dini radikalizm və ekstremizmlə mübarizə

Hüseyn xan Naxçıvanskinin abidəsinin maliyyə xərclərini dar məqamda Rusiya Azərbaycanlıları İttifaqı öz üzərinə götürdü

Hüseyn xan Naxçıvanskinin abidəsinin maliyyə xərclərini dar məqamda Rusiya Azərbaycanlıları İttifaqı öz üzərinə götürdü

Sankt-Peterburq şəhərində heykəlin mükəmməl şəkildə hazırlanıb, ucaldılmasına görə Azərbaycan prezidentinin ayırdığı maliyyə vəsaitinin xərclənməsindəki qaranlıq məqamlar

Xeyli vaxtdır ki, bir sıra media vasitələrində və sosial şəbəkələrdə məşhur azərbaycanlı, 1863-cü ilin iyul ayının 28-də Naxçıvan şəhərində doğulan, 56 illik ömür yolunun 34 ilini Rusiyada hərbi və döyüş fəaliyyətinə həsr edən, ulu əcdadları kimi, içdiyi hərbi anda sadiq qalan, Vətənə sonsuz məhəbbəti daim gəncliyə nümunə göstərilən Kəngərli sülaləsinin dördüncü generalı Hüseyn xan Naxçıvanskinin Rusiyanın Sankt-Peterburq şəhərində abidəsinin hazırlanmasına və ucaldılmasına aid layihənin sona çatdırılması işlərində ciddi maliyyə problemlərinin yarandığı ilə bağlı ictimaiyyəti narahat edən mövzu canlanıb. Yayılan həmin məlumatlara görə, hazırda heykəltəraşlıq kompozisiyasının yaradıcı hissəsi, eləcə də memarlıq layihəsi üzrə işləri tam olaraq yekunlaşan bu abidənin ucaldılmasına xeyli əvvəl rəsmi qərar verilsə də, səhlənkar vəzifə sahiblərinin bağışlanmaz günahları ucbatından həmin layihənin tam icrası indiyədək mümkün olmayıb. Halbuki abidənin qoyulması üçün ərazi Sankt-Peterburq şəhərinin administrasiyası tərəfindən, bu sənət əsərinin lazımi səviyyədə hazırlanması və ucaldılması ideyasının tam həyata keçirilməsi üçün bütün lazımi maliyyə vəsaiti isə, Azərbaycanın dövlət rəhbəri tərəfindən 3 il bundan əvvəl ayrılıb. Lakin Azərbaycanın Rusiyadakı səfirliyinin və həmin vaxt soydaşlarımızın bu ölkədəki ən böyük diaspor qurumu kimi qəbul edilən, hazırda isə, fəaliyyəti hakim dairələr tərəfindən rəsmən dayandırılan Ümumrusiya Azərbaycanlıları Konqresinin məsul şəxslərinin səhlənkarlıqları ucbatından, piterli gənc və istedadlı heykəltəraş Mixail Viktoroviç Popovun məharətlə tam hazırladığı abidənin ucaldılması istiqamətində, ötən müddət ərzində, heç bir iş görülməyib. Daha dəqiq desək, heykəlin ucaldılması məqsədi ilə, Azərbaycan prezidentinin ayırdığı vəsaitin yarıdan çoxu səfirlik tərəfindən lazımi ünvanlara çatdırılmayıb.

Bütün deyilənlər barədə, adıçəkilən şəhərdəki etibarlı mənbədən araz.az-a daxil olan və dəqiqliyi şübhə doğurmayan məlumata görə, bu işin görülən hissəsi üçün vəsait ödəniləndən sonra, maliyyələşdirmə birdən dayandırılıb və
prezidentin ayırdığı həmin vəsaitin çox hissəsi səfirlik tərəfindən tamam başqa məqsədlərə sərf edilib. Layihə üzrə növbəti vacib işlərin görülməsi üçün lazımi vəsait köçürmək isə, İndiyədək, sanki heç kəsi maraqlandırmayıb. Digər bir məlumata görə, abidənin ucaldılması işinin məsuliyyəti isə, o vaxt Ümumrusiya Azərbaycanlıları Konqresinə rəhbərlik edən Fazil Qurbanovun və bu qurumun rəhbər strukturlarında təmsil olunan digər şəxslərin üzərinə qoyulub. Lakin bu işə məsul həmin şəxslər abidənin ucaldılması üçün ayrılan maliyyə vəsaitinin aqibətinə görə, həmin heykəltəraşın və digərlərinin hədsiz narahatlıqlarından doğan suallara vaxtında aydınlıq gətirə bilməyiblər. Bundan başqa, məlumat müəllifi onu da bildirir ki, bu mövzunun son vaxtlar yaratdığı hədsiz ictimai narahatlıq Azərbaycanın Rusiyadakı səfirliyinin məsul şəxslərini təşvişə salıb. Deyilənlər barədə mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatları təkzib etmək üçün, açıqlamalar verirlər. Səfirlikdən bildirirlər ki, guya, bu məsələ ilə bağlı Sankt-Peterburqun yeni seçilmiş qubernatoru ilə yaranmış problemlərin həlli üçün, Azərbaycan səfiri onunla görüş planlaşdırır. Guya, heykəlin ucaldılması üçün ayrılan ərazidə yeraltı mühəndis-texniki kommunikasiyalarla bağlı bəzi ciddi problemlər üzə çıxıb: Bu kimi ciddi səbəblərə görə, abidənin təntənəli şəkildə açılışı 2020-ci ilin ortalarına planlaşdırılır. Diplomatik nümayəndəlikdən o da bildirilir ki, abidənin ucaldılmasındakı ləngimələr barədə yayılan məlumatlar, guya, dezinformasiyadan başqa bir şey deyil və buna uymamaq lazımdır.
Oxucularımıza təqdim etdiyimiz aşağıdakı linklərdə də, bu işin vacibliyi və vaxtında başa çatmasına əngəl olan səbəblər barədə ətraflı məlumat verilir:




Bu video-çəkilişlərə baxanda, Rusiya imperiyasının Azərbaycan əsilli hərbi xadimi, tam süvari qoşunu generalı Hüseyn xan Naxçıvanskinin bir Vətən övladı kimi böyüklüyü adama qürur verir. Rusiya-Yaponiya müharibəsində (1904-1905-ci illər) qafqazlılardan təşkil olunmuş 2-ci Dağıstan süvari alayına komandirlik edən bu məşhur hərbi xadimin atası, general-mayor II Kalbalı xan da Rusiya ordusunun ən məşhur generallarından biri olub. Babasının --
general-mayor Ehsan xan Naxçıvanskinin adı isə, bu ordunun ad-sanlı ən məşhur sərkərdəsi kimi tarixə düşüb. Hüseyn xanın böyük qardaşı Cəfərqulu xan da, onunla bərabər, eyni polkda nümunəvi hərbi xidmət keçib. Hüseyn xanın anası Xurşid xanım isə, İrəvanda yaşayan və məşhur Bayat tayfasından olan mayor Əhməd xan Süleyman xan oğlu Makinskinin qızı olub.
Xan Sarayındakı 4 oğul və 5 qız övladdan ibarət çoxuşaqlı ailələdə doğulan Hüseyn xan 1873-cü ilədək Naxçıvanda yaşayıb və ilk təhsilini də, elə, burada alıb. 1873-cü ildə atası onu Peterburqa, Paj korpusunda oxumağa göndərib. Həmin ilin 9 dekabr tarixində Hüseyn xan Rusiya çarının sarayındakı Paj korpusunda qeydə alınıb. Bu saray məktəbini əla qiymətlərlə bitirərək, elə, saray qvardiyasının süvari polkuna kornet təyin olunub. Onun ilk hərbi təyinatı 12 avqust 1883-cü ilə təsadüf edir. Qeyd edək ki, sarayın süvari polkunda onun adı əmrlərdə Xan Hüseyn Naxçıvanski kimi yazılıb.
Araşdırmalar göstərir ki, o vaxtlar Rusiya çarına, hərbi fəaliyyətə başlayandan 4 ay əvvəl Naxçıvanda atasını itirən Hüseyn xanın ulu əcdadlarının nəhəng hərbi ənənələri və qəhrəmanlıqları haqqında ətraflı məlumatlar verilib. Peterburqdakı süvari polkunda nümunəvi xidməti ilə seçilən Hüseyn xana 30 avqust 1884-cü ildə podporuçik hərbi rütbəsi verilib. 30 avqust 1887-ci ildə ezamiyyətdən qayıdan və poruçik rütbəsi alan Hüseyn xan hərb sənətinin incəliklərini daha da dərindən öyrənməyə başlayıb. Bundan sonra, cəsurluğa və yaxşı xidmətə görə, onun təltif olunduğu orden, medal və digər ali hərbi mükafatlarının sayı-hesabı olmayıb. Maraqlıdır ki, döyüş cəbhələrində göstərdiyi çoxsaylı qəhrəmanlıqları ilə öyündüyümüz cəsur döyüşçü, tam süvari generalı Hüseyn xan Kalbalı xan oğlu Naxçıvanski Rusiya imperiyasının həmin ali hərbi ordenləri, medal və yüksək mükafatları ilə yanaşı, Rumıniyanın, Bolqarıstanın, İranın, Avstriyanın, Macarıstanın və Çernoqoriyanın da yüksək dərəcəli orden və medallarının sahibi, hərbi dillə desək, kavaleri olub.
Polk məhkəməsinin iş icraçısı kimi də fəaliyyət göstərən Hüseyn xan, hərbi məhkəmə nizamnaməsinin incəliklərini belə dərindən bilib. 1893-cü ilin iyul ayının 26-da Hüseyn xan polkun tədris komandasında müavin vəzifəsində fəaliyyətə başlayanda azsavadlı əsgərlərə hərbi silahdan istifadə qaydasını, yazmağı, oxumağı və xəritəşünaslığı həvəslə öyrədib. 1894-cü ilin aprel ayının 17-də ştabs-rotmistr təyin olunan Hüseyn xan, 26 apreldən iyunun 1-dək çar II Nikolayın tacqoyma mərasiminin iştirakçılarından biri olub. Bu ərəfədə Hüseyn xan 3-cü eskadron polkuna müvəqqəti komandir təyin edilib. 1896-cı ilin oktyabr ayının 6-dək bu polkun komandiri vəzifəsində çalışıb.
1897-ci ildə Rusiya imperiyasında ilk dəfə keçirilən əhalinin siyahıya alınması işlərinə o da cəlb edilib. Bu çətin işdə göstərdiyi fəallığa görə, tünd bürünc medalla mükafatlandırılıb. Xidmət etdiyi süvari polkun yüksək dərəcəli hərbçilərinin rəğbətini qazanan Hüseyn xanı yenidən polk məhkəməsinin üzvü seçiblər. O, 1896-cı ilin 13 iyunundan dekabrın 15-dək hərbi məhkəmədə işləyib. Rusiya çarının xüsusi diqqətində olan 3-cü eskadron polkuna 1897-ci ilin 12 iyununda yenidən müvəqqəti komandir təyin edilən Hüseyn xanın bu vəzifədə apardığı işlər bəyənildyindən, o, 1898-ci ilin may ayının 6-da rotmistr rütbəsini alaraq, az sonra polkun komandiri təyin edilib.
Məqamındaca qeyd edək ki, 3-cü eskadron polkunun işi çox çətin olduğundan, Hüseyn xanı tez-tez vəzifədən-vəzifəyə keçiriblər. O, bu mürəkkəb işlərin öhdəsindən məharətlə gəlib və geriliyi aradan qaldırıb. Saray qvardiyasının süvari polkunun rotmistri olaraq, ona, 1900-cü ildə Rusiyaya dostluq səfərinə gələn İran şahı Müzəffərəddin Qacarı müşayiət etmək tapşırılıb. İran şahı Hüseyn xanın yüksək səviyyəli mühafizə işini olduqca bəyəndiyinə görə, onu İranın yüksək hərbi ordeni ilə təltif edib. İkinci dəfə, 1902-ci ilin aprel -- may aylarında, üçüncü dəfə isə, həmin ilin sentyabr - oktyabr aylarında Rusiyaya səfər edən İran şahının mühafizəsi yenə ona tapşırılıb. Daha yüksək müşayiətə görə, şah onu İranın daha yüksək ordeni ilə mükafatlandırıb.
1903-cü ilin aprel ayında polkovnik hərbi rütbəsini alan Hüseyn xan Naxçıvanski 1904-cü ilin mart ayının 1-də Qafqaz Hərbi Dairəsinin sərəncamına göndərilib. Mart ayının 24-də Petrovsk şəhərinə (indiki Mahaçqala) gəlib. O, burada könüllü müsəlman döyüşçülərdən ibarət İkinci Dağıstan polkunu formalaşdırmağa başlayıb. Mart ayının 25-də Hüseyn xan Naxçıvanski bu polkun komandiri təyin olunub. Elə, aprel ayındaca məşhur İkinci Dağıstan polkunu formalaşdırıb, qurtaran Hüseyn xan Naxçıvanski 1904-1905-ci illərdə rus-yapon müharibəsində bu polkla iştirak edib. Knyaz Qriqol Orbeliani yaralanandan sonra bütün Qafqaz Süvari Briqadasına komandirlik vəzifəsi Hüseyn xana həvalə olunub. Qeyd etmək lazımdır ki, bu süvari briqadasına həm də Tersk-Kuban süvari polku daxil idi.
Yapon işğalçılarına qarşı bir komandir kimi apardığı uğurlu döyüşlərə və göstərdiyi şəxsi rəşadətə görə, Rusiyanın müxtəlif orden və medallarına, eləcə də rus ordusunun ən ali hərbi ordeninə – dördüncü dərəcəli “Müqəddəs Georgi” ordeninə layiq görülüb. Bu müharibə qurtarandan sonra, o, 14 fevral 1906-cı ildə 44-cü Nijeqorod Draqun polkunun, 4 iyul 1906-cı ildə isə, saray qvardiyasının süvari polkuna komandir vəzifələrinə təyinat alıb. 20 iyul 1907-ci ildə Hüseyn xan Naxçıvanskiyə general-mayor hərbi rütbəsi verilib. 6 dekabr 1910-cu ildə birinci dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif edilən Hüseyn xan Peterburq hərbi dairəsinin sərəncamına göndərilib. Burada müxtəlif hərbi təlimlərdə olan general-mayor, 18 aprel 1912-ci ildə Əlahiddə Birinci Süvari Briqadasının rəisi təyin olunub. Onun bu illərdə çəkdiyi zəhmət yenə öz bəhrəsini verib. 6 dekabr 1913-cü ildə onu birinci dərəcəli “Müqəddəs Anna” ordeni ilə təltif ediblər. Hərbi xidmətdə fərqləndiyinə görə, 16 yanvar 1914-cü ildə general-leytenant rütbəsinə layiq görülüb və İkinci Süvari Diviziyasına rəis təyin edilərək, bu diviziya ilə Birinci Dünya müharibəsində döyüşə yollanıb. 13 oktyabr 1914-cü ildə Hüseyn xan Naxçıvanskiyə İkinci Süvari Korpusunun komandiri vəzifəsi tapşırılıb. Bu korpusun tərkibinə 12-ci Süvari Diviziyası da daxil edilib. Qafqaz Yerli Süvari Diviziyası da general-mayor, böyük knyaz Mixail Aleksandroviçin komandirliyi ilə bu korpusun tərkibində uğurla döyüşüb.
22 oktyabr 1914-cü ildə çarın fərmanı ilə Hüseyn xan Naxçıvanskiyə üçüncü dərəcəli “Müqəddəs Georgi” ordeni verilib. Şərqi Prussiyada apardığı uğurlu hərbi əməliyyata görə, Hüseyn xan ikinci dəfə bu yüksək ali hərbi ordenin kavaleri olub. 1915-ci ilin 1 iyununda Hüseyn xan Naxçıvanski Əlahəzrətin yavəri təyin edilib. Oktyabrın 25-də isə, Qafqaz canişini və Qafqaz ordusunun baş komandanı, böyük knyaz Nikolay Nikolayeviçin sərəncamına göndərilib. Rusiya ordusunu Sarıqamış və Ərzurum döyüş əməliyyatlarında məğlubiyyətdən Hüseyn xan Naxçıvanski xilas edib.
23 yanvar 1916-cı ildə Hüseyn xan Naxçıvanskiyə tam süvari generalı rütbəsi verilib və ona, 9 aprel 1916-cı ildə Qvardiya Süvari Korpusunun komandiri vəzifəsi tapşırılıb. 1917-ci ildə Hüseyn xan Naxçıvanski əvvəlcə Kiyev qərargahında, həmin ilin 23 iyunundan isə, Petroqrad (indiki Sankt-Peterburq) hərbi dairəsində ehtiyatda olan hərbçi kimi qeydə alınıb.
Bu yerdə bu məsələni də qeyd etmək yerinə düşərdi ki, 1917-ci ildən Naxçıvanın Kəngərli sülaləsindən Rusiya ordusunda olan hərbçilər, Hüseyn xan Naxçıvanskinin tapşırığı ilə, Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın müdafiəsinə gəlib və erməni daşnaklarına qarşı şücaətlə döyüşərək, onları məğlubiyyətə uğradıblar. Özünün Naxçıvana gəlməsinə isə, imkan verilməyib və bu istəyinə görə, onu Petroqradda həbs ediblər. 1919-cu ilin yanvarında Hüseyn xan Petroqradda qırmızı bolşeviklər tərəfindən güllələnib.
Hüseyn xan Naxçıvanski 1889-cu ildə məşhur şair, tərcüməçi və naşir Nikolay Vasilyeviç Herbelin qızı Sofiya Nikolayevna Taube (1864 Peterburq – 1941 Beyrut) ilə ailə həyatı qurub. Sofiya Taube mühacirətdə dünyasını dəyişib. Onların iki oğul və bir qızları dünyaya gəlib. Onların varisləri indi də Naxçıvanski soyadını daşıyırlar.
20 il süvari polkunda xidmət etmiş və bütün döyüşlərdə döyüşən ordunun ön sıralarında olan Hüseyn xan Naxçıvanskinin qəhrəmanlığı haqqında hələ çar Rusiyasında onlarla əsər yazılıb. Təəssüflər olsun ki, sovet hakimiyyəti illərində ancaq bəzi kitablarda və ensiklopedik nəşrlərdə onun haqqında ötəri məlumat verilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, adı
təpədən-dırnağa qədər vətənpərvər, cəsur, sədaqətli döyüşçü kimi tarixə düşən sərkərdəmizin bütün yüzilliklərdə nəsillərə nümunə olacaq həyatı və fəaliyyəti geniş şəkildə araşdırma və tədqiqata cəlb edilib.
Rusiya ordusunda və imperator sarayında yüksək nüfuz sahibi olan yeganə Azərbaycan türkü, döyüş cəbhələrində göstərdiyi çoxsaylı qəhrəmanlıqları ilə öyündüyümüz cəsur döyüşçü, tam süvari generalı Hüseyn xan Kalbalı xan oğlu Naxçıvanskinin adı və misilsiz hərbi xidmətləri Rusiya Federasiyasında heç zaman unudulmayıb. Onun xüsusi hərbi istedadı, şücaəti, yüksək əxlaqı, səmimiliyi, xeyirxahlığı, dəmir iradəsi və tələbkarlığı rusiyalı və azərbaycanlı gənclərə daim nümunə olaraq göstərilib. Bu səbəbdən, adının əbədiləşdirilməsi də, daim bu iki qonşu dövlətin rəsmi qurumlarının diqqətində olub. Elə, buna görə də, Hüseyn xan Naxçıvanskinin Sankt-Peterburqun ən görməli yerində abidəsinin ucaldılması üçün, şəhər administrasiyası tərəfindən ərazi ayrılıb.
Lakin, açıq-aşkar göründüyü kimi, "sapı özümüzdən olan baltaların" təqsirləri ucbatından, daha dəqiq desək, yuxarıda qeyd etdiyimiz biabırçı səbəblərə görə, bu vacib işi uzun zamandır başa çatdırmaq mümkün olmayıb. Hazır bir abidənin ucaldılmasının gələn ilin ortalarına saxlanması barədə xəbər isə, bu abidə ideyasını irəli sürmüş Azərbaycan diasporunun nümayəndələri kimi, onun müəlliflərini -- Mixail Popovu və memar Yevgeni Çerepaxini də olduqca narahat edib. Yaxşı ki, Sankt - Peterburq şəhərində Hüseyn xan Naxçıvanskinin heykəlinin ucaldılmasına maliyyə dəstəyində yol verilən biabırçılığı tezliklə aradan qaldırmaq üçün, qəti qərar verən bir həmyerlilərimiz tapılıb. Rusiya Azərbaycanlıları İttifaqının prezidenti, tanınmış iş adamı və xeyriyyəçi Füzuli Məmmədov Azərbaycanın nüfuzuna xələl gətirə biləcək bu xəbəri böyük narahatlıqla qarşılayıb. Bu səbəbdən, onun rəhbəri olduğu Rusiya Azərbaycanlıları İttifaqı Hüseyn xan Naxçıvanskinin abidəsi ətrafında xeyli müddətdir yaranan gərginliklə əlaqədar Bəyanat yayıb. Bəyanatda bildirilib ki, hazır bir abidənin ucaldılmasının gələn ilin ortalarınadək təxirə salınmasından, bu diaspor təşkilatının çoxsaylı üzvləri də olduqca narahatdır: "Elə, bu səbəbə görə, həmvətənlilərin bu problemin tezliklə həlli üçün Rusiya Azərbaycanlıları İttifaqına çoxsaylı müraciətlərinə müsbət baxılıb, hər iki xalqın şanlı oğlunun xatirəsinin əbədiləşdirilməsinin ləngiməsi qəbuledilməz hesab edilib. Çünki onun çoxlarına örnək ola biləcək tərcümeyi-halı, keçdiyi şücaət və qəhrəmanlıqlarla dolu şanlı hərbi yol Rusiya və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun və qardaşlığının daha bir sübutudur. Bu və bu kimi bir çox səbəblərə görə, abidənin quraşdırılması üçün vəsait köçürməsi gecikməsindən yaranan mövcud narahatlığı aradan qaldırmaq üçün, Rusiya Azərbaycanlıları İttifaqı görkəmli hərbi rəhbərin xatirəsinin əbədiləşdirilməsində maddi dəstəyə həmişə hazır olduğunu bildirir", -- Bəyanatda xüsusi qeyd olunub. Füzuli Məmmədovun özü rəsmi olaraq bildirib ki, sözügedən layihə ilə bağlı, bundan sonra, ətrafdan heç bir əlavə maliyyə dəstəyinə ehtiyac duyulmur. Bu işi, onun rəhbəri olduğu Dünya Azərbaycanlılarının
Mədəniyyət Fondu öz üzərinə götürüb. Beynəlxalq səviyyəli bu xeyriyyə təşkilatının xətti ilə, tanınmış iş adamı və xeyriyyəçi Füzuli Məmmədovun dünyanın dörd bir yanında Azərbaycan dövlətinin və xalqının mənafeyi naminə İndiyədək möhtəşəm layihələr həyata keçirdiyi çoxlarına məlumdur. Onun Rusiyanın və Avropanın bir çox şəhərlərində, ayrı-ayrı müsəlman ölkələrində saysız-hesabsız xeyriyyə işləri həyata keçirdiyi də danılmazdır. Məhz bütün bunlara görə də, onun tezliklə bu abidə ətrafında yaranan xoşagəlməzliyə son qoyacağı şübhə doğurmur.

Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.

Oxunub: 497
Oxşar xəbərlər
SON XƏBƏRLƏR