» » İsa Həbibbəyli: Heydər Əliyev görkəmli tarixi şəxsiyyətdir

İsa Həbibbəyli: Heydər Əliyev görkəmli tarixi şəxsiyyətdir


"Ümummilli Lider Heydər Əliyev Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin nadir simasıdır"

Ümummilli lider Heydər Əliyev Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin nadir simasıdır. Heydər Əliyev ölkəsinin inkişafı və xalqımızın taleyi baxımından böyük tarix yaratmış görkəmli tarixi şəxsiyyətdir.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, bütün böyük və müdrik dühalar kimi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də yaşadığı dövrün real mahiyyətini dərindən görüb, özünün aydın siyasi mövqeyi, möhkəm iradəsi və uzaqgörənliyi ilə zamanı irəli aparmaq qüdrətinə malik olub. Bu görkəmli dövlət xadimi heç vaxt zamanın arxası ilə getməyib, əksinə, zamanı öz arxasınca aparmağı bacarıb:

"Heydər Əliyevin fəth etdiyi zaman tarixə çevrilib və həm də növbəti sabahlara yol açıb. Bu mənada ulu öndər Heydər Əliyev epoxası sadəcə Azərbaycan xalqının və dövlətinin yalnız fərqli tarixi deyil, həm də daha işıqlı sabahı deməkdir. Qüdrətli tarixi şəxsiyyət olan Heydər Əliyevin müstəqil dövlətçilik idealları Azərbaycan xalqının əbədiyyət yoludur".

İ.Həbibbəyli əlavə edib ki, Heydər Əliyev tarixin ən çətin və məsuliyyətli zamanlarında da tarix yaratmağın əsl nümunəsini göstərib. Böyük dövlət xadimi Heydər Əliyevdə tarixi şəxsiyyətlər üçün zəruri olan bütün keyfiyyətlərin cəmləşdiyini deyən İ.Həbibbəyli qeyd edib ki, möhkəm siyasi iradə, aydın dövlətçilik mövqeyi və ümummilli mənafe bu böyük tarixi şəxsiyyətin həyatının və mübarizəsinin əsas istiqamətini müəyyən edib:

"Heydər Əliyevin şəxsiyyətində və fəaliyyətində dəmir kimi möhkəm general iradəsi ilə əsl liderin aydın mövqeyi və uzaqgörənliyi birləşir. Heydər Əliyev üçün möhkəm iradə ilə aydın siyasi mövqe, onun coxcəhətli fəaliyyətinin qoşa dəmir yolu kimi ən mühüm zəruri faktorlardan biri idi. Bunlardan hər hansı biri olmazsa, lokomotivin hərəkəti mümkün olmadığı kimi, liderin də lokomotivə çevrilmək şansının baş tutması mümkün deyil. Görkəmli dövlət xadimi kimi Heydər Əliyevin qüdrəti onun aydın siyasətində, qətiyyətli dövlətçilik mövqeyində, ümummilli maraqlara və bəşəri dəyərlərə əsaslanan dönməz iradəsində idi. Yaxud da əksinə, Heydər Əliyevin möhkəm siyasi iradəsi onun aydın siyasi və dövlətçilik mövqeyini həyata keçirməsini, habelə ümummilli maraqlarını cəmiyyətdə gerçəkləşdirməsini təmin edib. Qüdrətli dövlət xadimi və böyük siyasi lider kimi Heydər Əliyevin simasında aydın siyasi mövqe ilə dönməz müstəqil dövlətçilik maraqlarına təminat verən möhkəm iradə bir-birini üzvü surətdə tamamlayıb".

Akademik qeyd edib ki, Azərbaycan Sovet Respublikasını geridə qalmış bir respublikadan hərtərəfli şəkildə inkişaf etmiş ölkəyə çevirmək Heydər Əliyevin siyasi məqsədi, strategiyası idi. Bu uzunmüddətli strategiyanı mərhələ-mərhələ həyata keçirmək üçün SSRİ rəhbərliyində apardığı danışıqlar, müzakirələr, bunların əsasında ümumittifaq miqyasında və respublika səviyyəsində qəbul etdirməyə nail olduğu qərarlar görkəmli dövlət xadimi Heydər Əliyevin konkret və aydın mövqeyinin ifadəsi idi. Tarix üçün çox da böyük olmayan 1969-1982-ci illər ərzində Azərbaycan Sovet Respublikasını keçmiş SSRİ-də bütün istiqamətlər üzrə inkişaf etdirilmiş bir ölkəyə səviyyəsinə çatdırmaq Heydər Əliyevin yorulmaz fəaliyyətinin və böyük iradəsinin nəticəsi idi:

"Azərbaycanın dövlət müstəqilliyi dövründə də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin aydın və qəti siyasi mövqeyi ilə möhkəm iradəsi xalqımıza və dövlətimizə uğur və qürur gətirmiş, müstəqilliyimizin daha da inkişaf etdirilib möhkəmləndirilməsinə xidmət edib. Məhz Heydər Əliyev mövqeyi və iradəsi siyasi hakimiyyətdə olduğu dövrdə Azərbaycan xalqını və müstəqil Azərbaycan dövlətini neçə-neçə böyük imtahanlardan çıxarıb, böyük xilaskarlıq missiyasını həyata keçirməyin, ölkəni qoruyub saxlamağın və inkişaf etdirməyin əsl yoluna çevrilib".

Akademik deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev müstəqil dövlətçilik yollarındakı dönməz mövqeyi, yaradıcı dühası, yorulmaz fəaliyyət ilə Heydər Əliyev epoxasını tamamlayıb və yeni tarixi era yaradıb.

Onun sözlərinə görə, görkəmli dövlət xadimi Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin əbədiyyət rəmzi, Prezident İlham Əliyev isə qüdrətli lideri və uzaqgörən sükançısıdır:

"Heydər Əliyev özünün çoxillik tarixi xidmətləri ilə tarixdə şəxsiyyətin böyük rolunu isbat edib. Azərbaycan Prezidenti İlham Əliyev mənsub olduğu xalqı və rəhbərlik etdiyi müstəqil dövləti daim qabağa aparmağı bacarıb, müasir tarixin yeni üfüqlərini müəyyən edib, dönmədən bu yolla gedərək böyük əməlləri ilə daha böyük zəfərlər qazanmağın mümkünlüyünü meydana qoyub. Xalqını və dövlətini inkişaf etdirmək üçün var qüvvəsi ilə çalışaraq böyük nailiyyətlərə imza atan Prezident İlham Əliyevin mövqeyi ilə onu ürəkdən dəstəkləyən xalqın mövqeyi üst-üstə düşür, vəhdət təşkil edir. Azərbaycan dövlətçiliyini çətin sınaqlardan çıxarmış Heydər Əliyevin mövqeyi, həmçinin Prezident İlham Əliyevin ölkə daxilində və beynəlxalq aləmdə nümayiş etdirdiyi aydın siyasi mövqeyi, möhkəm iradə ilə birlikdə xalqımıza və ölkəmizə böyük nüfuz qazandırır, daha geniş üfüqlərə doğru addımlamaqda güc və qüvvət verir".
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Ağustos 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31