dini radikalizm və ekstremizmlə mübarizə

Qafqaz Müsəlmanları İdarəsindən koronavirusla bağlı TÖVSİYƏLƏR

Qafqaz Müsəlmanları İdarəsindən koronavirusla bağlı TÖVSİYƏLƏR

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) koronavirus təhlükəsi ilə bağlı tövsiyələr verib.

QMİ-dən daxil olan tövsiyələrdə qeyd edilir ki, son vaxtlar dünyanın bir çox ölkəsində koronavirus infeksiyasının yayılması və fəsadlarının qarşısının alınması məqsədilə qonşu dövlətlərdə olduğu kimi, Azərbaycanda da profilaktik tədbirlərə start verilib, sanitar-epidemioloji vəziyyət ciddi nəzarət altına alınıb:

“Dövlətimiz bu xəstəliyin ölkəmizdə yayılmasını önləmək üçün bütün mümkün tibbi-sanitar və ictimai təhlükəsizlik tədbirlərini həyata keçirir. Ölkə dindarlarının çoxsaylı müraciətlərini, bölgə qazıları və səlahiyyətli nümayəndələrimizin təkliflərini nəzərə alaraq Qafqaz Müsəlmanları İdarəsi (QMİ) koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlara tapşırıq və tövsiyələrlə müraciət edib".

QMİ müvəqqəti çətinlik dönəmində dindarlara tövsiyə edir ki, həkimlərin məsləhətlərinə ciddi şəkildə riayət olunsun, məscidlər, ziyarətgahlar, dini tədris müəssisələri və Quran kurslarında dezinfeksiya işlərinin aparılması üçün müvafiq dövlət tibbi-sanitariya müəssisələrinə müraciət edilsin, ələlxüsus namaz zalları, dəstəmazxana, meyitxana və sanitar qovşaqlarının təmizlənməsinə xüsusi diqqət yetirilsin. Rica edirik ki, uzaq yoldan gələnlər, yaşlı insanlar, eləcə də özündə soyuqdəymə əlamətləri hiss edən xəstə şəxslər namazlarını evlərində qılsınlar, məscidə gələn dindarlar şəxsi təsbehlərindən, canamazlarından, möhürlərindən istifadə etsinlər, mümkün qədər dəstəmazlarını evdə alsınlar. Eyni zamanda, məscidə gələn şəxslər bir-biri ilə yaxın təmasdan, əl görüşmələrindən çəkinsinlər.

QMİ kütləvi yoluxma riskini nəzərə alaraq vətəndaşlarımızın sağlamlığı naminə müvəqqəti olaraq məscidlərdə moizələrin və birgə ibadətlərin təxirə salınmasını, camaat namazlarının uzadılmadan icra olunmasını, xütbələrin qısaldılmasını din xadimlərimizə və dindarlara tövsiyə edir:

“İmkan daxilində dindarlarımızın evlərində fərdi qaydada namaz qılmasını, sanitar-epidemioloji vəziyyət imkan vermədiyi təqdirdə məsciddaxili bütün tədbirlərin, mövlud, şəhadət, ehsan məclislərinin təxirə salınmasını məsləhət görürük. Həqiqətən də, başqalarını yoluxucu xəstəliklərə düçar etməmək üçün Cümə namazı və digər mərasimləri müəyyən bir müddətə təxirə salmaq şəriətimizə uyğundur, lakin bu heç bir şəkildə məscid və ziyarətgahların bağlanması anlamına gəlmir. Qazilərimiz və din xadimlərimiz öz yerlərində dindarlara və icma üzvlərinə mövcud vəziyyətlə əlaqədar mövqeyimizi və tövsiyələrimizi çatdırmağa məsuldurlar”.

QMİ əmin olduğunu bildirir ki, dindarlarımız cəmiyyətimiz və ailələrimiz üçün təhlükəli olan məqamda təlaş və vəsvəsəyə qapılmadan tibbi-profilaktik tədbirlərə riayət edəcək, vacib saydığımız tövsiyələri anlayışla qarşılayacaqlar:

“Bu müvəqqəti çətinlik dövrümüzdə tövsiyələrimizi nəzərə almayanlar, təəssüf ki, mövcud vəziyyətin məsuliyyətini dərk edə bilməyənlərdir. Ümid edirik ki, Allah-Təala tezliklə xalqımızın üzərindən bu bəlanı dəf edəcək, səbat və rifahımız bərqərar olacaqdır, İnşallah”.

Oxunub: 412
Oxşar xəbərlər
SON XƏBƏRLƏR