dini radikalizm və ekstremizmlə mübarizə

“Düşmənə sinəsini sipər edən, dosta kürəyini arxa verən” əsl dost


Çəkənə ver,
Qəlyanı çəkənə ver.
Biz dərdi çəkənmirik,
Bizdən al, çəkənə ver...

Haqqında danışmaq nə qədər rahat olsa da, onu xatirələr işığında yada salmaq mənim üçün bir o qədər ağırdır. Qəfil açılan güllə kimi amansız ölüm onu gülə-gülə aramızdan vaxtsız apardı. Qapılarımızın Novruz müjdəsilə açıldığı bir yaz gecəsi ömür qapısı üzünə əbədi bağlandı.
2020-ci ilin 23 mart səhəri... O acı xəbəri internetdə Facebook səhifəsində şəxsiyyətinə böyük hörmət bəslədiyim qələm dostum Adil İrşadoğlunun paylaşımını oxuyanda sanki yerimdə donub qaldım. Bir anlıq yuxuda olduğumu zənn etdim. Afaq xanımın o gülərüzlü simasını görəndən və altındakı sözləri oxuyandan sonra bir neçə dəqiqəlik yerimdən qalxa bilmədim. Özüm özümə təsəlli verməyə çalışdım. Nə etmək olardı? Bu, acı həqiqət idi. Təəssüf etməkdən, göz yaşımı içimdə boğmaqdan başqa əlimdən bir şey gəlmirdi.
Niyə? Çünki onu 1980-ci illərdən tanıyırdım. Daha doğrusu, “Azərbaycan” nəşriyyatında 8-ci mərtəbədə görmüşdüm, onda təzəcə yazmağa başlamışdım. İlk yazılarım o vaxtkı “Azərbaycan pioneri”, “Azərbaycan gəncləri” qəzetlərində çap edilmişdi. Bundan həvəslənib həmin redaksiyalara da ayaq açmışdım. Orada Müsəllim Həsənovla əlaqə saxlayırdım. Adaq xanımı da orada görmüşdüm, amma elə bir münasibətim, aramızda söhbət, dialoq olmamışdı. Sonralar, yəni ötən əsrin 90-ci illərinin sonuna yaxın yenə nəşriyyatda gördüm onu. Öyrəndim ki, bir müddət Azərbaycan televiziyasında işləyib. O səbəbdən də nəşriyyatdan uzaq düşübmüş. Bu dəfə isə üzbəüz görüşdük, çalışdığım “Ədalət” qəzetinin qonşuluğundakı bir qəzetdə əməkdaşlıq etməyə başlamışdı. Hal-əhvallaşdıq, yaxşı mənada dostluğumuzu davam etdirməyə başladıq.
Afaq Dadaşovanı həm də qələm dostum Pərviz Əliyevə görə tanımışdım. Söhbətimizin birində bildirmişdi ki, Afaq xanım onun keçmiş həyat yoldaşıdır, vaxtilə nəşriyyatda birlikdə çalışdıqları zaman ailə həyatı qurublar. Ayrılsalar da, hiss dirdim ki, Pərviz ailəsini, hətta Afaq xanımı çox sevir. Həmişə deyirdi ki, qazancını üç yerə bölür: birini hazırda yaşadığı ailəsinə, ikinci hissəsini Afaq xanımın ailəsinə saxlayır, üçüncünü də biz dostlara xərcləyirdi. Bu 3 missiya xidmət edən Pərvizi Allah heç vaxt ümidsiz qaytarmırdı.
Afaq xanımı tanıyanlar bilir ki, o, qəlbən də, zahirən də çox gözəl bir xanım idi. Qəlbi üzə çıxan bir xanım idi. O saflığı, təmizliyi, paklığı, səmimiyyəti onun üzündən oxumaq olurdu. Paxıllıq nə olduğu bilmirdi. Çalışdığımız bir ilə yaxın müddətdə mən onu qadın olmasına baxmayaraq, “Düşmənə sinəsini sipər edən, dosta kürəyini arxa verən” əsl dost tanıdım, bu gün də elə xatırlayıram. Müdriklərdən biri deyib ki, yaxşı dost təkcə dar gündə deyil, yaxşı gündə də tanınır. O mənim üçün məhz belə bir dost idi…
Afaq xanım TV-yə öyrəşdiyindən burada elə bil darıxırdı. Biz nə qədər səmimi olsaq da, o özünü burada qərib hiss edirdi. TV-ni özünə necə doğma etmişdisə, burada duruş gətirə bilmədi. Az keçmədi ki, yenidən səs-sorağını Milli televiziyamızdan eşitdik. Əvvəlcə kadrarxası səsini eşitdiyimiz Afaq xanımı sonralar uşaqlar üçün hazırlanmış verilişdə aparıcı qismində gördük. Balacaları xoş, şirin dili ilə ələ alan Afaq xanım tezliklə onların sevimlisinı çevrildi. Şahidiyəm ki, bacım balaları onu TV-də görməyəndə darıxırdılar. Bu sözlərim mübaliğəsizdir. O qədər evdə danışmışdım ki, kiçiklərimiz də onu tanıyırdılar.
Bir xeyli müddətdən sonra Afaq xanımı folklorla bağlı hazırlanan bir verilişdə də gördüm, bu dəfə də aparıcı qismində. İlahi, bu xanımın nə qədər potensialı, işləmək enerjisi, çalışmaq həvəsi, işə, sənətə marağı var imiş?!.
Bir redaksiyada çalışdığımız neçə illər ərzində bir-birimizi yaxından tanıdıq. Sevincimizi paylaşmağı, dərdimizə şərik çıxmağı bacardıq. Taleyin qismətindən həmin qəzetdən yenidən AZ.TV-yə pənah gətirəndən sonra da əlaqələrimiz kəsilmədi. Tez-tez görüşə bilməsək də, bir-birimizdən hal-əhval tuturduq. Bir dəfə televiziyanın yanından keçəndə təsadüfən qapıda rastlaşdıq. Düzü. Heç gözləmirdik ki, burada görüşə, rastlaşa bilərik. Həmişə olduğu kimi, bu dəfə də "özündən muğayat ol", - deyə mənə ürək qızdırdı. Mən də eyni sözləri ona ünvanladım. Doğrusu, özümüzdən muğayat olmağa çalışsaq da, heyif ki, onu qoruya bilmədik.
Dünyaya göz yummasından 19 gün əvvəl 60 yaşı tamam olmuşdu. Qısa bir ömür yaşadı Afaq Dadaşova. Lakin şərəfli bir yol keçdi. Bu qısa zaman kəsiyində isə qazandıqları itirdiklərindən çox oldu.
Onun xərçəng xəstəliyini yoluxmasını bu yaxınlarda eşitmişdim. TV-də görmədiyimdən dostlardan, onu tanıyanlardan soruşmuşdum, demişdilər ki, bu xəstəliyə mübtəla olub. Və…
Yoxluğu isə yaman sarsıtdı bizi. Artıq bir neçə gündür ki, Afaq Dadaşova aramızda yoxdur. Nə yaxşı ki, onunla bağlı isti xatirələrimiz ürəyimizə bir qədər təskinlik verir.
Həmişə tezliklə görüşərik deyərdi. İndi isə nə vaxtsa görüşəcəyimiz TANRININ qismətinə qalıb. Görüşənədək deyirəm.
*
VƏ SÖZ SONU: Uşaqlıqdan qaranlığı sevməmişəm. Elə bilmişəm ki, qaranlıq özü ilə dərd-ələm, sıxıntı gətirir. Həmişə çalışmışam ki, qaranlığı özümdən qovam. Qaranlıq haqqında düşünməmişəm heç vaxt. Hər qaranlıq yolun sonunda işıq görməyə alışmışam. İşığı, ayı, günəşi sevmişəm, içimdə onlara yer etmişəm həmişə. Ancaq indi elə bilirəm ki, hər yer qaranlıqdır, qaranlıqdan çıxmağa işıq axtarıram. İşıq haradadır görəsən?
Siz heç ümidləri yalın olan bir adamın işığa qovuşmaq uğrunda mübarizəsinin şahidi olmusunuzmu? Mən indi o adam kimiyəm. Dost itkisi çox ağırdır. Bu itki qara sancı kimi bütün vücudumu ağrıdır, ürəyimi qəddarlıqla dişləyir, ruhumu qana boyayır. Bu itkini mənə və can dostlarına istedadlı jurnalist, təcrübəli televiziya işçisi, gözəl insan, səmimi xanım və sadiq, vəfalı dost Afaq Dadaşova yaşatdı. Afaq xanımın ölümü bizi elə sarsıtdı, elə ağrıtdı ki, nə ilə təsəlli tapacağımızı bilmirəm.
Çəkənə ver,
Qəlyanı çəkənə ver.
Biz dərdi çəkənmirik,
Bizdən al, çəkənə ver...

Ruhun şad olsun, əziz dostumuz!

Daşdəmir ƏJDƏROĞLU


Oxunub: 702
Oxşar xəbərlər
SON XƏBƏRLƏR