dini radikalizm və ekstremizmlə mübarizə

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimində iştirak ediblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimində iştirak ediblər

Son illərdə ardıcıl bir sıra mötəbər idman yarışlarına ən yüksək səviyyədə ev sahibliyi edən Bakı iyulun 21-də yenidən Avropanın, eləcə də dünyanın diqqət mərkəzinə çevrilib. Ölkəmizin paytaxtı “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edir.

Festivalın “Baku Crystal Hall”da keçirilən təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, eləcə də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak etdilər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, növbəti Avropa Gənclər Yay Olimpiya Festivalının keçiriləcəyi Slovakiyanın Baş Nazirinin müavini Riçard Rasi və Avropa Olimpiya Komitələrinin rəhbərliyi ilə görüşdülər.

Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir və 25 ildən artıq ənənəsi olan Avropa Olimpiya Komitələrinin (AOK) qürur mənbəyidir. Bu festival 14-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir. Tək illərdə, iki ildə bir dəfə keçirilən qış və yay festivalları da var.

Tədbir Olimpiya bayrağı altında keçirilir və Olimpiya ənənələri ilə zəngindir: alovlanan məşəldən başlayaraq idmançı və rəsmilərin and içməsinə qədər. Avropanın bir çox yüksələn idman ulduzları beynəlxalq arenada ilk addımlarını məhz Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı atırlar. Bütün iştirakçılar burada qazandıqları dostluq və təcrübəni özləri ilə həmişəlik evlərinə aparacaqlar, bəziləri üçün isə bu festival Olimpiya zirvəsinə bir yüksəliş olacaq. Avropa Gənclər Yay Olimpiya Festivalı Avropa gənclərini Atletlər kəndində simvolik olaraq birləşdirir. Bu festival idmançıların Olimpiya hadisələrinin ruhunu hiss etməyə və yeni qələbələrə ilhamlanmağa yol açacaq Olimpiya Oyunlarına bir qapıdır.

“Zirvələrə hazırıq” devizi altında keçirilən “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının talismanları Cırtdan və Bəbirdir. Paytaxt Bakının 12 idman obyektində yeddi gün davam edəcək mötəbər turnirdə 48 ölkədən 3900 atlet idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizəyə qoşulub. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayırlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Azərbaycan festivala 122 idmançı ilə qatılıb. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil edirlər. Azərbaycan bu idman növlərinin hər biri üzrə 18 nəfərlə təmsil olunur. Bundan başqa, cüdo yarışlarında 12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennisdə 4, üzgüçülük yarışlarında 6 idmançımız mübarizəyə qoşulub. Komanda idman növlərində isə voleybol və basketbol yığmalarımızın hər birinin heyətinə 12 idmançı daxil edilib. Oğlanlardan və qızlardan ibarət həndbol komandalarımızda ümumilikdə 30 oyunçu yer alıb.

Festival günlərində idman obyektlərində 3500-dən çox könüllü fəaliyyət göstərəcək.

Qeyd edək ki, Azərbaycan Avropa Gənclərinin Olimpiya festivallarında 1993-cü ildən təmsil olunmağa başlayıb. Həmin il Hollandiyanın Valkensvard şəhərindəki festivalda 43 ölkənin idmançıları mübarizə aparıblar. Festivalda Azərbaycan komandası 1 qızıl və 2 gümüş medalla ümumi hesabda 17-ci olub. 1995-ci ildə Böyük Britaniyanın Bat şəhərində keçirilmiş növbəti festivalda cəmi 1 gümüş medal qazanılıb.

1997-ci ildə İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra gənc idmançılarımız bu festivallarda daha böyük uğurlar qazanmağa başlayıblar. 1999-cu ildə Danimarkanın Esbyerq şəhərində keçirilmiş festivalda üç bürünc medal qazanan komandamız 2001-ci ildə İspaniyanın Mursiya şəhərində 2 gümüş və 2 bürünc, iki il sonra Parisdə 2 gümüş və 1 bürünc, 2005-ci ildə İtaliyanın Linyano şəhərində 2 qızıl və 4 bürünc medala sahib olub. Azərbaycan ən yüksək nailiyyətinə 2007-ci ildə Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş festivalda 7 qızıl medal qazanmaqla imza atıb. Həmin yarışda ölkəmiz ümumi komanda hesabında 6-cı yeri tutub.

2009-cu ildə Finlandiyanın Tampere şəhərində 3 qızıl, 1 gümüş, 1 bürünc, 2011-ci ildə Türkiyənin Trabzon şəhərində 1 qızıl, 2 gümüş, 2013-cü ildə Hollandiyanın Utrext şəhərində 2 qızıl, 1 bürünc, 2015-ci ildə Tbilisidə 2 qızıl, 1 gümüş, 2 bürünc, 2017-ci ildə Macarıstanın Györ şəhərində keçirilən festivalda isə 1 gümüş və 1 bürünc medal qazanılıb.

Nüfuzlu idman xadimləri, ekspertlər Azərbaycan paytaxtında keçirilən Avropa Gənclər Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunduğunu qeyd edirlər. Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç Bakının əvvəlki turnirlərdə olduğu kimi, bu festivala da uğurla ev sahibliyi edəcəyini vurğulayaraq deyib: “Bakı festivalın təşkilinə tam hazırdır. Şəhər yalnız irimiqyaslı tədbirlərin keçirilməsi üçün lazım olan infrastruktura malik deyil. Bakı özündə digər əsas komponentləri – yüksək təşkilatçılıq, həvəs və səmimiliyi birləşdirir. İnanıram ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı böyük müvəffəqiyyətlə keçəcək”.

“Baku Crystal Hall”a toplaşmış tamaşaçılar və yüz minlərlə televiziya izləyiciləri təntənəli açılış mərasiminin unudulmaz anlarının şahidi oldular.

Bakı vaxtı ilə saat 20:00-da XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi başladı.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himninin sədaları altında Milli Qvardiyanın əsgərləri dövlət bayrağını təntənəli şəkildə meydana gətirərək ucaltdılar.

Bundan sonra demək olar ki, bütün Olimpiya tədbirlərinin açılış mərasimlərinin ənənəvi hissəsi olan atletlərin paradı başladı.

İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin – Yunanıstanın idmançıları səhnəyə daxil oldular. Digər ölkələrin komandaları onların arxasınca əlifba sırası ilə gəldilər.

İdmançıların keçidini ev sahibi - Azərbaycan atletləri tamamladılar. Üçrəngli bayrağımızı 15 yaşlı cüdoçu, 2018-ci ildə Yeniyetmələrin Yay Olimpiya Oyunlarının və Avropa Kubokunun qalibi Vüqar Talıbov apardı.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və “Baku Crystal Hall”a toplaşmış tamaşaçılar idmançılarımızı hərarətlə salamladılar.

Atletlərin paradından sonra festivala ev sahibliyi edən Azərbaycan haqqında film nümayiş etdirildi. Filmdə ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, eləcə də paytaxt Bakının görməli yerləri haqqında kadrlar nümayiş olundu.

Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov və Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç səhnəyə gəldilər.

XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli Avropa Olimpiya Komitələrinin prezidenti cənab Yanes Kosyançiç.

Hörmətli beynəlxalq və milli federasiyaların rəsmiləri.

Əziz gənc idmançılar, xanımlar və cənablar.

XV Avropa Gənclər Olimpiya Festivalında iştirak etmək üçün Odlar yurdu Azərbaycana gəlmiş bütün dəyərli qonaqları səmimi qəlbdən salamlayır, zəngin mədəniyyətə və tarixə malik ölkəmizə “Xoş gəlmisiniz!” deyirəm.

Azərbaycan yüksək idman nailiyyətlərinə malik bir ölkədir. Bu nailiyyətlərin əsası isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz onun təşəbbüsü ilə Azərbaycan beynəlxalq Olimpiya hərəkatına qoşulmuş, ölkəmizdə Olimpiya komplekslərinin, müxtəlif idman qurğuları və mərkəzlərinin tikintisinə start verilmişdir. Azərbaycanı müasir, dünyəvi, sabit və demokratik bir ölkəyə çevirən Heydər Əliyevin uzaqgörən siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti və Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyev əzmlə davam etdirir. Onun idmançılara göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində əldə edilən nailiyyətlər müqayisə olunmayacaq dərəcədə artmışdır. Hazırda Bakı şəhərində və Azərbaycanın bütün regionlarında 50-yə yaxın Olimpiya İdman Kompleksi fəaliyyət göstərir ki, bu da güclü idmançılar hazırlanması ilə yanaşı, əhalinin sağlam həyat tərzi sürməsinə də hərtərəfli şərait yaradır.

Azərbaycan ən mötəbər beynəlxalq idman tədbirlərinin, idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarının, dünya kuboku və Qran-Pri yarışlarının keçirilməsində kifayət qədər böyük təcrübəyə malik bir ölkədir. Xüsusilə qeyd etmək istəyirəm ki, bu silsilədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədri olduğu Təşkilat Komitəsinin rəhbərliyi ilə Bakı şəhərində keçirilmiş ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq miqyaslı idman tədbirləri yüksək peşəkarlığı ilə bütün dünyada əks-sədaya səbəb olmuşdur. Biz əminik ki, bu gün açılışını etdiyimiz və Avropanın 48 ölkəsindən təqribən üç mindən çox gənc idmançının qatıldığı XV Avropa Gənclər Olimpiya Festivalı da ən yüksək səviyyədə keçirəcəyimiz növbəti idman tədbirlərindən biri olacaqdır. Yarışlar Bakıda 12 möhtəşəm idman arenasında idmanın 10 növü üzrə keçiriləcəkdir.

Əziz gənc atletlər, bizim üçün çox sevindirici haldır ki, siz ilk böyük beynəlxalq uğurunuzu məhz Azərbaycanda qazana bilərsiniz. Heç şübhəsiz deyə bilərik ki, sizlərin sırasında gələcək Olimpiya, dünya və Avropa çempionları olacaqdır. Əminik ki, siz gənclər aparacağınız idman mübarizəsi ilə yanaşı, bir-birinizlə yaxından tanış olacaq, özünüzə çoxlu dost və rəfiqə tapacaq, öz bacarıq, mədəniyyət və tarixlərinizi də paylaşacaq, o cümlədən keçmiş və müasirliyin vəhdətini təşkil edən əzəmətli Bakımızın füsunkar gözəlliyindən zövq alacaqsınız.

Ənənəvi olaraq bu festivalın işinə də könüllülər cəlb olunmuşdur. 3500 gənc könüllü festivalın təşkili və yüksək səviyyədə keçirilməsində yaxından iştirak edəcək. Biz onların hər birinə dərin təşəkkür və ehtiramımızı bildiririk.

Möhtərəm cənab Prezident, XV Avropa Gənclər Olimpiya Festivalının Təşkilat Komitəsi Avropa Olimpiya Komitələrinin qarşımıza qoyduğu bütün tələbləri yerinə yetirmişdir və Azərbaycan bu festivalın keçirilməsinə tam hazırdır.

Fürsətdən istifadə edib bu mötəbər yarışın keçirilməsində Azərbaycana etimad göstərmiş Avropa Olimpiya Komitələrinin rəhbərliyinə dərin minnətdarlığımızı bildirirəm.

Bütün gəncləri, bütün idman ictimaiyyətini bu bayram münasibətilə bir daha ürəkdən təbrik edir, gənc idmançılara qələbə sevincləri və azarkeşlərin böyük marağına səbəb olacaq gərgin mübarizə nümayiş etdirməyi arzulayıram.

Əziz gənclər, qoy, bu festival sizin üçün idman, sülh və dostluq bayramı olsun.

Oxunub: 487
Oxşar xəbərlər
SON XƏBƏRLƏR