dini radikalizm və ekstremizmlə mübarizə

Konstitusiya Məhkəməsi Aparatının ötənilki fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib

Konstitusiya Məhkəməsi Aparatının ötənilki fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib

Yanvarın 28-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının 2019-cu ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

APA-nın xəbərinə görə, iclası açan Sədr Fərhad Abdullayev ötən il daxil olmuş sorğu, müraciət və şikayətlərlə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumu tərəfindən bir sıra mühüm qərarların qəbul edildiyini diqqətə çatdırıb.

Bildirib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə bundan başqa 2019-cu ilə dair sorğu və müraciətlər də daxil olub. Hesabat dövründə ümumilikdə 2850 şikayət, o cümlədən 909 şikayət onlayn qaydada daxil olub. Diqqətə çatdırılıb ki, Konstitusiya Məhkəməsinin rəsmi saytı vasitəsilə daxil olan onlayn ərizə və məktubların sayında artım müşahidə edilib. Konstitusiya Məhkəməsi Plenumunun qərar və qərardadlarında mülki, cinayət, əmək, vergi və hüququn digər sahələrində yaranmış hüquqi kolliziyalara dair Azərbaycan Respublikasının Konstitusiyasının müddəaları nöqteyi-nəzərindən hüquqi qiymət verilib.

İclasda Aparat rəhbərliyinin çıxışları, Aparatın müvafiq şöbə və sektorları müdirlərinin hesabatları dinlənilib. Həmçinin Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və şikayətlərdə toxunulan hüquqi aspektlər, Məhkəmə tərəfindən qəbul edilən qərarların icrası, tərtib olunan analitik arayış və rəylər, habelə təşkilati məsələlərlə bağlı məruzələr dinlənilib.

Qeyd olunub ki, ötən il Konstitusiya Məhkəməsinin beynəlxalq məhkəmə-hüquq əməkdaşlığı daha da inkişaf edib. Konstitusiya Məhkəməsi Plenumu qəbul etdiyi bütün qərarlarda dövlətdaxili qanunvericiliklə yanaşı, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq müqavilələrinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə diqqət yetirir.

Sədr qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı, xüsusilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı ölkə Konstitusiyasında və Fərmanda əks olunmuş əhəmiyyətli aspektlər Konstitusiya Məhkəməsinin fəaliyyəti üçün mühüm istiqamətləri müəyyənləşdirib.

Fərhad Abdullayev bildirib ki, dövlətimizin başçısının bu Fərmanı məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanması üçün mühüm hüquqi təməldir.

Sədr diqqətə çatdırıb ki, son illər ədalət mühakiməsinin inkişafı ilə bağlı baş vermiş müsbət dəyişikliklər bu sahədə kompleks tədbirlərin həyata keçirilməsi sayəsində mümkün olub. Bütövlükdə məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində proqram xarakterli sənədlər qəbul edilib, məhkəmələrin infrastrukturunun yenilənməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni nəsil hüquqşünasların formalaşdırılması istiqamətində mühüm tədbirlər görülüb.

Həmçinin qeyd olunub ki, ötən il Konstitusiya Məhkəməsinin rəsmi internet səhifəsi yenilənib. Yeni internet səhifəsi müasir tələblərə cavab verərək, vətəndaşların ərizə və şikayətlərinin qəbulu və operativ şəkildə baxılması üçün daha geniş imkanlar yaradır.

Diqqətə çatdırılıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəhbərliyi və hakimləri yubiley medalı ilə təltif olunub. Sədr Məhkəmənin fəaliyyətinə və onun kollektivinə göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə kollektivin adından bir daha dərin minnətdarlığını ifadə edib. Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin kollektivinin bu yüksək etimadı layiqincə doğrultmaq üçün bundan sonra da əzmlə çalışacağını bildirib.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşıdır və buna görə bütün dövlət qurumları tərəfindən vətəndaşların şikayətlərinə çox diqqətlə yanaşılmalıdır” fikri əsas götürülərək, bununla bağlı Aparatın müvafiq şöbələrində vətəndaşların ərizə və şikayətlərinin diqqətlə araşdırılmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, Konstitusiya Məhkəməsində vətəndaşların müraciətləri diqqətlə dinlənilir və araşdırılır. Müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyə uyğun qaydada həll olunması üçün müvafiq tədbirlər görülür. Konstitusiya Məhkəməsinə daxil olan ərizə və şikayətlərin araşdırılmasına 2020-ci ildə ciddi diqqət yetirilməlidir.

Fərhad Abdullayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətin inkişafını əhatə edən hüquqi islahatlar məhkəmə sisteminin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə töhfə verməkdədir. Bu da öz növbəsində insanların Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının müdafiəsinin daha səmərəli həyata keçirilməsi üçün şərait yaratmaqla, Konstitusiya Məhkəməsi Plenumu tərəfindən qəbul olunmuş qərarların hüquqtətbiqetmə təcrübəsinə müsbət təsir göstərməyə xidmət edir.

Sədr qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarının qarşısında gənclərin potensialından daha səmərəli istifadə olunması və ölkədə könüllülük hərəkatının inkişaf etdirilməsi vəzifəsi qoyulub. Bununla əlaqədar fevralın 12-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri tərəfindən Məhkəmənin Aparatında könüllülərin fəaliyyətini təşkil etmək məqsədilə İşçi Qrupunun yaradılması haqqında Əmr imzalanıb. İl ərzində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində könüllü fəaliyyətə cəlb edilən 17 nəfərə Məhkəmə tərəfindən xüsusi sertifikatlar və xasiyyətnamələr təqdim olunub.

Sədr xüsusi vurğulayıb ki, Konstitusiya Məhkəməsi Azərbaycanda 2020-ci ilin “Könüllülər ili” elan olunması barədə dövlətimizin başçısının 2019-cu il 30 dekabr tarixli Sərəncamını rəhbər tutaraq, cari ildə könüllülərlə işi daha da inkişaf etdirəcək.

Bildirilib ki, ötən ilin nəticələrindən irəli gələn məsələlərlə bağlı bütün məhkəmələrə hüququn tətbiqi və dürüst başa düşülməsi, Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri barəsində icmal məktub göndərilib.

Hesabat tədbirinə yekun vuran Konstitusiya Məhkəməsinin Sədri 2019-cu ildə görülmüş işləri müsbət qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətində səmərəliliyin artırılması məqsədilə hakimlərin icraatında olan işlərlə bağlı müvafiq tövsiyələrini və Aparatın qarşısında duran vəzifələrlə bağlı tapşırıqlarını verib.

Oxunub: 399
Oxşar xəbərlər
SON XƏBƏRLƏR