümkün ola bilərdi.

Ümummilli lider Heydər Əliyevə mahnı yazmaq böyük bir cəsarət tələb edirdi. Kamal müəllim və Baba Vəziroğlu mahnını ərsəyə gətirərkən qarşılarına bir məqsəd qoymuşdular: “Mövzusu ənənvi mövzulara bənzəməyən bu əsər öz möhtəşəmliyi ilə fərqlənməli idi”. Ona görə ki, əsər ölkənin ictimai-siyasi xadimi, Azərbaycanın Prezidenti və hər şeydən öncə musiqi duyumu güclü olan bir liderə-Heydər Əliyevə həsr olunurdu.

Layihə, həqiqətən də, möhtəşəm bir sənət əsəridir. Çünki səmimi hisslərin köçürüldüyü bu melodik əsər özlüyündə başqa musiqilərdən olan hissələri də əks etdirir. Mahnı “Koroğlu” operasının uvertürası ilə başlayıb Müslüm Maqomayevin “Azərbaycan” əsəri və Sevil xanım Əliyevanın “Ana” elegiyası ilə əhatə olunur. Əsərə digər musiqilərdən parçaların daxil edilməsi, özü də böyük şəxsiyyətin sevdiyi əsərlərdən parçaların daxil edilməsi bu musiqini orijinal bir layihəyə çevirir.

1998-ci ilin may ayının 10-da “Xalq Heydər söyləyəcək” mahnısı ilk dəfə olaraq efirlərdən səsləndi. Həm mahnının müəllifləri, həm də onu ifa edən şəxslər-Ağadadaş Ağayev, Briliant Dadaşova, İlqar Muradov və Ruhəngiz Allahverdiyeva əsərin öhdəsindən uğurla gəldilər. Mahnı səsləndiyi andan onun gələcək uğurlu taleyi bəlli idi. Başqa cür ola da bilməzdi. Çünki mahnının ünvanlandığı şəxsiyyətin nüfuzu və bu layihəyə imza atan şəxslərin istedadı mahnının uğuruna sirayət etmişdi. Başqa sözlə, bu mahnını ərsəyə gətirənlərin və onun ünvanlandığı şəxsiyyətin musiqi duyğuları bir nöqtədə kəsişərək bütöv bir vəhdət yaratmışdı:

Sən bu çətin zamanda gücümüz, qüvvətimiz,
Sən bizim bu dünyada ən böyük sərvətimiz...

Mahnı 2003-cü ilə qədər başqa bir ahəngdə idi. Lakin 2003-cü ilin 12 dekabr tarixindən etibarən mahnıya baxış nöqtəsi də dəyişdi. Ümummilli lider Heydər Əliyevin vəfatı ilə mahnıdakı nisgil, kədər, həsrət tam aydınlığı ilə sezilməyə başladı. 12 dekabr tarixində bütün xalq mahnıda deyildiyi kimi “Heydər söyləyərək” ayağa qalxdı. Ümummilli liderin vəfatı Azərbaycan xalqı üçün böyük bir itki idi. Məhz o gündən başlayaraq mahnı nostalji duyğuların tərənnümünə çevrildi və hər dəfə səsləndikcə Ulu Öndərin canlı portretini yaratdı:

Nə qədər Azərbaycan, nə qədər bu millət var,
Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək...

Böyük bir şəxsiyyətin öz xalqına olan məhəbbətini, xalqın isə ona olan sevgisini son dərəcə sadə və səmimi sözlərlə izhar edən bu iki cümlə mahnı haqqında, onun ünvanlandığı dahi şəxsiyyət, əbədiyaşar lider haqqında olan fikirlərin yekunu kimi özünü göstərir. Çünki, doğrudan da, nə qədər ki, Azərbaycan xalqı var olacaq, bir o qədər də Heydər Əliyev şəxsiyyəti anılacaq, xatırlanacaqdır.

Oxunub: 968
Oxşar xəbərlər
SON XƏBƏRLƏR