dini radikalizm və ekstremizmlə mübarizə

Belarusdakı səfirliyimizdə Respublika Günü qeyd edildi

Belarusdakı səfirliyimizdə Respublika Günü qeyd edildi
Cari ilin 28 may tarixində Azərbaycan Respublikasının Belarusdakı səfirliyi tərəfindən 28 may - Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə Belarus Dövlət Filarmoniyasında konsert təşkil edilib.

Xalq artisti, professor Yalçın Adıgözəlovun dirijorluğu altında keçirilən konsertdə Belarus Dövlət Simfonik Orkestrinin ifasında Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəyovun Qara Qarayevin, Asəf Zeynallının, Niyazinin, Fikrət Əmirovun, Rauf Hacıyevin, Belarus bəstəkarı Yevgeni Qlebovun və bəstəkar Aleksandra Paxmutovanın əsərləri səsləndirilib. Azərbaycan Respublikasının əməkdar artisti Nərgiz Kərimovanın ifası tamaşaçılarda xoş əhval yaradıb.

Tədbirin aparıcısı Azərbaycan haqqında xoş sözlər söyləyib.

Konsertin açılışında çıxış edən səfir Lətif Qəndilov 28 may 1918-ci il tarixində yaranmış Azərbaycan Demokratik Respublikası ilə bağlı məlumat verib və bildirib ki, ADR cəmi 23 ay mövcud olub, lakin Azərbaycan xalqının azadlıq və müstəqillik arzularını həyata keçirə bilib.

Gənc Azərbaycan Diplomatiyasının səyi nəticəsində 1919-cu ildə Millətlər Liqası tərəfindən ADR-in Paris Sülh Konfransında de-fakto tanınmasına nail olunub. Səfir qeyd edib ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən bu günədək Azərbaycan diplomatiyası çətin və şərəfli bir yol keçib.

Keçən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyası bütün dünyaya ölkəmizin işğala məruz qaldığını və Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu anlada bilib və erməni yalanlarını alt-üst edib.

L.Qəndilov Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin xüsusən Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin və musiqisinin beşiyi olduğunu bildirərək, tədbirdə əsərləri səsləndiriləcək bəstəkarlardan Ü.Hacıbəyovun, F.Əmirovun və Niyazinin əslən Şuşa şəhərindən olduğunu deyib.

Səfir Azərbaycanın musiqi tarixi barədə tamaşaçılara geniş məlumat verib.

Səfir bildirib ki, heç bir xalq, o cümlədən, Azərbaycan Xalqı da özünün mədəniyyət və incəsənət beşiyi olan torpaqlarının başqa dövlət tərəfindən işğal olunması ilə razılaşmayacaq və ən yaxın zamanda Dağlıq Qarabağı işğaldan azad edəcək.

Belarus Respublikasının Xarici işlər nazirinin birinci müavini A.Yevdaçenko çıxış edərək 28 May - Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə təbriklərini çatdırıb.

Konsertdə Belarusun dövlət, hökumət orqanlarının və ictimaiyyət nümayəndələri, Belarusda səfərdə olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və onun Belaruslu həmkarı Pyotr Mikloşeviç, ölkədə fəaliyyət göstərən Amerika, İngiltərə, İsveçrə, İsveç, Polşa, Özbəkistan, Almaniya, Estoniya Səfirliklərinin rəhbərləri və əməkdaşları, Belarusda yaşayan azərbaycanlılar və Minsk şəhərində təhsil alan tələbələr, o cümlədən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Belarusda təhsil alan kursantları iştirak ediblər.

Oxunub: 574
Oxşar xəbərlər
SON XƏBƏRLƏR