dini radikalizm və ekstremizmlə mübarizə

ATƏT-dən İlham Əliyev-Paşinyan görüşü barədə - BƏYANAT

ATƏT-dən İlham Əliyev-Paşinyan görüşü barədə - BƏYANAT

ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşünə dair bəyanat yayıb.

Bəyanatın mətni ATƏT-in saytında dərc olunub.

Bəyanatda bildirilib ki, həmsədrlər Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın yaxın zamanda görüşmək qərarını alqışlayır.

Qeyd edilib ki, bu görüşə hazırlıqlarla əlaqədar həmsədrlər hər iki ölkənin xarici işlər nazirliyi ilə sıx əməkdaşlıq edir. Bu görüş iki ölkə liderləri arasındakı ilk təmas olacaq.

Həmsədrlər son vaxtlar cəbhə xəttindəki sabitliyi yüksək qiymətləndirib, həmçinin, əhalinin sülhə hazırlanması ilə bağlı regionda aparılan addımları alqışlayır və tərəfləri bu cür səyləri artırmağa çağırıb. Eyni zamanda, həmsədrlər regionda gərginliyin azaldılmasının əhəmiyyətini vurğulayıblar.

Həmsədrlər bəyanatda tərəfləri mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlamalardan və hərəkətlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən və aktiv hərbi döyüşləri bərpa etmək çağırışından yayınmağa səsləyib.

Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həllinin Helsinki Yekun Aktının müddəalarına əsaslanmasının vacibliyi vurğulanıb.

Bununla yanaşı, sənəddə həmsədrlərin Azərbaycan və Ermənistan liderləri və xarici işlər nazirləri ilə istənilən vaxt görüşməyə hazır olduqları diqqətə çatdırılıb.

Həmçinin, həmsədrlər mandatlarına uyğun olaraq münaqişənin dinc yolla həll olunması üçün tərəflərə kömək etmək məramına tam sadiq olduqlarını diqqətə çatdırıblar.

Oxunub: 531
Oxşar xəbərlər
SON XƏBƏRLƏR