dini radikalizm və ekstremizmlə mübarizə

İBTİDAİ SİNİFDƏ OXUYAN BALALARIMIZA TƏTBİQ OLUNAN ZƏRƏRLİ VASİTƏLƏR: PLANŞET


Orta məktəblərdə dərslər dədə-babadan kitab vasitəsilə tətbiq edilib. Ancaq “müasirlik təəssübkeşi” olan bəzi insanlar belə düşünürlər ki, güya ibtidai sinifdə şagirdlərə dərslər kitab əvəzinə planşet vasitəsilə keçirilsə, daha da məqsədə uyğun olar. Lakin bunu qanmırlar ki, atdıqları addım özlərinə rahatlıq gətirsə də, 6-7 yaşlı uşaqlar üçün olduqca ziyandır. Şagirdlərin valideyinləri də utanmaz-utanmaz filan qədər pul xərcləyərək, planşet alır və özünü göstərir. Bizimkilərin ən bədbəxt və bəyənilməyən cəhəti odur ki, heç vaxt özlərinin xeyirliyə doğru bir təşəbbüsü olmadı və hər şeyi Avropadan, qərbdən əxz etdilər. Əxz etdikləri də ki, şübhəsiz, millətin, xüsusilə də gənclərin evini yıxdı. Allah da öz müqəddəs kitabı olan Qurani-Kərimdə “Oxu!”-deyə, buyurmaqdadır. Kitab ən gözəl vasitədir. Təhsil Nazirliyi orta məktəblərin ibtidai siniflərində oxuyan və beyinləri ağ kağız kimi tərtəmiz olan balalarımızın qayğısına qalmalı, nəvazişini çəkməli və onların faydalanması üçün hər cür imkandan, fürsətdən istifadə etməlidir. Gənc Azərbaycan türklərinin, övladlarımızın gələcəyi məhz ibtidai siniflərdən başlanır, özülü bu pillədən qoyulur. Bu işdə məsulluğu olan şəxslərə xitabən deyirəm ki, bu pilləni laxlatmayın, əksinə, möhkəmlədin! O da ki, maarifləndirici yolla, daha qeyri-ənənəvi vasitələr ilə yox! Planşetin yerinə gözəl, şəkilli, mənalı və hikmətli sözlər ilə dolu olan kitablar hazırlaya bilərsiniz. Belə təşəbbüsləri göstərin ki, sabahları millət sizə rəhmət oxuya bilsin, gənclər ruhunuzu ehtiramla ansın. İbtidai məktəbdə təhsil alan uşaqların milli şüurunu ayaqda saxlamaq, onlara türk olduqlarını anlatmaq və onlara milli düşüncəni təlqin etmək üçün xüsusi fənnlər keçirilməli, ciddi mühazirələr oxunulmalıdır ki, bu balalarımız sırf bu çərçivədə yetkinləşsinlər. Şagirdlərə dədə-babaların, Oğuz türklərinin şanlı keçmişindən və parlaq gələcəyindən ağızdolusu danışmaq gərəkir ki, onlar kim olduqlarını və kimdən törədiklərini anlasınlar. Bunun da məsuliyyəti və vəzifəsi, şübhəsiz ki, müəllimlərin üzərinə düşür. Əgər “Uşaqlar bizim gələcəyimizdir!” devizini əsas tuturuqsa, o zaman, gərəkdir ki, bu parlaq gələcəyi qoruyaq və qiymətini bilək. Ancaq valideyinlərin də, ən birinci görəvi o, olmalıdır ki, öz övladlarının üstündə möhkəm dursunlar, onlara doğru-düzgün, ciddi təlim-tərbiyə keçsinlər ki, bu balalar vətənə və millətə layiqli bir övlad kimi formalaşa bilsinlər. Həmin azyaşlı uşaqların beyni, hal-hazırda, ağ kağız kimi tərtəmizdir.

Ərtoğrul Əfəndi

Oxunub: 553
Oxşar xəbərlər
SON XƏBƏRLƏR