dini radikalizm və ekstremizmlə mübarizə

Məqsədimiz Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinə töhvə verməkdir

Məqsədimiz Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinə töhvə verməkdir
Könül Məmmədzadə: "Diaspora işində cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində çox yüksək nəticələr əldə olunub"

Son illərdə diaspor sahəsində görülən işlərdə bir dinamiklik, inkişaf özünü göstərir. Yeni-yeni diaspor təşkilatlarının yaradılması, müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Koordinasiya Şuralarında birləşdirilməsi aparılan ümumi işin xeyrinə olur. Sevindirici odur ki, hər bir yeni yaradılan təşkilata da yüksək səviyyədə diqqət göstərilir, onların fəaliyyətinə stimul verilir. Bir müddət əvvəl təsis edilmiş Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı (BDAT) da məhz belə təşkilatlardandır. Türkiyədə rəsmi qeydiyyatdan keçmiş BDAT-ın artıq Azərbaycanda nümayəndəliyi də yaradılıb. Biz də "OLAYLAR" olaraq Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri, təşkilatın birinci vitse-prezidenti Könül Məmmədzadə ilə təmsil etdiyi qurumun yaranma səbəbi, qarşısına qoyduğu məqsədlər, eləcə də gələcək fəaliyyət istiqamətləri ilə bağlı söhbətləşdik. Könül Məmmədzadə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən də danışdı.

-Könül xanım, bir müddət əvvəl Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı (BDAT) adlı qurum yaradıldı və bildiyimiz qədər Siz də həmin təşkilatın Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri və eyni zamanda birinci vitse-prezidentisiniz. Ümumiyyətlə, diaspor fəaliyyəti ilə məşğul olan Dövlət Komitəsi, eyni zamanda çoxsaylı diaspor təşkilatları mövcud olduğu halda BDAT-ın yaradılması hansı zərurətdən meydana gəldi?

-Əvvəla onu qeyd edim ki, diaspor fəaliyyəti bir könül işidir və burada könüllülük prinsipi əsasdır. Məsələyə bu aspektdən yanaşsaq, ürəyində Azərbaycan sevgisi, Azərbaycan istəyi, onun haqq səsinin dünyaya çatdırılması məramı olan istənilən şəxsin diaspor fəaliyyətinə qoşulması normaldır və alqışlanmalıdır. Biz də məhz bu məram və məqsədlərdən, eyni zamanda sevgidən dolayı yola çıxmışıq və nəticə etibarilə Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatını yaratdıq. Diaspor fəaliyyəti ilə məşğul olan dövlət qurumu və çoxsaylı diaspor təşkilatlarının mövcudluğuna gəlincə, bu hal əlbəttə ki, bizi sevindirir, məmnun edir. Ancaq eyni zamanda hesab edirik ki, nə qədər çox diaspor təşkilatı, cəmiyyəti, mərkəzləri olsa? bizim səsimiz bir o qədər gur çıxar və hər kəs bizi eşidər. Ona görə də yeni-yeni diaspor təşkilatlarının yaradılmasını normal qəbul edirəm və görünən odur ki, bu proses sırf Azərbaycanın maraqlarına xidmət edir. Onu da qeyd edim ki, biz diaspor sahəsində yeni deyilik. Cəmiyyətin mütləq əksəriyyətinə bəllidir ki, uzun illərdir bu işlə məşğul oluruq. Sadəcə BDAT-ı yaratmaqla bu işi, prosesi, Azərbaycanın səsinin dünyaya daha çox çatdırılmasını sürətləndirməyi qarşıya məqsəd qoymuşuq. Məlumat üçün qeyd edim ki, Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı uzun müddət Təşəbbüs Qrupu olaraq fəaliyyət göstərirdi. Bu müddət ərzində bir çox dövlətlərdə təşkilatın koordinatorluqları yaranıb. Bununla biz təşkilat olaraq fəaliyyətimizi daha da genişləndirməyə çallşırıq . Belə ki, Azərbaycan təqvimində önəmli günlərin yüksək səviyyədə qeyd olunması məqsədilə geniş miqyaslı tədbirlər , görüşlər keçirilir. Ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımız bir ortama gətirilməklə yanaşı, başqa millətlərin də nümayənələri Azərbaycan həqiqətləri ilə tanış edilir. Artıq BDAT Türkiyə dövlətində rəsmi qeydiyyatdan keçdi . Bu münasibətlə Beynəlxalq Mətbuat Mərkəzində təşkilatın təqdimat mərasimi keçirildi . Təşkilatın əsas məqsədi qeyd etdiyim kimi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda dövlətimizə dəstək olmaqdır . Eyni zamanda Azərbaycanın tarixi, ədəbiyyatı, milli adət-ənənələri, milli mətbəxini, dünyada bacardığımız qədər tanıtmaq əsas hədəflərimizdəndir. Ümumiyyətlə düşünürəm ki, bu gün belə bir təşkilata ehtiyac var . Bir sözlə belə bir təşkilatın yaranmasında əsas məqsəd dövlətimiz və dövlətçiliyimizə, aparılan uğurlu siyasətə dəstək olmaq, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinə töhvə verməkdir. Bir haşiyə çıxım ki, bu gün biz dövlət olaraq düşünüləndən daha çox güclü dövlətik.

-Təşkilat olaraq bu gün diaspor sahəsində görülən işlər, atılan addımları necə dəyərləndirirsiniz?

-Diaspora işində Cənab Ilham Əliyevin yürütdüyü siyasət nəticəsində çox yüksək nəticələr əldə olunub və müsbət tendensiya davam etməkdədir. Bizi ən çox sevindirən hallardan biri və ən önəmlisi də Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə məhz Fuad Muradov kimi savadlı və bacarıqlı birinin gətirilməsi oldu.

-Məlum olduğu kimi Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatı Türkiyədə rəsmi qeydiyyatdan keçib. Təşkilatın fəaliyyətini Türkiyə üzərindən həyata keçirmək bir qədər çətin olmayacaq?



-BDAT beynəlxalq təşkilat olduğu üçün Türkiyədə qeydiyyatdan keçdi .Nəzərinizə çatdırım ki, əsas fəaliyyətin qeydiyyatdan keçən dövlətlə hər hansı bir məcburiyyəti yoxdur. Adından da göründüyü kimi məqsəd dünyada yaşayan azərbaycanlıların millət olaraq bir arada olmasıdır . Bütün azərbaycanlıların vətəni, beşiyi Azərbaycan olduğu üçün düşünürəm ki, əsas fəaliyyət Azərbaycan üzərindən olacaq . Təbii ki, yaranan koordinatorluqların hər biri fəaliyyətini, layihələrini yenə də Azərbaycan üzərindən edəcəklər .

-Bəs Türkiyənin özündə belə bir təşkilatın yaradılması necə qarşılandı?



-Türkiyə bizim qardaş ölkədir . Ona görə də təbii ki, belə bir təşkilatın yaradılması çox yüksək səviyyədə qarşılandı. Hər halda bilirsiniz ki, belə bir təşkilatın qediyyatdan keçməsi heç də asan deyil və Türkiyə bizə qardaş ölkə olmasaydı biz BDAT-ı orada qeydiyyatdan keçirmək barədə düşünməzdik. Eyni zamanda qardaş ölkənin bu sahədəki təcrübələrindən yararlanmaqda fayda olduğunu düşünürəm .

-Bəs BDAT olaraq Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlığınız necə qurulacaq?

-Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Azərbaycanda nümayəndəliyinin rəhbərliyi olaraq Diasporla iş üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq edəcəyik . Bu bizim üçün mütləqdir . Məlumat üçün qeyd edim ki, təşkilatın rəhbərliyi Azərbaycanda Diasporla İş üzrə Dövlət Komtəsinin Türkiyə dərnəklər masasının rəhbərliyi ilə görüş keçirib. Görüş yüksək səviyyədə baş tutub. Yaxın günlərdə təşkilatın Azərbaycan nümayəndəliyi olaraq mən də Diasporla İş üzrə Dövlət Komitəsini ziyarət edəcəm.

.
-Ümumiyyətlə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında ortada olan fəaliyyətləri, görülən işləri necə dəyərləndirirsiniz?

-Bu gün Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində Heydər Əliyev Fondunun, Fondun prezidenti, birinci vitse-prezidetI Mehriban xanım Əliyevanın rolu da danılmazdır. Mehriban xanım ölkə hüdudlarından kənarda təşkil olunan tədbirlərdə Azərbaycan həqiqətlərini dünya birliyinə yüksək səviyyədə çatdırır, Azərbaycan mədəni irsinin tanıdılması istiqamətində davamlı işlər görür. Bütün bunlar dünyada yaşayan azərbaycanlıların vahid mövqedə olmasını şərtləndirir. Onu da diqqətinizə çatdırım ki, Heydər Əliyev Fonunun vitse-prezidenti Leyla Əliyeva da bu istiqamətdə fəal iş yürüdür. Leyla xanımın Rusiyada, eləcə də digər Avropa ölkələrində həyata keçirdiyi layihələr hamılıqla bəyənilir. Biz yeni qurum olaraq digər təşkilatlardan fərqli strategiya və layihələr həyata keçirmək niyyətindəyik. Diaspora sahəsində görülən işləri, dünyada yaşayan soydaşlarımıza həyata keçirilən bu siyasətin düzgün, dəqiq və eyni zamanda dolğun olduğunu çatdırmaq istəyirik. Hər bir azərbaycanlı bilməlidir ki, Azərbaycan dövləti öz soydaşına qarşı xüsusi diqqət göstərir. Bu diqqət daimidir, əbədidir. Bir müddət öncə prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Qurultayında belə bir fikir söyləmişdi. Dövlət başçısı qeyd etmişdi ki, xaricdə yaşayan soydaşlarımız lobbiçilik işləri ilə məşğul olmalı,yaşadığı ölkənin dövlət qurumları ilə sıx münasibət qurmalıdır.Biz də fəaliyyətimizdə bu kimi məsələləri rəhbər tutacağıq.

Oxunub: 618
Oxşar xəbərlər
SON XƏBƏRLƏR