dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanın ilk hərbçi tele-operatoru, sabiq döyüşçü Seyidağa Mövsümlü dünyasın dəyişdi

Azərbaycanın ilk hərbçi tele-operatoru, sabiq döyüşçü Seyidağa Mövsümlü dünyasın dəyişdi
Son vaxtlar ayrılıq, ölüm-itim halları adiləşib: Bəlkə də çoxlarının fərqinə varmadığı dəhşətli aylar, illərin şahidiyik. Bir ucdan itirə-itirə gedirik. Belə qəfil ölümlərin içərisində içimi ən çox yandıran ölümlərdən biri Azərbaycanın ilk hərbi tele-operatoru, ehtiyatda olan polkovnik-leytenant Seyidağa Mövsümlünün ölümü oldu. Biz onunla ağır, məşəqqətli bir yol keçmişdik, elə günlər olmuşdu ki, son tikə çörəyi iki yerə bölmüşdük. Mən, 1990-1994-cü illərdə bu insanla qonşuluqda yaşamışdım, bir-birimizə sədaqətli olmuşduq.Seyidağa müəllimin yaxşı yol yoldaşlığı, gözəl süfrə mədəniyyəti vardı. S.Mövsümlü Azərbaycan Milli Azadlıq hərəkatının fəallarından idi.Haqsızlığa qarşı çox barışmaz idi.
Mən, 1991-1993-cü illərdə “Səhər”gündəlik informasiya qəzetinin Qarabağ bölgəsi üzrə müxbiri, 1993-1995-ci illərdə Müdafiə Nazirliyinin mətbu orqanı- “Azərbaycan Ordusu” qəzeti redaksiyasının müxbiri kimi çalışmışam.Seyidağa o zaman Azərbaycan Dövlət Tele-Radio Şirkətində çalışırdı. 1954-cü ilin avqustunda anadan olmuş bu qeyrətli Vətən oğlu 1991-ci ilin oktyabr ayında rahat iş-gücünü ataraq Binəqədi rayon Hərbi Komissarlığına gəldi, ərizə yazaraq yenicə bərpa edilən Azərbaycan Ordusunun ilk hərbi hissəsinin(18110) ilk Taborunun ilk bölük komandiri kimi fəaliyyət göstərdi. Seyidağa müəllim həmin il dekabrın 19-da hazırda Xocalı rayonunun tabeçiliyində olan Kərkicahan qəsəbəsinin müdafiəsi zamanı yaralandı. Onu vertolyotla Bakıya, Respublika Elmi-Tədqiqat Travmatologiya İnstitutuna gətirdilər. Mən mütəmadi olaraq S.Mövsümlüyə və onunla birlikdə müalicə alan oğullara baş çəkirdim. Ordu yenicə bərpa edildiyinə görə ixtisaslı kadrlara çox ciddi ehtiyac vardı. O zaman Respublika Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan polkovnik Ramiz Məlikov( şair Ramiz Duyğun) məndən xahiş etdi ki, Seyidağa ilə görüşmək istəyirəm. Dedi, ona de, istəyirik Seyidağa Nazirliyin ilk hərbi tele-operatoru kimi hərbi xidmətini davam etdirsin.Mən, Seyidağa müəllimlə danışdım, az sonra tanınmış hərbçi həkim və jurnalist Ramiz Məlikov onunla görüşdü. Beləliklə də, 1992-ci ilin 19 fevralından etibarən S.Mövsümlü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ilk hərbi tele-operatoru kimi hərbi xidmətini davam etdirdi.Məhz S.Mövsümlünün rəhbərliyi altında Müdafiə Nazirliyinin sənədli filmlər kino-telestudiyası yaradıldı. Bu Studiyanın işgüzar kollektivinin birgə səyləri nəticəsində hərbi hissə və taborlarda çəkilişlər aparıldı, Azərbaycan Televiziyasında “And”proqramı hazırlandı.
Biz, onunla birgə 20 yanvar faciəsini, Xocalı soyqırımını, Laçın, Şuşa ağrılarını birgə yaşadıq.Seyidağa, Xocalı soyqırımını videolentin yaddaşına köçürən ilk tele-operator kimi tarixə düşdü.Mən də hadisə yerindəydim.Ağdamın qeyrətli övladlarının, o cümlədən də bölgədə xidmət aparan digər könüllülərin sayəsində Xocalı soyqırımı zamanı əl-ayaqlarını don vuranları, meyidləri çıxardıq.Yaralıların xəstəxanalarda yerləşməsini təşkil etdik.Yaralı və meyidlərin çıxarılmasında müstəsna xidməti olan, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Allahverdi Bağırovun iş otağındaydıq. A.Bağırov, erməni tərəflə danışıqlara gedərək, Əsgəran yaxınlığındakı meyidlərin çıxarılmasını razılaşdırdı.Çəkilişə 1 nəfər gedə bilərdi.Xahiş etdim ki, subayam, 7 qardaş, 2 bacıyıq, izn verin, mən gedim.Seyidağa müəllim razı olmadı.Dedi, Şamil subaydır, ancaq mənim 2 övladım var, mən gedəcəyəm.Qərar qəbul edərkən Seyidağanı seçdilər.Onlar A.Bağırovun rəhbərliyi altında və milliyətcə erməni olan Əsgəran Taborunun komandiri, hazırda Ermənistan Silahlı Qüvvələrində mühüm vəzifə tutan Vitaliy Balasanyanla birgə ön xəttə yollandılar.O zaman A.Bağırovun əyləşdiyi “UAZ-469”markalı maşını Ağdamın ürəkli oğullarından biri, “Fidel Kastro” ləqəbilə məşhur olan Zahid Qarayev idarə edirdi. Səhv etmirəmsə, məşhur döyüşçü Elman və “Qarabala”ləqəbilə məşhur olan döyüşçü də girovların prosesində iştirak edirdi. A.Bağırov görüşdə Seyidağa müəllimi öz əsgəri kimi təqdim edir.S.Mövsümlü o dəhşətli kadrları çəkərkən şəkər xəstəliyinə tutuldu...
Hər dəfə Seyidağa müəllimgilin yaşadığı evə baş çəkərkən mənə ata və böyük qardaş,əsl dost nəvazişi göstərərdi.O zaman anası, hamımızın sevimlimiz Tovuz müəllimə də sağ idi.Nələr danışardıq, nələr...
Şuşa yenicə işğal edilmiş, Laçın da o ərəfədəydi.Siyasi oyunlar ucbatından indi ləyaqətli oğulları itirdiyimiz kimi, o zaman da torpaqları və qeyrətli insanları itirə-itirə gedirdik.Şuşadan çıxarılan, hazırda Laçında olan azərbaycanlı döyüşçüləri burdan da çıxarmaq istəyirdilər. Əsgərlər həyəcan içindəydi.Bu zaman mərhum Seymur Şirinovun işlətdiyi “Yanacaqdoldurma”məntəqəsinin yanında ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən operator Çingiz Mustafayev zabit və əsgərləri acıladı. Hətta ağır bir söyüş də işlətdi.Əsgərlərdən biri (səhv etmirəmsə tovuzlu Vəlixan) əlində tutduğu avtomat silahı Çingizin qarnına dirədi, atəş açmağa hazırlaşanda Seyidağa müəllimlə birgə araya girdik, həmin döyüşçünü fikrindən yayındırdıq.Ancaq, bu, hər ikimizin həyatımız bahasına başa gələ bilərdi.
Məni ən çox narahat edən onun son 1 il ərzində onkoloji xəstəliyə tutulması və müalicə məqsədilə Türkiyəyə yollanmaması oldu.Hətta, bu barədə hazırda Silahlı Qüvvələrdə hərbi xidmətdə olan oğlu Elnurla da söhbət apardım.Əmin idim ki, istər Heydər Əliyev Fondunun, istərsə də Respublika Müdafiə Nazirliyinin rəhbərliyi cəsur döyüşçü, canlı ensiklopediya olan Seyidağa Mövsümlünün müayinə və müalicəsini öz üzərinə götürəcək.Təəssüf ki, Seyidağa müəllim bütün imkanları rədd etdi, Azərbaycanda qalmaq, burdakı həkimlərin müalicəsiylə yaşamaq fikrində olduğunu bildirdi.
26 iyun-Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümüdür.Bu ərəfədə, dəqiq desəm, 25-i gecə saatlarında çox ağır bir xəbər eşitdim: Hərbçi tele-operator, II dərəcəli müharibə əlili Seyidağa Mirfəyyaz oğlu Mövsümlü dünyasın dəyişib. Ordumuzun 100 illik yubileyinin qeyd olunduğu saatlarda sabiq döyüşçü, ehtiyatda olan polkovnik-leytenant Seyidağa Mövsümlü Bakının Buzovna qəsəbəsindəki qəbristanlıqda dəfn ediləcək.
Xocalıdan məcburi köçkün, şair İmarət Cəmilli operator S.Mövsümlüyə həsr etdiyi şeirində yazırdı: Dağ başında bir qartaldı Seyidağa Mövsümlü!
Təəəssüflər olsun ki, qartal baxışlı, Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarının iştirakçısı, əslində “Azərbaycanın Milli Qəhrəmanı”hökmündə olan Seyidağa Mövsümlü biganəliyin, etinasızlığın qurbanı oldu.
Ruhu şad, məkanı cənnət olsun.Amin.
P.S. Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondu, “Xocalı Soyqırımını Tanıtma”, “Yeni Yurd” Sosial İnkişaf, “Qürur”Şəhid Ailələri Xeyriyyə, “Sosial Rifah və Tədqiqatlar” ictimai birliklərinin, 20 Yanvar Cəmiyyətinin üzvləri adından, habelə, “fact-info.az”, “miq.az”, “xebertv.az” saytlarının rəhbərlərinin adından cəsur döyüşçü, canlı qəhrəman Seyidağa Mövsümlünün vaxtsız və faciəli surətdə vəfatından kədərləndiyimizi bildirir, mərhumun bütün doğmalarına dərin hüznlə başsağlığı verirəm.

Şamil Sabiroğlu,
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri

Azərbaycanın ilk hərbçi tele-operatoru, sabiq döyüşçü Seyidağa Mövsümlü dünyasın dəyişdi

Oxunub: 936
Oxşar xəbərlər
SON XƏBƏRLƏR