dini radikalizm və ekstremizmlə mübarizə

YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib



Oktyabrın 17-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib.

Ceyhun Bayramov təhsil sahəsində aparılan islahatlar nəticəsində əldə olunan uğurlar və qarşıya qoyulan vəzifələr barədə məlumat verib. O bildirib ki, Azərbaycanda təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil siyasəti sistemli və ardıcıl şəkildə həyata keçirilir. Nazirin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsili daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə ardıcıl olaraq dövlət proqramları qəbul edilir, sərəncamlar, fərmanlar imzalanır.

Son bir il ərzində görülən işlər haqqında geniş məlumat verən C.Bayramov bu dövrdə təhsil sahəsində aparılan islahatların uğurlu nəticələr verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, ümumi təhsildə təmayülləşmənin böyük effekt verdiyi müşahidə olunur. Eyni zamanda, istedadlı şagirdlərin üzə çıxarılması və onların gələcək üçün formalaşdırılması da xüsusi diqqət mərkəzindədir.

Qeyd olunub ki, təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması, məşğulluğunun təmin edilməsi məqsədilə ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflərin yaradılmasına da başlanılıb. Növbəti tədris ilində isə peşə təmayüllü siniflərin sayının və əhatə dairəsinin artırılması nəzərdə tutulur. Nazir bildirib ki, peşə təmayülü üzrə təhsil alan şagirdlər təhsili başa vurduqda tam orta təhsil haqqında sənədlə yanaşı, öyrəndikləri peşə üzrə təhsil sənədi də əldə edəcəklər ki, bu da onların əmək fəaliyyətinə başlamasına imkan verəcək.

C.Bayramov həmçinin qeyd edib ki, növbəti ildən regionların da STEAM layihəsində iştirakının təmin edilməsi və şagirdlərin sayının 20 minə çatdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, STEAM layihəsinin tətbiq edildiyi ümumtəhsil məktəbləri Təhsil Nazirliyi tərəfindən 3D printer, robot texnologiyalar və digər zəruri təlim avadanlıqları ilə təmin edilib. Layihənin tətbiq edilməsində məqsəd müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilən təhsil yeniliklərinin ölkəmizdə həyata keçirilməsi imkanlarının öyrənilməsi və tədris edilməsidir.

Xatırladaq ki, STEAM təhsil metodu şagirdlərə beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM fənləri şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq həyata hazırlayır.

Ali təhsil sahəsinə gəlincə, nazir söyləyib ki, ölkəmizdə ali təhsilin əlçatanlığının artırılması, rəqabət mühitinin formalaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirilir. Ali təhsilin və elmin inkişafına xüsusi önəm verən ölkə rəhbərinin cari ilin fevralında imzaladığı müvafiq sərəncamlara əsasən dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı martın 1-dən 16 min vahid artırılıb, təqaüd alan tələbələrin sayı cari tədris ilində 45 faizə çatdırılıb. 2020-2021-ci tədris ilində isə 50 faizə çatdırılması nəzərdə tutulur. Bununla yanaşı, tələbələrə verilən təqaüdlərin məbləği də orta hesabla 20 faiz artırılıb. Bu tədbirlər 110 mindən çox tələbəni əhatə edir. Eyni zamanda, ali təhsil müəssisələrində dövlət sifarişi yerləri 66 faiz artırılıb. Beləliklə, ali təhsil alma imkanları genişləndirilib, son 5 il ərzində qəbul olunan tələbələrin sayında təxminən 21 faiz artım olub.

C.Bayramov onu da söyləyib ki, dövlət siyasətində təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsinə və yeni şəraitin yaradılmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən çoxsaylı proqramlar, sərəncamlar imzalanıb. 2019-cu ildə 50-si modul tipli olmaqla 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir. Nazir bildirib ki, təhsil müəssisələrindən 43-ü sentyabr ayının 15-nə qədər təhvil verilib. Digər 41 məktəbdə işlər ilin sonuna qədər yekunlaşacaq. C.Bayramov qeyd edib ki, təhsil sisteminin maddi-texniki bazasının müasirləşdirilməsi və yenilənməsi sahəsində görülən işlərdən danışarkən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri də qeyd olunmalıdır. Heydər Əliyev Fondunun xətti ilə 14 yeni məktəb binasının tikintisi, 8 məktəbin əsaslı təmiri həyata keçirilir.

“Eyni zamanda, dövlət proqramına uyğun olaraq bu il ərzində 257 məktəbdə təmir işləri görülüb. Ümumilikdə götürdükdə 2003-2018-ci illər ərzində ölkədə 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Nəticədə bir milyondan çox Azərbaycan şagirdinin təlim-təhsil şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb”, - deyə nazir vurğulayıb.

Sonra təhsil naziri Ceyhun Bayramov jurnalistlərin suallarını cavablandırıb.

Oxunub: 534
Oxşar xəbərlər
SON XƏBƏRLƏR