dini radikalizm və ekstremizmlə mübarizə

Yeni parlamentə hansı deputatlar seçilməyəcək? – Sorğu

Yeni parlamentə hansı deputatlar seçilməyəcək? – Sorğu

Hakim Yeni Azərbaycan Partiyasının dünən Milli Məclisdə təmsil olunan deputatlarını geri çağırması və parlamentin buraxılması ilə bağlı Prezidentə müraciəti gündəmi silkələdi. Hələlik parlamentin nə vaxt buraxılacağı, növbədənkənar parlament seçkilərinin nə vaxt keçiriləcəyi məlum deyil.

Maraqlıdır, parlament müxbirləri necə hesab edir, hansı deputat seçilməyəcək?

Turkustan.info bildirir ki, parlament müxbirləri öz ehtimallarını Axar.az-a bölüşüblər.

Namidə Bingöl:

Hesab edirəm ki, parlamentin buraxılmasının müsbət tərəfləri olacaq. Bir çoxları elə düşünür ki, parlament ancaq gənclərdən ibarət olmalıdır. Bu fikirlə razı deyiləm. Elə gənc deputatlarımız var ki, onlar çox passivdir. Ümumi halda isə bəzi yaşlı deputatların gedəcəyini düşünürəm. Məsələn, Zeynəb Xanlarova… Parlamentin iclaslarına az-az qatılır, heç bir aktivliyi müşahidə olunmur. Bu siyahını uzatmaq da olar. Çünki bir çoxlarının parlamentin iclasına belə güclə gəldiyinin şahidi oluruq.

İlkin Pirəli:

Milli Məclis yenilənməlidir. Bu mütləqdir. Amma parlamentin bütövlükdə gəncləşməli olduğu barədə yanaşmaları qəbul etmirəm. Tutaq ki, Müslüm Məmmədov gəncdir və ya Mirzəcan Xəlilov, Malik Həsənov, Nəriman Əliyev və s. nisbətən gəncdir, bunları seçici tanıyırmı? Belə gənc kadrlar kimə lazımdır ki?

Amma əlbəttə, elə yaşlı deputatlar var ki, onların iş qabiliyyəti çox aşağıdır, bu da təbii ki, yaşla əlaqədardır. Məsələn, Xanhüseyn Kazımlı, Tahir Süleymanov, Rafiq Məmmədhəsənov və digərləri. hesab edirəm ki, onlar yeni parlamentdə olmayacaq. Deyə bilərlər ki, axı seçici onu deputat seçir. Etiraf edək ki, elə deputatlar var, heç öz seçki dairəsini tanımır.

Nemət Orucov:

Fikrimcə, fiziki deyil, sosial baxımdan qocalan şəxslərin parlamentə seçilməməsi daha effektiv olardı. İnsan var ki, 60 yaşındadır, amma 30 yaşında gənc kimi müasir təfəkkürə sahibdir. İnsan var 40 yaşındadır, amma 80 yaş təfəkküründədir və dünyada gedən proseslərdən xəbəri və anlayışı yoxdur. Bu mənada danışa, fikir mübadiləsi apara, ölkədə, regionda və dünyada gedən prosesləri təhlil edə bilən, seçicinin maraqlarını qoruyan şəxslərin qanunverici hakimiyyətdə təmsilçiliyi hər kəsin maraqların uyğun olardı.

Anar Bayramoğlu:

Milli Məclis seçkili orqandır, seçici kimə səs verib, etimad göstərərsə, onlar qalmalıdır. İndi gəncləşmə, gənc deputat fikirləri səsləndirilir. Deputatın gənc və ya yaşlı olması problemli deyil, əsas seçicilərinin problemlərinin həllini aidiyyəti dövlət qurumları qarşısında qaldırıb, onun həllinə çalışmalarıdır. Seçicilərinin yanında olmalıdırlar. Parlamentin iclaslarında aktivlik göstərmək, qanunvericiliyin hazırlanmasında yaxından iştirak etmək, innovativ təkliflərlə çıxış etmək deputatların vəzifəsidir. Yəni ki, deputatın vəzifəsi nədirsə, ona uyğun fəaliyyətləri olmalıdır. Təəssüf ki, bu gün bizim Milli Məclis üzvlərinin 90 faizi öz vəzifələri ilə məşğul deyillər. Elə deputatlar var ki, mən parlament müxbiri olaraq 10 ildə bircə dəfə onların səsini eşitməmişəm. Mən tanımıramsa, seçicisi, cəmiyyət onu haradan tanısın? 10 faiz deputat var ki, onlar yenidən seçicisinin etimadını qazana bilərlər. Bu 10 faizi də hər kəs tanıyır. Qalan 80-90 faiz, xüsusən qanunvericilikdən xəbəri olmayan, mandata toxunulmazlıq vasitəsi kimi baxan biznesmenlər getməlidirlər. Yəqin ki, sadaladığım şəxslər yola saylınacaq və biz rəngarəng tərkibli parlament görəcəyik.

Konkret adlara gəlincə, Fazil Mustafa, Qürət Həsənquliyev, Vahid Əhmədov, Elmira Axundova, Nizami Cəfərov, Tahir Kərimli, Əli Məsimli, Qənirə Paşayeva kimi şəxslərin yenidən seçkilərə qatılması və seçilməsi həm istənilən, həm də gözləniləndir.

Araz Əlizadə, Hadı Rəcəbli, Ziyad Səmədzadə, Arif Rəhimzadə, həmçinin adlarını belə bilmədiyim biznesmen deputatlar getməlidir. Namizədliklərini irəli sürməsələr, məncə, seçicilərini sevindirmiş olarlar”.

Oxunub: 443
Oxşar xəbərlər
SON XƏBƏRLƏR