dini radikalizm və ekstremizmlə mübarizə

MÜQƏDDƏS PEŞƏ SAHİBİ

MÜQƏDDƏS PEŞƏ SAHİBİ
İnsan yaşa dolduqca doğulub boya-başa çatdığı yeri, oralarla bağlı anları tez-tez xatırlayır. Şən və qayğısız uşaqlığı, orta məktəb illərini yada saldıqca kövrəli. Vrsən...Indi çox uzaqlarda qalan o acılı -şirinli xatirələr sanki bir film kimi gözlərinin önündən keçir, ruhuna, yaddaşına, qəlbinə hakim kəsilir...
O xatirələrdən danışmaq istəyirəm.Kəndimizin gözəl təbiətini, zəhmətkeş, mehriban adamlarını xatırladıqca duyğulanır, o illərə qayıtmaq istəyirəm.
Məzunu olduğum Masallı rayonu, Bədəlan kənd orta məktəbində oxuduğum illəri məmnunluqla xatırlayıram. Mənə dərs deyən, elmin sirrlərini açan müəllimləri ehtiramla yad edib, dünyanın ən müqəddəslərindən sayıram.
Otuz illik jurnalistlik fəaliyyətimdə ilk dəfə olaraq doğma məktəbimdən yazacağam. İndiyə kimi bu müqəddəs təhsil ocağının fəaliyyətini qələmə almamağım nə biganəliyin, nə də etinasızlığın əlamətidir. Əksinə, məsuliyyətimi anlayıb, yazmağa risq etməmişəm. Həmişə elə düşünmüşəm ki mənim kimi neçə cavanın pərvazlanmasında böyük əməyi olan müəllimlərimin, hər küncündə, bucağında xatirələrimin yaşadığı bu doğma ocağın haqqında yazmağa qələmimin gücü yetməz. Amma içimdə bir hiss deyirdi ki bir gün bu olacaq, ola bilməz ki olmasın...Və deyəsən o gün bu gündür....
Bu gün bir məhlədə böyüdüyüm, bir məktəbdə oxuduğum, hal-hazırda həmin məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini işləyən Məhbubə xanım Şahbazova ilə apardığım müsahibəni oxuculara təqdim edəcəm.
M. Şahbazova məndən üç sinif aşığı oxuyub. Zəhmətkeş, elmə-təhsilə böyük önəm verən Mürsəl əminin ailəsində böyüyüb, boya-başa çatıb. Qonşu idik və həyətimizdə nəinki daşdan, heç məftildən də hasar yox idi. Həyətlərimiz kimi sevincimiz də , kədərimiz də bir olub. Məhbubə xanım hələ orta məktəb illərində qeyri-adi istedadı ilə yaşıdlarından seçilirdi. Məktəbdə oxuduğu illərdə rayon və respublikada nəşr olunan qəzet və jurnallarda çap olunurdu. Heç kim onun Ali məktəb tələbəsi olacağına şübhə etmirdi. Bir sözlə, elə orta məktəb illərində hamı kimi mən də onun parlaq gələcəyinə inanır, onunla fəxr edirdim.
Uzun illərdən sonra Məhbubə xanımla görüşüb, söhbət etdik. Xatirələr cözələndi. Müəllimlərimizi xatırlayıb, kövrəldik. Rəhmətə gedən müəllimlərimiz dərin hüzünlə andıq...
Və oxucularımızı da maraqlandıracaq suallarıma cavab almağa çalışdım. Şahbazova Məhbubə Mürsəl qızı 1985-ci ildə Masallı rayonu Bədəlan kənd tam orta məktəbini əla qiymətlərlə bitirib. Arzusu jurnalist olmaq idi. Amma bunun üçün iki il staj tələb olunur. İstəyini reallaşdırmaq üçün əmək fəaliyyətinə başlayır. Lakin sənədlərini filologiya fakültəsinə verir. Düşünür ki, yaxşı müəllim olacaq, yazısını da ki hər zaman yaza bilər. Beləliklə, çoxları üçün əlçatmaz olan Bakı Dövlət Universiteti kimi mötəbər bir elm ocağının tələbəsi olur.Adlarını kitablardan oxuduğu, simalarını televizordan gördüyü müəllimlərlə tanış olur, onlardan dərs alır. Məhbubə Şahbazova - sadə, lakin təhsilə böyük maraq göstərən bir ailədə anadan olan  bir kənd qızı nəinki ərazidə, eyni zamanda ətraf kəndlər içərisində universitetə ilk daxil olan qızlardandır.
--Hədəfləriniz haqqında. Sizin üçün hədəf nədir?
Həyatda hər kəsin hədəf və hədəfləri vardır. Və hər zaman öz hədəflərinə doğru addım atıb ona çatmağı arzulayır insan. Atılan addımlar nə qədər inamlı olarsa məqsəd o qədər yaxın olur. Öncə mənim xəyallarım oldu. Yuxuda avtomobil sürürdüm, dünyanı dolaşırdım, Moskva xəyallarımın şəhəri olurdu. Uşaqlıq xəyallarım gerçək olsun deyə çaba göstərdim, çalışdım və xəyallarımı zəhmətimlə, çalışqanlığımla həyata keçitdim... Arzudan arzu doğur... gərək istək və ən əsası Hədəf olsun. Hədəflərə doğru irəli! Orta məktəbdə oxuyanda nə qədər arzularım vardı, ay Allah! BDU-nun jurnalistika fakültəsinə daxil olub dünya səyahətinə çıxım. BDU arzum yerinə yetdi, avtomobil arzum da.Yüksəklik qorxum olsa da peşəmdə yüksəlməyi həmişə arzu edirəm. Jurnalist olmasam da filologiyanı oxudum, müəllim oldum və nə yaxşı müəllim oldum. Bütün uğurlarım pedaqoji fəaliyyətimlə bağlıdır. Ailəm və şagirdlərim mənim sevincimdir. Hər zaman hansı işdən yapışdımsa çalışıram işimin “A”-sı olum. Bu gün yaxşı müəllim hər kəsə deyilmir. Mən bu adı zəhmətimlə, necə deyərlər,
dişimlə,dırnağımla qazanmışam.
-Doğrudan avtomobiliniz var, sürürsünüz. Bu bir həvəsdir, yoxsa tələbat?
--Xoşladığım, ürəyim istəyən arzuları həyata keçirməyi sevirəm. Maşın sürmək kimi. Bu, əvvəlcə bir istək idi, amma indi tələbata çevrilib. Maşın olmasa, işə gedib gəlməyim çətin olar yəqin ki. Bu il sürücülük fəaliyyətimin 10 ili oldu. Zarafat deyil, cəriməsiz idarə edirəm indiyə qədər. Qadın sürücü olmağıma baxmayaraq yol polisləri də qanunauyğun hərəkət eliyiblər hər zaman. Qadınlar hər işdə olduğu kimi rul arxasında oturanda da haqlı haqsız güzəşt istəyirlər axı...
- 25 ildir müəllim işləyirsiniz, neçə-neçə şagirdinizin həyatda öz yerini tapmasında, vətənə, xalqa layiqli övlad kimi yetişməsində əvəzsiz rolunuz var. Heç olubmu ki, yüksək vəzifədə işləyən şagirdlərinizin qəbul otağında gözləyəsiniz?
--Hər birimizin fərqli həyat tərzimiz var. Və təbii ki, işlə əlaqədar müəyyən yerlərə yolumuz düşür. Amma hansısa bir şagirdimin orda işlədiyini bilib getməmişəm. Bir hadisə heç yadımdan çıxmır. İşlə bağlı bir idarəyə getmişdim. Həm də tələsirdim. Mənə lazım olan otağı axtarırdım. Birdən qapıdan birinin ayağa qalxıb mənə sarı gəldiyini gördüm. Orada çox adam vardı. Əksəriyyəti onu gözləyirid. O, isə : "Müəlliməmlə görüşüm sonra " dedi. Nə qədər kövrəldim,qəlbim qürur hissi ilə döyündü.. "Müəlliməmin sayəsində bu yerdəyəm" - ifadəsi hələ qulaqlarımdadır. Bir müəllim üçün bundan böyük xoşbəxtlik ola bilməzdi.
--Məktəbdə məsuliyyətli bir
vəzifədəsiniz. Bu, müəllimlik fəaliyyətinizə mane olmur ki?
--Qətiyyən. Əksinə, idarəetmədə olduğum üçün bütün pedaqoji prosesə nəzarət edə bilirəm. Müəllimlik mənə zövq verir. Dərslərimi müasir tələblər səviyyəsində qururam. İş metodum rayon müəllimləri arasında yayılıb. Şagirdlərimə verdiyim bilik daim onların əlindən tutur, yüksək nəticələr göstərməyə səbəb olur. Onların fənn olimpiadalarında, bilik yarışlarında, buraxılış, eləcə də qəbul imtahanlarında yüksək nəticələr göstərməsi buna sübutdur.
--Şagirdləriniz arasında yolunu zu davam etdirənlər varmı? Ümumiyyətlə, qızların təhsilə münasibəti necədir?
--Vallah, desəm inanmazsınız. Hansı sinifdə dərs deyirəmsə qulağıma çatır ki, gərək Məhbubə müəllim kimi müəllim olum - deyiblər. Keçən il iki qız məzunumuz Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul oldu. Bu, bizim üçün böyük fərəhdir.
Bu, bir kənd məktəbi üçün böyük göstəricidir. Qızlarımızı maarifləndiririk ki, təhsil hər bir gəncin əsas istəyi, amalı olmalıdır. Təhsilli olmaq qızlar üçün daha maraqlı olmalıdır ki, arzular puç olmasın. Çünki savadsızlıq, erkən yaşda ailə qurmaq puç olan arzular deməkdir.
Nə gizlədim, qızlarımız  əvvəlki illərdə  dərsdən çox  yayınırdılar. Belə olan halda mən hər zaman örnək olmuşam. Valideynlərlə söhbət aparırdım. Məni anlamaq istəməyənlər də çox olurdu. Lakin maarifləndirmə işi apardığım valideynlər, qız övladı olanlar "Məhbubə müəllim ordadırsa ürəyimiz rahatdır" deyirdilər. Qabaqlar məzunlar məktəbi bitirən vaxt şəkil çəkdirmək üçün rayon mərkəzinə gedirdilər. Bu zaman qızları uzağa göndərməkdə valideynlər tərəddüd edirdilər. Hər zaman yanlarında mən olduğum üçün məsələ rahatlıqla həll olunurdu. İxtisasım üzrə 9 filoloq (bəziləri işləməsə belə) qızı yetişdirməyim mənim ən böyük nailiyyətimdir.
- Şeir yazırsınızmı?
-Hələ orta məktəbdə oxuyanda elə düşünürdüm ki, bütün ədəbiyyat müəllimləri şeir yazır və yazmalıdır. Ona görə sizin suala belə cavab verə bilərəm ki, şeirə, sənətə marağım həmişə güclü olub. Arada sırada “sandıq şeirləri” yazıram. Mənsur şeir həm oxumaq,həm də yazmaq xoşuma gəlir. Sanki özümü tapıram mənsur şeirdə. Universitet illərində kiçik bir şeiri Gülhüseyn müəllimə göstərdim. ”Alınır” - demişdi mənə. Kiçik bir məqaləm  “Azərbaycan pioneri” qəzetində dərc olunanda necə sevinmişdim. Təsəvvür edin, bütün məktəb məndən danışırdı. Sonralar yazılarım Masallıda çıxan “Çağırış” qızetində vaxtaşırı dərc olunurdu. Rayonumuzda şair Məmməd Kazımın redaktoru və təsisçisi olduğu  ”Qala” ədəbiyyat qəzetində ədəbi fəaliyyətim mənim həyatımın ən gözəl anlarındandır. İndi də mətbuatda “Dilimizin sağlığını qoruyaq” mövzusunda silsilə yazılarım dərc olunur.
-Yeni təlim metodlarından necə istifadə edirsiniz?
-Dərslərimi hər zaman yeni təlim metodu ilə keçirəm. Təhsilə yeni baxış tələb olunan müasir dövrdə müəllim də yeni təlim texnologiyalarından istifadə etməyi bacarmalıdır. Ümummilli lider H.Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş "Təhsildə interaktiv texnologiyalar - 2014" müsabiqəsində iştirakım fəaliyyətimə bir stimul oldu. Hər tədris ilində iki dəfə ulu öndərin xatirəsinə "Heydər Əliyev və Azərbaycan dili " dərsləri həsr edirəm.Böyük liderin göstərişləri bizə ruh yüksəkliyi verir.
2018-ci il iyunda "Təhsildə keyfiyyət ili " çərçivəsində Bakı şəhəri 132/134 № li Təhsil Kompleksində "Azərbaycan dili fənninin tədrisində yeni təlim texnologiyalarının tətbiqi" mövzusunda " Pedaqoji mühazirələr"də iştirak etdim. Bu tədbir müəllimlərin pedaqoji təcrübəsini yaymaq və ondan faydalanmaq baxımından böyük əhəmiyyət daşıyırdı.
-Həm də təlimçisiniz
Pedaqoji fəaliyyətimdə ürəyimə yatan, məni sevindirən, fərəhləndirən iş TİPİİ-də imtahan verib təlimçi kimi fəaliiyətə başlamağım oldu. Noyabr ayında Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün təşkil olunmuş ixtisasartırma kursunda təlimçi oldum. Çox gözəl və faydalı işdir. Həm öyrədirsən, həm öyrənirsən. Müdavimlərimi imtahanqabağı bir araya topladım, keçdiklərimizi təkrar etdirdim ki, müvəffəqiyyət qazansınlar, nəticələri yaxşı olsun. Necə olmasa da ilk işim olaraq mənim adım vardı üstündə.
-İKT bacarıqlarınız necədir?
Ümumiyyətlə, yeniliyə açığam. Daim axtarış aparıram:necə eləyək şagird dərsi daha rahat mənimsəyə bilsin.
Hər bir müəllimin bilməsi vacib olan bütün İKT bacarıqlarına sahibəm.(Təvazökarlıqdan uzaq olsa da) DQ-dən yüksək nəticə göstərdiyim üçün ətraf məktəblərin Azərbaycan dili və ədəbiyyatı müəllimləri Açıq dərsimdə iştirak etdilər. Bu,işimə məsuliyyətimi daha da artırır. Hər zaman öyrənməyi xoşlayıram.
.."MİMİO XI İnteraktiv lövhə ilə tədris" mövzusunda kursu, eyni zamanda İntel "Gələcək üçün Təhsil", ixtisasartırma,kurikulumun tətbiqi üzrə kursları, kompüter kurslarını müvəffəqiyyətlə bitirmişəm.
“Həmkardan həmkara dəstək” təliminin mənim həyatımda başqa rolu vardır. Layihəmi təqdim edərkən müəllim mənə “Bariton səsiniz var, sizdən yaxşı təlimçi çıxar” - dedi. Əslində bunu bilirəm. Müəllimin diqqəti məni çox sevindirmişdi. Və həmin an yadıma bir şey düşdü - orta məktəbin 8-ci sinfində oxuyanda Səməd Vurğun əsərlərinin bədii qiraəti üzrə respublika müsabiqəsində iştirak etməyim və 3-cü yeri qazanmağım. Aldığım diplomu hələ saxlayıram.
-İndi deyə bilirsinizmi  “Nə yaxşı müəllim oldum” ?
-Əlbəttə, deyə bilirəm.Həm də ürək dolusu. Nə yaxşı şagirdlərim varımdır -deyə bilirəm həm də.Şagirdlərim həyatda olmazsa olmaz dediklərimdəndir.
-Ailəniz haqqında ...
-Hər şey zamana baxsa da, zaman heç nəyə baxmır, necə deyərlər, su kimi axıb gedir, tutub saxlamaq olmur. Ailə qurmağa bir qədər gec qalsam da, Allah qismətimi qarşıma çıxardı. Bütün həyatını məktəbə, təhsilə həsr edən biri kimi deyə bilərəm ki, ailədə daha bir müəllim olarsa, insan daha məsuliyyətli, daha güvənli olur, münasibətlər daha anlaşıqlı, səmimi olur. Mən anadan olduğum kənddən, oxuduğum məktəbdən ayrıla bilmirəm, pedaqoji fəaliyyətimə ilk başladığım məktəbdə çalışıram indi də. İlham müəllim də ayrı bir məktəbin direktorudur. Hərdən zarafata salıb deyirəm ki, qadın kişidən bir pillə aşağı olsa yaxşıdır.
-Orta məktəb müəllimlərindən sizin üçün unudulmaz müəllim olaraq kimi xatırlayırsınız ?
-Bütün müəllimlərim əziz olub, hamısı xətrimi istəyib. Əla oxuyurdum axı, sinif nümayəndəsi idim, necə deyərlər, müəllimlərin başının tacı idim.Riyaziyyatı əla bilirdim. Amma xətrini dünyalar qədər istədiyim ədəbiyyat müəllimim Əvəz müəllim məhz istədi ki, mən də filoloq olum.Məsləyimdən, işimdən razıyam. Buna görə əziz müəllimimə minnətdaram məni düzgün yönləndirdiyi üçün.
Konfranslarda, seminarlarda,təlimlərdə,forumlarda daha çox iştirak etmək istəytirəm, imkan olan kimi belə tədbirləri qaçırmıram. Bu yaxında jurnalist Şahin Sərdarlının öz əmək haqqı hesabına Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə hısr etdiyi “Mübariz İbrahimov-qəhrəmanlıq nümunəsi” adlı müsabiqədə iştirakım mənim üçün qürurverici bir hadisə oldu.
...Bəli, Məhbubə müəılimə gözünün nurunu ürəyinin hərarətini şagirdlərinə, onların təhsilinə həsr edib. Heç bir ad təltif barədə düşünmədən.Amma insan onun zəhmətinə verilən dəyəri gördükcə daha da gördüyü işə möhkəm yapışır can yandırlr. Ümid bəsləyirəm ki, fədakar müəllimənin işi Dövlət tərəfindən layiqincə qiymətləndiriləcək.

Şərafəddin İlkin,
Şair, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü.

MÜQƏDDƏS PEŞƏ SAHİBİ

Oxunub: 1 085
Oxşar xəbərlər
SON XƏBƏRLƏR