dini radikalizm və ekstremizmlə mübarizə

ƏSL ZİYALILIQ MÜCƏSSƏMƏSİ.


“ Ziyalısız kütlə kordur”
(Əbu Turxan)

Yardımlı rayonu ucqar dağ rayonu olsa da, daim mərd, qorxmaz, el qədri bilən insanları, ziyalı potensialı ilə seçilən, həmişə sadalanan kriteriyalarda nəzər - diqqətdə olan bir rayon olub. İqtisadi ixrac potensialı güclü olan rayonlara rəğmən Yardımlı rayonu ziyalı , düşünən “beyin ixracı “ ilə tanınan rayon olub. Zamanın əksər vaxtlarında Yardımlı Azərbaycan təhsilinə, elmi – pedaqoji ictimaiyyətinə, iqtisadi sahələrə dəyərli ziyalı axını edib. Burda daim təhsilə, məktəbə, müəllimə, ziyalı və ziyalılığa böyük önəm verilib. Ömrünü gənc nəslin təlim – tərbiyəsinə “uf” demədən şam kimi əridən müəllimlər daim yüksək etimada, ehtirama layiq görülmüş, diqqət və qayğı ilə əhatələnmişdir. Vicdanla çalışaraq xalqın balalarına savad verən, gənc fidanları öz balası kimi yetişdirən pedadoqları bu gün Yardımlı ictimaiyyəti bütün təbəqələrdən olan yaş dövrlərində tanıyır, xətir – hörmətini saxlayıralar. Belə ziyalılarımızdan biri də Əbilov Aydın İmanxan oğludur.
Aydın müəllim 11 noyabr 1949-cu ildə Yardımlının qədim tarixə malik olan dağlar diyarı Alar kəndində anadan olmuşdur. Ailə vəziyyətiylə əlaqədar Ümumi orta (səkkizillik) təhsilini Yardımlı rayonunun Hamarkənd kəndində başa vurmuş, 1963-cü ildən isə təhsilini M. F. Axundov adına Yardımlı orta məktəbində davam etdirmiş, sözügedən təhsil ocağında da orta təhsilini yüksək səviyyədə başa vurmuşdur. 1967- 73 – cü illərdə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstituna daxil olmuş, İnstitutu Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir. Bir müddət Yardımlı rayon Alar kənd orta məktəbində müəllim işləmişdir. 1976- ci ildə Alar məktəbinə direktor müavini təyin olunmuş, 1978-ci ildə Alar məktəbinə direktor təyin olunmuşdur. Alar kənd orta məktəbində işlədiyi müddətdə qısa zamanda təhsildə böyük uğurlar əldə olunmuş, Aydın müəllimin təhsil sahəsində təşkilatçılıq və peşəkarlığı özünü yüksək dərəcədə göstərmişdir. Qazandığı nailiyyətlər o vaxtkı rayon rəhbərliyinin diqqətindən yayınmamış, 1980-ci ilin sentyabrında Aydın Əbilov Yardımı rayon Xalq Maarif Şöbəsinə müdir təyin edilmişdir. On iki il qüsursuz bu vəzifədə çalışmışdır.
Aydın müəllimin Xalq Maarifinə rəhbərlik etdiyi dövr daha çox ümumi orta təhsilin genişləndirilməsi, məktəb şəbəkələrinin artımı, məktəblərin tipinin dəyişdirilməsi kimi çağdaş təhsil tariximizə daxil olmuşdur. Bu dövr bir də ona görə yadda qalır ki, demək olar ki, bütün kəndlərdə məktəblərin açılmış, azyaşlıların mütləq əksəriyyəti təhsilə cəlb olunmuşdur. Həmin dövrdə Yardımlı rayonunda 49 məktəb və məktəbdənkənar müəssisə üçün bina və yardımçı otaqlar inşa edilərək təhsil kollektivlərinin istifadəsinə verilmişdir. Bu gün fəaliiyətlərini uğurla davam etdirən Şahmat məktəbi, Gənc təbiətçilər, Gənc texniklər stansiyaları, Uşaq – Gənclər İdman məktəbləri məhz o illərdə yaradılmışdır.
Aydın müəllim daim istedadların aşkarlanması, onların xüsusi təhsilə cəlb edilməsi, eləcə də məzunların təhsildən sonrakı həyatlarına, karyeralarının qurulmasına həssaslıqla yanaşırdı. Qabaqcıl təhsil işçilərinin işi qiymətləndirilər, qabaqcıl təcrübənin öyrənilərək təqdir olunması daim diqqət mərkəzində saxlanılardı.
Aydın Əbilov bir müddət Yardımlı rayon İcra Hakimiyyərti Başçısının Alar Ərazisi üzrə Nümayəndəsi işləmişdir. Hazırda Biləsuvar rayonunda yaşayır. Fəxri təqaüddədir. Aydın müəllim xasiyyət və xaraktercə sadə, məişətdə təvazökar, yüksək mərifət, mədəniyyət və əxlaq sahibidi olan bir ziyalıdır.
Bəli, Aydın müəllim işıqlı əməlləri ilə xalqın yaddaşına əsl ziyalı kimi daxil olub. Elə bu mənada da R. Rollan deyirdi ki, başqalarına işıq saçmaq üçün özündə günəş olmalıdır. Aydın müəllim bütün bü müvəffəqiyyətləri təkbaşına deyil əhatəsiylə, ziyalı potensialı ilə - xalqla, camaatla birlikdə edib. Filosof Şarl Lui Monteskyönün təbirincə böyük işlər görmək üçün dahi olmaq, insanlardan yüksəkdə durmaq şərt deyil; bunu onlarla birlikdə də etmək olar. İşlədiyi bütün dövrlərdə Aydın müəllim məhz xalqla olub, xalqa arxalanıb, dahi yazıçımız Mirzə İbrahimov demiş, xalqı özünə ən böyük dayaq bilib. Bu gün xalq da Aydın müəllimi unutmur, daim xatırlayır, yada salır.
Dəyərli ziyalımız Aydın müəllimə can sağlığı arzusuyla:

Malik Balaşov
tarixçi - publisist

Oxunub: 645
Oxşar xəbərlər
SON XƏBƏRLƏR