dini radikalizm və ekstremizmlə mübarizə

Gender probleminin mahiyyəti və regionda müşahidə edilən Gender əsaslı problemlər


Gender nədir? Cinsdən fərqli olaraq gender kişi və qadınların ictimai münasibətlər çərçivəsində formalaşan rol və vəzifələrini əhatə edir. Bütün sosial münasibətlər kimi gender də güc balansına, hakimiyyət bölgüsünə əsaslanır. Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə nəzər saldıqda 5-ci məqsədin məhz Gender bərabərliyindən bəhs etdiyini görə bilərik. Minilliyin İnkişaf Məqsədləri çərçivəsində müəyyən olunan hədəflərdən bir neçəsinə nəzər salaq:
 Dünyanın hər yerində bütün qadınlara və qızlara qarşı ayrı-seçkiliyin bütün formalarına son qoymaq;
 Siyasi, iqtisadi və ictimai həyatda qərarların qəbulu prosesinin bütün səviyyələrində qadınların tam və səmərəli iştirakını və bərabər rəhbərlik imkanlarını təmin etmək;
 Milli qanunvericiliyə uyğun olaraq qadınlara iqtisadi resurslara bərabər çıxış hüquqlarına, habelə əsas xidmətlərə, torpaq və əmlak formaları üzərində mülkiyyət və nəzarətə, maliyyə xidmətləri, miras və təbii ehtiyatlara çıxışlarını təmin etmək;
 Gender bərabərliyinin təşviq olunması və bütün qadınların və qızların səlahiyyətlərinin bütün səviyyələrdə artırılması üzrə əsaslı siyasətlər və effektiv hüquqi normalar qəbul etmək və onları möhkəmləndirmək və s.
Göründüyü kimi Minilliyin İnkişaf Məqsədləri də gender problemlərinin həlli üçün müxtəlif hədəflər qoyub. Hazırda bu hədəflərdən bir neçəsinin müəyyən dərəcədə yerinə yetirilməsinə baxmayaraq, qarşıda həllini gözləyən bu kimi bir çox problemlər dayanır.
Bu gün xüsusilə də regionda cəmiyyət tərəfindən müəyyən olunmuş, qanun səviyyəsində qəbul edilən stereotiplər vardır ki, gender əsaslı güc balansının dəyişməsi bu stereotiplərin qırılmasına, ənənəvi normaların pozulmasına gətirib çıxarır. Təəssüf ki, min illər ərzində formalaşıb, həyatımıza nüfuz edən stereotiplərin qırılması o qədər də asan deyil. Bu gün cəmiyyət tərəfindən qadınlara qarşı qoyulan məhdudiyyətlər, onları hələ də qorunmağa möhtac zəif bir varlıq kimi görən, qəfəsdə həbs həyatı yaşamalarına səbəb olan və buna göz yuman zehniyyət onların istər şəxsi, istərsə də iş, ictimai həyatına mənfi yöndə təsir edir. Bu gün yaşadığımız regionun mərkəz olması, müxtəlif təhsil müəssisələri, universitetin mövcudluğu heç də problemlərin olmadığı mənasına gəlmir. İnkişaf etmiş bölgədə belə çətinliklərin mövcudluğu, qadın hüquqlarının qorunmasına olan ehtiyac, onların ictimai fəallığının azlığı və buna olan maneələr ətraf regionlarda vəziyyətin daha da çətin olduğunu göstərir.
Qadınlara qarşı mənəvi və fiziki zorakılıq, onların fərd, şəxsiyyət kimi hüquqlarının məhdudlaşdırılması, ictimai həyatda yer tutmalarına dəstək olmaq məqsədilə müxtəlif sənədlərə, qanunvericilik səviyyəsində müdafiəyə ehtiyac olması vəziyyətin nə dərəcədə ciddi olmasından xəbər verir. Regionda kifayət qədər fəal qadınların olması, onların lazımı qədər iş və ictimai həyatda aktivliyinə baxmayaraq, idarəedicilik funksiyasını yerinə yetirməmələri və ya idarəedici vəzifələrdə azlığı gender əsaslı problemlərin ən əhəmiyyətlisidir. Onu da qeyd etmək lazımdır ki, hətta jurnalistika sahəsində çalışan, qələmi ilə sözünü deməyi bacaran xanımlar da az deyil. Bu isə bizi bir daha düşünməyə vadar edir: Bəs hansı mətbuat orqanları, xəbər saytlarına xanımlar rəhbərlik edir, yaxud birbaşa söz demək hüququna malikdir?
Respublikada hazırda Gender bərabərliyinin təşviqi ilə bağlı bir çox addımlar atılır və bu addımların atılması nəticəsində Azərbaycan gender siyasətində müəyyən nailiyyətlər əldə edib. Müstəqilliyimizin bərpasından sonra qadın hüquqlarının qorunması üzrə vacib beynəlxalq sənədlərə qoşulmağımız isə bunun başlıca göstəricisidir. Qadınların hüquqlarının qorunması və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılması məqsədilə Prezidentimizin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 fevral tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi əsasında “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi”nin yaradılması, 2000-ci il 6 mart tarixli fərmanla “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi” sənədinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı” adlı qərarın qəbul olunması gender bərabərliyi istiqamətində atılan addımların ən bariz nümunəsidir.

Ədilova Zəminə

Oxunub: 721
Oxşar xəbərlər
SON XƏBƏRLƏR