dini radikalizm və ekstremizmlə mübarizə

Orenburqun ən yaxşı uroloq-cərrahı - Allahverdi həkim

Orenburqun ən yaxşı uroloq-cərrahı - Allahverdi həkim

Vəli Adilov Kəlbəcərin Qılıçlı kəndində yaşayıb. Uzun illər övladı olmayıb. Böyüklərin məsləhəti ilə niyyət tutub qapı-qapı dilənəndən sonra bir oğlu dünyaya gəlib və adını da Dilən qoyub. Bu gün sizə Dilən kişidən deyil, onun Orenburqda çalışan cərrah oğlundan söhbət açmaq istəyirəm. Elə bir oğuldan ki, Orenburqda xətrini çox istəyirlər, necə deyərlər, nüfuz sahibidir...
Allahverdi Adilov 1988-ci ildə Kəlbəcər rayonunda dünyaya gəlib. Beş yaşında olarkən Rusiya Federasiyasının Orenburq vilayətinin Saraktaş qəsəbəsinə köçüblər. 2005-ci ildə orta təhsilini bu qəsəbədə başa vurub. 2006-2014-cü illərdə Orenburq Dövlət Tibb Akademiyasında ali təhsil alıb. 2014-2016-cı illərdə həmin universitetdə ordinaturada oxuyaraq uroloq-cərrah ixtisasına yiyələnib. 2016-2017-ci illərdə Moskva 1 saylı Mərkəzi Klinik Xəstəxanasında andrologiya üzrə ixtisasartırma kursu keçib. Üç yerdə işləyir- Orenburq 1 nömrəli Dövlət Klinik Xəstəxanasının uroloji şöbəsində cərrah, Dəmir Yolu işçilərinin poliklinikasında uroloq və "Klassika Tibb Mərkəzi"ndə androloq.

Bütün bunlarla yanaşı, 2018-ci ildən Samara Tibb Akademiyasının aspiranturasında təhsilini davam etdirir, daha doğrusu elmi işlə məşğuldur. 2021-ci ildə müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsinə yiyələnməyi planlaşdırır…
Deyir ki, Qarabağı tərk edəndə uşaq idi: “Ermənilərin vəhşiliklərini öz gözlərimlə görmüşəm və həmişə də xatırlayıram. Əlbəttə ki, o yerlərin həsrətini çəkirəm. İnanıram ki, nə vaxtsa o torpaqlar yenə də bizdə olacaq"…
Aleksandr Makedonskidən "Əfqanıstan yeganə məmləkətdir ki, oranı zəbt etmək, əfqan xalqının üzərində zəfər çalmaq mümkün deyil" nümunəsini gətirib, Azərbaycana da məğlubedilməzlik arzulayır...

Subaydır, istəyir ki, gələcək ömür-gün yoldaşı azərbaycanlı olsun. Bizim qızlar qədər vəfalı, namuslu, ailəcanlı xanımların heç bir xalqın arasında görmədiyini dilə gətirir…
Zarafat deyil, Orenburqun söz sahiblərinin əksəriyyəti onu şəhərin ən yaxşı uroloq-cərrahlarından biri kimi tanıyır, doğmalarının sağlamlığını ona etibar edirlər. Söyləyir ki,- "Xahiş edirəm, mənim "WhatsApp" nömrəmi məqalədə qeyd edin ki, soydaşlarımız mənə çıxa bilsinlər. Mən Orenburqa yolu düşən hər bir azərbaycanlının xidmətində durmağa həmişə hazıram"…
Bəli, bu mehriban, gülərüz, istiqanlı, comərd soydaşımızın yeni-yeni uğurlara imza atacağına inanmamaq mümkün deyil. Və ona söz verdiyim kimi "WhatsApp" nömrəsini sizə təqdim edərək söhbətimi yekunlaşdırıram: +79223989491. Allaha əmanət olun!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Oxunub: 705
Oxşar xəbərlər
SON XƏBƏRLƏR